Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3531/2021 29.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(012)-2301/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(012)-2301/2021 saylı qətnaməsi ilə (hakim M.A.Abbasova) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinə dair bağlanmış 08.11.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia təmin edilməmiş və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(012)-2301/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə dair bağlanmış 08.11.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron 1 saylı Dövlət notariat kontorunda Cavabdeh2 ilə bağladığı 12 aprel 2005-ci il tarixli, 4Ə-6/1018 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində 1000,0 kv.m torpaq sahəsində yerləşən 4 otaqdan ibarət olan evin 400 kv.m torpaq sahəsini və sahəsi 30.1 kv.m olan bir yaşayış otaqlı evi almışdır. Həmin sahə onun mülkiyyətində olmuş, lakin onun xəbəri olmadan Cavabdeh2 ilə aralarında olan alqı-satqı müqaviləsinin qüvvədə olmasına baxmayaraq, torpaq onun mülkiyyətində olduğu və həmin torpağın satılmasına razılıq vermədiyi halda Mirhüseyin Qənbərov torpaq sahəsini üzərində olan tikili ilə birlikdə Cavabdeh1 satmışdır. Həmin ərazidə onunla Cavabdeh1 arasında bağlanmış müqavilə mövcuddur və həmin müqavilədə o, yalnız 30.1 kv.m olan tikilini satmış, torpaq sahəsi isə onun mülkiyyətində qalmışdır. Cavabdeh2 qanunsuz olaraq torpağı başqa bir şəxsə satmışdır. Nəticə etibarı ilə o, mülkiyyətindən qanunsuz olaraq məhrum olmuşdur. Alqı-satqı müqaviləsində göstərilən əmlakı iki şəxsə satan Cavabdeh2 məsuliyyət daşıyır. Belə ki, həmin cavabdeh ona bu barədə məlumat verməmişdir. O, bu yaxınlarda tikinti aparılan zaman bilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 17 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 159, 178.8-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan satıcı - Cavabdeh2 və alıcı İddiaçı arasında bağlanmış 12.04.2005-ci il tarixli, 244076 saylı müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən 1000 kv.m torpaq sahəsinin 400 kv.m hissəsini alıcıya 42.000 manat qiymətinə satmışdır. Satıcı İddiaçı və alıcı Cavabdeh1 arasında bağlanmış 14.06.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 44.8 kv.m olan torpaq sahəsini alıcıya 15000 manat qiymətinə satmışdır. Satıcı, eyni zamanda digər satıcılar X10, X4, X1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 və alıcı Cavabdeh1 arasında bağlanmış 08.11.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus olan hissəsindən 0,04 ha torpaq sahəsini alıcıya 4000 manat qiymətinə satmışlar. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestri tərəfindən İddiaçı verilmiş 2017-ci il tarixli, 386 saylı arayışdan görünür ki, o, Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən yaşayış sahəsi 19,9 kv.m, yardımçı sahəsi 24,9 kv.m, ümumi sahəsi 44.8 kv.m olan 1 otaqlı fərdi yaşayış evinə dair 10890A qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ əldə etmişdir. Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən yaşayış sahəsi 19,9 kv.m, yardımçı sahəsi 24,9 kv.m, ümumi sahəsi 44,8 kv.m olan 1 otaqlı fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron 1 saylı Dövlət notariat kontorunda 12 aprel 2005ci il tarixli, 4ə6/1018 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 10890A saylı reyestr kitabında 1396 nömrəsi ilə qeydə alınmışdır. Abşeron Rayon Məhkəməsinin 06.11.2018-ci il tarixli, 2(012)-4562/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı tərəflər arasında 14.06.2017-ci il tarixdə Abşeron 2 saylı Dövlət notariat kontorunda bağlanmış Abşeron rayonu Saray qəsəbəsi Çənlibel küçəsində yerləşən 0,399 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 44,8 kv.m, yaşayış sahəsi 19,9 kv.m, yardımçı sahəsi 24,9 kv.m 1 otaqlı fərdi yaşayış evinə dair AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi rədd edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı şahid qimsində dindirilmiş X7 bildirmişdir ki, iddiaçı ilə işlə əlaqədar tanış olmuşdur. İddiaçının maddi vəziyyəti pisləşmişdi. Maddi ziyanını ödəmək üçün pul axtarırdı. Sumqayıtda Elvin adlı şəxs vasitəsi ilə Rufulla adlı şəxslə tanış oldu. Həmin şəxsdən faiz ödəmək şərtilə 12 min manat borc pul götürdü. O, borcun ödənilməsinin təminatı olaraq alqı-satqı müqaviləsinə əsasən evini digər şəxslərin adlarına keçirib və aylıq olaraq faizini ödəyib. İddiaçı evini satmaq niyyəti ilə deyil, təminat olaraq o şəxslərin adına keçirmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqavilələrinə əsasən satıcı Cavabdeh2 və alıcı İddiaçı arasında bağlanmış 12.04.2005-ci il tarixli, 244076 saylı müqaviləyə əsasən satıcı Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən 1000 kv.m torpaq sahəsinin 400 kv.m hissəsini, satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış 14.06.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 44.8 kv.m olan torpaq sahəsini, satıcı, eyni zamanda digər satıcılar X10, X4, X1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 və alıcı Cavabdeh1 arasında bağlanmış 08.11.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə satıcılar Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus olan hissəsindən 0.04 ha torpaq sahəsini alıcıya satmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 324-cü madddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya öç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389-cu maddəsinə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində birbaşa nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir. Bundan sonra şəxs həmin tərəfdaşa (tərəfdaşlara) öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir. Tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ərarvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun.Mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqısatqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, iddiaçının mübahisəli müqavilənin etibarsız hesab edilməsi tələbinin dəlillərini mülahizə xarakterli olmaqla formaldır, iş üzrə dindirilmiş şahid iddiaçının şifahi vəsatəti əsasında dindirildiyindən və onun ifadəsi iş üzrə digər sübutlarla təsdiq edilmədiyindən bu ifadələr mötəbər sübut sayıla bilməz. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı verdiyi apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(012)-2301/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3531/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3531/2021
29.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver