Məhkəmə qərarları › İş №2(105)-3520/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3520/2021

21.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3520/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Nazir oğluna və Cavabdeh2 qarşı mülkiyyət hüququnu pozan hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(012)-2389/2021 saylı qətnaməsindən Cavabdeh1 Nazir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(012)-2389/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı evdən çıxarılmaları qət olunmuş, qalan hissədə iddia təmin edilməmişdir. (hakim M.Abbasova) Qətnamədən Cavabdeh1 Nazir oğlu apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddianın tamamilə rədd olunmasını xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı evə dair mülkiyyət hüquqlarını həyata keçirməyə mane olan hərəkətlərə son qoyulması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və cavabdehlərin həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı ev onun mülkiyyətindədir. Cavabdehlə aralarındakı müqavilənin 2.2.5-ci bəndinə əsasən, satıcı əmlakı 30 gün ərzində alıcıya təhvil verməlidir. Lakin cavabdeh hələ də mənzili ona təhvil verməmişdir. Ona məxsus mənzildən cavabdehlərin çıxmasını dəfələrlə tələb etsə də, onlar həmin mənzildən çıxmamış və onun mülkiyyətində olan mənzilində yaşamasına icazə verməmişlər. Cavabdehlər ona məxsus mənzildən çıxmadıqlarından o, yaşayış yerindən məhrum olmuşdur. Hal-hazırda da cavabdehlərin müdaxiləsinə görə o, ailə üzvləri ilə birlikdə həmin mənzilə köçə bilmir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 Nazir oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Belə ki, məhkəmə iclasında o, bildirmişdir ki, iddianı qəbul etmir və onun rədd olunmasını xahiş edir. Qətnamədə isə onun izahatı təhrif edilmişdir. Mübahisəli ev alqı-satqı və ipoteka müqavilələrinə görə iddiaçının mülkiyyətinə keçsə də, kredit ödənişlərini o etmişdir və ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamaqdadır. Aralarında olan razılaşmaya görə, bu mənzil iddiaçının mülkiyyətinə keçsə də, o və ailəsi bu mənzildə yaşamalı idilər. Bir müddət ödənişləri gecikdirdiyinə görə, iddiaçı onlara təzyiq etmək məqsədilə hazırkı iddianı qaldırmışdır. Bu hallara isə düzgün qiymət verilmədiyindən qətnamə iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iddianın tamamilə rədd olunması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayətlə razılaşmadı və onun əsassız olduğundan təmin edilməməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 Nazir oğlu və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 25.01.2019-cu il tarixli, İBO/166 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı – Cavabdeh1, ipoteka saxlayan "xxxx" ASC və alıcı (ipoteka qoyan) – İddiaçı olmaqla, satıcı – Axundov X5 rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı evi 129000 manat müqabilində alıcı (ipoteka qoyan) – İddiaçı satmışdır. Yenə iş materiallarında olan Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş 24.01.2019-cu il tarixli, **********430 saylı ərizədən görünür ki, X1 rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı evin satılmasına etiraz etmir və ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürmüşdür ki, evi heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəkdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı evə xüsusi mülkiyyət hüququ İddiaçı adına 28.01.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası, Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını rəhbər tutaraq hesab edir ki, hazırda həmin hissədə qətnamə apelyasiya baxışının predmeti ola bilməz. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(012)-2389/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 25.01.2019-cu il tarixli, İBO/166 saylı alqı-satqı və ipoteka müqaviləsilə Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı evi 129000 manat müqabilində İddiaçı satmışdır. Bu mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin evin özgəninkiləşdirilməsinə digər cavabdeh X3 notarial qaydada razılıq vermiş, ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürmüşdür ki, evi heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeydşərtsiz tərk edəcəkdir. Hazırda mübahisəli mənzil İddiaçı mülkiyyətindədir və onun adına 28.01.2019-cu il tarixli reyestrdən çıxarış vardır. Hazırda mübahisəli evin mülkiyyətçisi, yəni İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı evə dair mülkiyyət hüquqlarını həyata keçirməyə mane olan hərəkətlərə son qoyulması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və cavabdehlərin həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi hazırda cavabdehlərin yaşadığı mənzil alqı-satqı müqaviləsinə əsasən 25.01.2019-cu il tarixdə 129000 manata İddiaçı satılmışdır və bu müqavilə notarial qaydada təsdiq edilmiş, həmin evə dair alıcının mülkiyyət hüququ qeydə alınmışdır. Lakin daha öncə istinad olunan qanunun normalarına zidd olaraq cavabdehlər artıq özgəninkiləşdirdikləri fərdi yaşayış evini tərk etməmişlər və buna görə də İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçı qeyd edilən evin mülkiyyətçisidir və onun hazırki tələblə çıxış etməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Qeyd olunan Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bu baxımdan İddiaçı mübahisəli ev üzərində mülkiyyət hüququ kənar şəxslərin, hazırki halda isə cavabdehlərin qanunsuz müdaxiləsindən müdafiə edilməlidir. Beləliklə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı ev İddiaçı mülkiyyətində olmaqla, cavabdehlər tərəfindən qanunsuz olaraq istifadə edilməkdədir. Bununla da, iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur və belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən haqlı olmuşdur. Mübahisəli evdə yaşamaq barədə tərəflər arasında razılaşmanın olması barədə cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır, çünki bu halı təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda Cavabdeh1 Nazir oğlu apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmiş, əksinə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və həmin mülahizələr apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(012)-2389/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 Nazir oğlu tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(012)-2389/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 Nazir oğlu tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar