Məhkəmə qərarları › İş №2(105)-3546/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3546/2021

19.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3546/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ona məxsus torpaq sahəsində tikdiyi tikintinin sökülməsi və torpaq sahəsinə giriş-çıxış yolunun açılmasına dair ilk, Cavabdeh İddiaçı qarşı Quba Rayon Notariat Kontoru tərəfindən təsdiq olunmuş 04 mart 2005-ci il tarixli torpaq alğı-satqı müqaviləsinin və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06 may 2008-ci il tarixdə verilmiş ******* saylı Çıxarışın ona məxsus 0,07 ha torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-518/2009 saylı, 13 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ona məxsus torpaq sahəsində tikdiyi tikintinin sökülməsi və torpaq sahəsinə giriş-çıxış yolunun açılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı Quba Rayon Notariat Kontoru tərəfindən təsdiq olunmuş 04 mart 2005-ci il tarixli torpaq alğı-satqı müqaviləsinin və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06 may 2008-ci il tarixdə verilmiş ******* saylı Çıxarışın ona məxsus 0,07 ha torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 18.02.2009-cu il tarixli, 2(027)518/2009 saylı qətnaməsi ilə ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilərək Quba Rayon Notariat Kontoru tərəfindən X1 və ailə üzvlərinin JN 0162 KOD 30306018 saylı Dövlət Aktına əsasən özlərinə məxsus torpaq sahəsindən ******* kv.metr torpaq sahəsini İddiaçı Kamal oğluna satmalarına dair təsdiq edilmiş 04 mart 2005-ci il tarixli torpaq alğısatqı müqaviləsinin və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06 may 2008-ci il tarixdə verilmiş ******* saylı Çıxarışın ona məxsus 0,07 ha torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi qət edilmişdir (hakim Fizuli Pənahov). İddiaçı Kamal oğlu 01.09.2021-ci il tarixdə apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və mülki iş üzrə apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-518/2009 saylı, 13 sentyabr 2021-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 18.02.2009-cu il tarixli, 2(027)518/2009 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi qərara alınmışdır (hakim İlqar Məmmədov). Qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-518/2009 saylı, 21 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili X4 şikayəti müdafiə edib göstərdi ki, məhkəmə qətnaməsi iddiaçıya rəsmi təqdim edilməmişdir. Həmin qətnamənin mövcudluğundan təzəlikcə məlumatı olmuşdur. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək qətnaməni almışdır. İş materiallarında qətnamənin 2009-cu il tarixdə alınmasına dair sübut yoxdur. Qətnaməni rəsmi qaydada aldıqdan sonra apellyasiya şikayəti verilmişdir. Qətnamənin qəbul edilməsindən 12 il keçsə də qətnaməni aldığı gündən 1 ay ərzində apellyasiya şikayəti vermək hüququ vardır. Odur ki, qərardadın ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətə etiraz edərək göstərdi ki, qətnamə 2009-cu ildə qəbul edilib. 12 il müddətinə iddiaçının qətnamədən məlumatsız olması ağlabatan deyildir. Odur ki, şikayətin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-518/2009 saylı, 13 sentyabr 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-518/2009 saylı, 13 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, iş üzrə məhkəmə qətnaməsi 18 fevral 2009-cu il tarixdə qəbul edilmiş, qətnamə iş üzrə tərəflərə 20.05.2009-cu il tarixdə göndərilmişdir. İddiaçı Kamal oğlu 27.08.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətinin təqdim edilməsini xahiş etmiş, 27.08.2021-ci il tarixdə qətnamənin surətini almış, 01.09.2021-ci il tarixdə apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və mülki iş üzrə apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan xüsusatlara əsasən müddətin bərpasına dair ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsi 18 fevral 2009-cu il tarixdə qəbul edilmiş, qətnamə iş üzrə tərəflərə 20.05.2009-cu il tarixdə göndərilmiş, 01.09.2021-ci il tarixdə prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla da prosessual müddəti ötürmüş və müddəti üzrlü səbəbdən ötürməsi barədə də heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, qeyd edilən qətnamə 18.02.2009-cu il tarixdə iddiaçının iştirakı ilə qəbul edildiyindən qətnamənin nəticəsi, eləcə də movcudluğu barədə 12 il müddətində məlumatsız olması barədə iddiaçının dəlilləri ağlabatan deyildir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı məhkəmə iclasında iştirak etmiş, qətnamə onun iştirakı ilə elan edilmişdir. Həmçinin iddiaçının məhkəmə qətnaməsini rəsmi qaydada 27.08.2021-ci il tarixdə alması nəzərə alınarsa 01.09.2021-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərkən prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etməsinə zərurət yoxdur. Göründüyü kimi, iddiaçının prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etməsi, məhkəmə qətnaməsindən daha əvvəl məlumatlı olmasına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının ərizədə göstərdiyi dəlillər onun qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir və şikayətin təmin edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası şikayəti təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-518/2009 saylı, 13 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Quba Rayon Məhkəməsinin 2(027)-518/2009 saylı, 13 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar