Məhkəmə qərarları › İş №2(105)-353/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-353/2021

23.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-353/2021 23.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 İlyas oğluna, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-921/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-921/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim İlkin Xəlilov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 İlyas oğlunun, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 onlara 3000 manat kompensasiya ödənilməklə, ünvan 2 saylı yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Xaçmaz şəhəri, K.Novruzov küçəsi, 10 saylı ünvanda yerləşən 0.03 ha torpaq sahəsində inşa etdiyi, 2 mərtəbəli, 4 otaqlı ümumi sahəsi 118.20 kv.m olan fərdi yaşayış evi mülkiyyətindədir. Həmin evin mülkiyyətə verilməsinə dair Çıxarış və texniki Pasport mövcuddur. Cavabdehlərdən Cavabdeh2 İlyas oğlu qardaşı, digər cavabdehlər onun ailəsidir. Onlar qeyd olunan ünvanda yerləşən ona məxsus evdə yaşayırlar. Cavabdehlərin Xaçnaz şəhərində ailəsinin bütün üzvlərinin yaxından iştirak və köməyi ilə tikilmiş evi vardır. Hazırda cavabdehlər ilə birlikdə yaşamaq çətinlik, bir mülkiyyətçi kimi öz hüquqlarını həyata keçirilməsinə maneçilik yaradır. Cavabdehlərlə qarşılıqlı razılaşma yolu ilə evdən çıxmaları barədə razılığa gələ bilməmişdir. Sonradan cavabdehlərlə razılığa gəlmişdir ki, cavabdehlərin mülkiyyətində olan torpaqda ev tiksinlər, cavabdehlər onun mülkiyyətində olan evdən çıxsınlar. Qardaşı Cavabdeh2 İlyas oğlu onunla razılaşmış və razılıq vermişdir ki, sözü gedən ev üçün çıxarış alsın. O, cavabdehlərə evlərinin tikilməsinə görə təxminən 1000 manat pul vermişdir. Cavabdehlərdən qardaşı Cavabdeh2 İlyas oğlu hətta məhkəmələrdə belə iştirak etmir, çünki, qardaşı ilə razılaşmış, ondan da əlavə qardaşının ailəsi narazıçılıq etdikdə, qardaşının ailəsində söz-söhbət olmasın deyə 3000 manat kompensasiyanı verməyə hazırdır, halbuki, ekspert rəyində göstərilir ki, bir otağın kirayə pulu 60-70 manatdır, bunu da 36*70=2520 aya vurduqda 2520 manat təşkil edir, buna baxmayaraq 36 ayı təxminən 85 manatdan kirayə götürərək cavabdehlərə vermək istəyir. Ona görə də məhkəməyə müraciət etmişdir. Cavabdehlərə 3000 manat kompensasiya təklif etmiş, Xaçmaz Rayon Məhkəməsi öz qətnaməsində yazır ki güya cavabdehlərə 5000 manat kompensasiya təklif etmişdir. Hazırki gündə təklif etdiyi kompensasiyanı artıraraq 5000 manat təklif edir. Bu səbəbdən apelyasiya şikayətinin təmin olunmasını, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)- 921/2020 saylı qətnaməsinin ləğv olunmasını və 5000 manat kompensasiya müəyyən edilməklə iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, hazırda təmsil etdiyi şəxs kompensasiya məbləğini artıraraq 5000 manat təklif edir. Odur ki, apelyiya şikayətinin təmin olunmasını, iddiaçı tərəfindən təqdim olunmuş ərizənin nəzərə alınmasını, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-921/2020 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdehlər Cavabdeh2 İlyas oğluna, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və vəkilini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-921/2020 saylı qətnaməsinin ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan müəyyən olunur ki, ünvan 2 saylı ünvanında yerləşən 0,03 ha torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 118,20 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 İlyas oğlu, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 ünvan 2 saylı ünvanında yerləşən 0,03 ha torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 118,20 kv.m olan fərdi yaşayış evində qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən müəyyən olunur ki, Xaçmaz şəhəri, K.Novruzov küçəsi, 10 saylı ünvanda yerləşən 20 kv.m-lik 1 otağın daşınmaz əmlak bazarında xx.xx.2020- ci il tarixə olan kirayə dəyəri 60-70 AZN dəyərindədir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabata əsasən Xaçmaz şəhəri K.Novruzov küçəsi, 10 saylı ünvanda yerləşən evin aylıq icarə dəyəri 150 (yüz əlli) manat, 20.1 kv.m-lik 1 otağın daşınmaz əmlak bazarında kirayə dəyəri 60 manat təşkil edir. Birinci instansiya məhkəməsi iş materaiallarına istinadən cavabdehlər Cavabdeh2 İlyas oğlunun, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 İddiaçı məxsus Xaçmaz şəhəri, K.Novruzov küçəsi, 10 saylı ünvanda yerləşən fərdi yaşayış evinə olan yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində 3000 manat məbləğində kompensasiyanın ödənilməsinin hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməməsini müəyyən edərək iddianı təmin etməmişdir. Hazırda işə apelyasiya qaydasında baxılarkən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək təklif etdiyi kompensasiyanın məbləğini artıraraq 5000 manat təklif etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbacyan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi Mülki Məcəllənin 228-ci maddəsinə uyğun olaraq qanuni və əsaslı olmaqla, onun cavabdehlərə təklif etdiyi 5000 (beş min) manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilər. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinin mənasından da göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. R.Ağalarovun şikayəti üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o yaşayış sahəsindən istifadə hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayəsədə oxşar yaşamaq imkanı versin. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabata əsasən ünvan 2 saylı ünvanda yerləşən evin aylıq icarə dəyəri 150 (yüz əlli) manat, 20.1 kv.m-lik 1 otağın daşınmaz əmlak bazarında kirayə dəyəri 60 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımdan və nəzərə alınsa ki, mübahisəli mənzilin yerləşdiyi Xaçmaz şəhərində 1 otağın aylıq kirayə haqqı 60 manat civarındadır, iddiaçının cavabdehlərə təklif etdiyi 5000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab edilə bilər. Çünki iddiaçı tərəfindən təklif edilən 5000 manat məbləğində kompensasiyanın hesabına, cavabdehlər hər ay orta hesabla 60 manat məbləğində kirayə haqqı ödəyərsə, davamlı surətdə, 7 ilə yaxın (5000 manat:60 manat) müddətdə başqa yerdə mübahisəlin evin bir otağına ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə uşaqları ilə yaşamaq imkanı əldə edər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, 5000 manat kompensasiya verilməklə cavabdehlərin evə istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-921/2020 saylı ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-921/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 İlyas oğluna, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma barədə iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2 İlyas oğluna, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına 5000 (beş min) manat kompensasiya verilməklə xitam verilsin və cavabdehlər yaşayış evindən çıxarılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar