Məhkəmə qərarları › İş №2(105)-351/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-351/2024

29.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-351/2024 29.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Abdullayev Vaqı̇ f Qədı̇ r oğlunun Cavabdeh Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı mülki iş üzrə (Açar sözlər: suların axıdılması xidmətlərinə görə yaranmış borcun silinməsi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Abdullayev Vaqı̇ f Qədı̇ r oğlunun Cavabdeh Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(060)-5786/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona məxsus ünvan 1 ünvanına xidmətlərdən istifadəyə görə əsassız olaraq hesablanmış 439.51 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1-də ailə üzvləri ilə birlikdə 2021-ci ildən yaşayır. İşləri ilə əlaqədar olaraq və ona məxsus olan fərdi yaşayış evinin tam hazır olmaması səbəbindən 2021-ci ilədək ailə üzvləri ilə birlikdə Bərdə rayonunun Köbər kəndində yaşamışdır. Cavabdehin Sumqayıt Sukanal İdarəsinin nümayəndələri tərəfindən 439.51 manat ödənilməmiş borcu olduğu bildirilmişdir. Hazırki halda cavabdeh təşkilatın müəyyən etdiyi bu məbləğ qanunsuz və əsassızdır.

3. Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Asvalt zavod ərazisi, ev 392-də Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin abonent bazasında abonent kimi xx.xx.2013-cü il tarixdən İddiaçı adına bağlanmış müqavilə (№ ********) ilə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunur. Hal-hazırda həmin ünvanın su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 447.21 manat borcu qalmışdır. Qeyd olunan ünvanda xx.xx.2013-cü il tarixdə kod açılaraq 2015-ci ilin may ayının 1-dək 1 nəfər ailə tərkibinə görə, 2015-ci ilin may ayının 1-dən 4 nəfər ailə tərkibinə görə, 2016-cı ilin oktyabrın 1-dən 1 nəfər ailə tərkibinə görə, 2023-cü ilin mart ayından isə 2 nəfər ailə tərkibinə görə normativ qaydada hesabat aparılmışdır. Qeyd olunan ünvanda 2017-ci ilin iyun ayından kanalizasiya xidmətinə görə hesabat aparılmır.

5. Sumqayıt Bələdiyyəsi “Ceyranbatan1” 1 saylı Məhəllə Komitəsinin 1028 №-li arayışından görünür ki, cavabdeh İddiaçı 2021-ci ildən Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Asvaltzavod ərazisində yaşayır.

6. Abonent kartının surətindən görünür ki, ünvan 2 ünvanına dair suyun verilməsinə dair xidmət göstərilməsi barədə Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli müqavilə bağlanılmış, müqavilənin nömrəsi 30695212, abonentin adı İddiaçı olduğu qeyd olunmuşdur.

7. Abonent saldosundan görünür ki, abonent 2013-cü ildən 2020-ci ilədək dövr ərzində 2014-cü ildə 30 manat, 2017-ci ildə isə 15 manat ödəniş etmişdir.

8. Dörd nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə 2021-ci ildən Ceyranbatan qəsəbəsi, Asvaltzavod ərazisi fərdi ev 392-də yaşayırlar.

9. Cavabdehin nümayəndəsinin verdiyi etiraz ərizəsində olan abonentin illər üzrə hesabat cədvəlindən görünür ki, abonentin borcunun 309.5 manat hissəsi 2013-cü ildən 2021-ci ilədək olan dövrü əhatə etməklə normativ qaydada hesablanmışdır.

10. Xəbərdarlıq məktubundan görünür ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardar edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsindəki icraat

11. Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(060)- 5786/2023 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddianın qismən təmin edilməsi, Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanına aid İddiaçı adına olan **********000 saylı abonent koduna hesablanmış 309.5 manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsinə görə 30 manat dövlət rüsumunun Cavabdeh ASCdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1 və 448.2-ci maddələri, “Su təchizatı və tullantı suları haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 5.2 və 5.3-cü maddələri, “X5”nın 4.1.3, 2.1.5, 7.2 və 7.4-cü bəndləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 77.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

13. Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(060)- 5786/2023 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddia tələbinin rədd edilməsi və ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə iddiaçıya məxsus ünvan 3 ünvanına hesablanmış borcun 2013-2021-ci illərdə yaşayış olmadığı halda hesablandığından, lakin iddiaçıya məxsus ünvanda 2021-ci ildən sonra yaşayış olduğundan əsassız hesablanmış 309,50 manat məbləğində borcun silinməsini məqbul hesab etmişdir. Hesab edir ki, məhkəmə iş üzrə düzgün qətnamə qəbul etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materialarından göründüyü kimi ünvanda xx.xx.2013-cü il tarixdən İddiaçı adına bağlanmış müqavilə ilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə olunmuşdur. Ünvanda kod açılan tarixdən 2015-ci ilin may ayının 1-dək 1 nəfər ailə tərkibinə görə, 2015-ci ilin may ayının 1-dən 4 nəfər ailə tərkibinə görə, 2016-cı ilin oktyabrın 1-dən 1 nəfər ailə tərkibinə görə, 2023-cü ilin mart ayından isə 2 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. İddiaçı tərəfindən illər üzrə 2014-cü ildə 30 manat, 2017-ci ildə isə 15 manat ödəniş aparılmışdır. Məhkəmə iddiaçı tərəfindən illər üzrə ünvanda yaşayış olmaması barədə arayışın cavabdehə təqdim olunmamasını nəzərə almayaraq hesablanmış borcu əsassız hesab etmiş və iddianı qismən təmin etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

17. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

19. "Su təchizatı və tullantı suları haqqında" Qanun: 5.2-ci maddə. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. 5.3-cü maddə. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”: 4.1.3-cü bənd. Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. 2.1.5-ci bənd. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smartkart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifəsidir. 7.4-cü bənd. Əhali qrupuna aid olan istehlakçılara su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətisizlik) üçün məsuliyyət daşıyır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.

24. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçının ünvanına sayğac xx.xx.2013-cü il tarixdə quraşdırılmışdır. Ceyranbatan qəsəbəsi, Asvaltzavod ərazisi fərdi ev 392 ünvanına 2013-cü ildən 2023-cü il tarixədək normativ qaydada borc hesablanmışdır. Cavabdeh 2021-ci ildən hazıradək həmin ünvanda yaşayır. Abonentin 447.21 manat borcu mövcuddur. Onun 309.5 manat hissəsi 2013-cü ildən 2021-ci ilədək normativ qaydada hesablanmışdır.

26. Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanına aid İddiaçı adına olan **********000 saylı abonent koduna hesablanmış 309.5 manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsinə görə 30 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

27. Məhkəmə hesab etmişdir ki, iddia, iddiaçı istifadə etmədiyi suyun dəyərini ödəmək öhdəliyi daşımadığından onun sözügedən evdə yaşadığı dövrədək hesablanmış borcun silinməsi həcmində əsaslıdır.

28. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının həmin ünvanda 2013-2021ci illərdə yaşaması və orada cavabdehin xidmətlərindən istifadə etməsi işin faktiki halları və sənədlərlə təsdiqini tapmır, eyni zamanda cavabdeh tərəfindən bunun əksinə dəlalət edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, bu evdə (borc yazılan ünvan) yaşayış olmadığı dövrə dair cavabdeh tərəfindən normativ qaydada borcun hesablanması qanuni və əsaslı deyildir.

29. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq cavabdeh apellyasiya şikayəti vermişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

32. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(060)-5786/2023 nömrəli dəyişdirilmədən saxlanmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(060)-5786/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar