Məhkəmə qərarları › İş №2(105)-358/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-358/2024

01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-358/2024 01.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: atalığın müəyyən olunması, sübutetmə yükü, dolayı sübutlar, məhkəmə ekspertizası və aliment tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X15 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(027)- 264/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :

1. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 16 yanvar 2018-ci il tarixdə, X4 13 iyun 2020-ci il tarixdə doğulmuşdur. Həmin şəhadətnamələrin “ata” qrafasında “X5”, “ana” qrafasında isə “İddiaçı” qeyd edilmişdir.

2. məhkəmə-bioloji ekspertizasının 385/2023-MTBŞ saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X13 və X4 adlı uşaqlar barəsində Cavabdeh atalıq faktı inkar olunmamışdır.

Apellyasiya icraatı zamanı əldə edilmiş

3. İş üzrə təyin edilmiş və keçirilmiş məhkəmə-genetik ekspertizasının 44/2024- MTBŞ saylı ekspert rəyində qeyd olunmuşdur ki, qan və ağız suyunun tədqiqinə əsasən X13 və X4 adlı uşaqlar barəsində Cavabdeh atalıq faktı inkar olunmamışdır. Həmçinin ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizanın genetik səviyyədə keçirilməsi üçün lazım olan reaktivlərin alınması təmin olunmadığı üçün tədqiqatın DNT-nin təhlilinə əsasən keçirilməsi mümkün olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı (sonradan tələbin dəyişdirilməsi tələbi ilə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla 2015-ci ildən 2022-ci ilin fevral ayınadək faktiki nikahla Cavabdeh ilə yaşadıqları müddətdə faktiki nikahlarından 16.01.018-ci il təvəllüdlü X13 və xx.xx.2020-ci il təvəllüdlü X2 onun himayəsində qalmasını, cavabdehdən azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 193 manat miqdarında olmaqla, 2 uşaq üçün 386 (üç yüz səksən altı) manat alimentin tutulmasını, faktiki nikahlarından xx.xx.2020-ci il tarixində anadan olmuş X2 3 yaşınadək saxlanılması üçün hər ay 100 manat məbləğində pulun, mediasiya ödənişinin yarısı, ümumilikdə 511 (beş yüz on bir) manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2018-ci il tarixində anadan olmuş X13 və xx.xx.2020-ci il tarixində anadan olmuş X2 atası olması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2015-ci ildən 2022-ci ilin fevral ayınadək faktiki nikahla yaşamışlar. Birgə nikahlarından xx.xx.2018-ci il tarixində oğlanları X13 və xx.xx.2020-ci ildə X4 anadan olmuşdur. Faktiki nikahlarının qeydə alındığı vaxtdan onlar ünvan 1i ünvanında cavabdehə məxsus evdə, həm də kirayədə yaşamış və təsərrüfatı birgə idarə etmişlər. İlk vaxtlar cavabdehlə aralarında heç bir münaqişə olmamışdır. Lakin 2 uşaq atası cavabdehin, son vaxtlar ailəsinin şərəf və layaqətini alçaldan hərəkətlərə yol verməsi onu narahat etmişdir. Buna baxmayaraq o, həyat yoldaşının belə əməllərə yol verməsinə inanmamışdır. Nəhayət, bir gün yoldaşının sonuncu getməyi olmuş, o getməklə uzun müddət ailəsinin yanına qayıtmamışdır. Ona görə də o hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

7. Quba Rayon Məhkəməsinin (hakim R.Həsənov) 03 oktyabr 2023-cü il tarixli, 2(027)-264/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X13 və xx.xx.2020-ci il təvəllüdlü X3 münasibətdə atalığı müəyyən edilmiş, xx.xx.2018-ci il təvəllüdlü X13 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər uşağa görə hər ay 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı ) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi, iddiaçının ilkin mediasiya xidməti üçün ödədiyi 50 (əlli) manat pulun yarısı, yəni 25 manatının Cavabdeh alınaraq iddiaçıya ödənilməsi, Cavabdeh 66,32 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.

8. İşə baxan məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlib ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X13 və xx.xx.2020-ci il təvəllüdlü X3 münasibətdə atalığı müəyyən edilməli, xx.xx.2018-ci il təvəllüdlü X13 və xx.xx.2020ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edib ki, iddiaçı hər ay hər uşağa 193 manat məbləğində alimentin və xx.xx.2020-ci il tarixində anadan olmuş X2 3 yaşınadək saxlanılması üçün hər ay 100 manat məbləğində pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, cavadehdən hər ay hər uşaq üçün 193 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Lakin, xx.xx.2020-ci il tarixində anadan olmuş X2 3 yaşınadək saxlanılması üçün hər ay 100 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Çünki Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin məzmunundan göründüyü kimi ümumi uşaqların doğulduğu gündən 3 il ərzində keçmiş arvada keçmiş ərdən aliment tutulması üçün ərin buna zəruri vəsaitə malik olduğu təsdiq olunmalıdır. Lakin iddiaçı məkəmə baxışı zamanı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, iddiaçının ilkin mediasiya xidməti üçün ödədiyi 50 (əlli ) manat pulun yarısı, yəni 25 (iyirmi beş) manatı Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1, 46.2, 75.1, 75.4, 78.1, 78.2, 81.1, 81.2, 81.3, 85.1.1, 100.2-ci maddələrinə, BMT-nin Uşaq hüquqları Bəyannaməsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə ətraflı araşdırma aparmamış və əsassız qətnamə qəbul etmişdir. İddia ərizəsində qeyd olunanlar həqiqətə uyğun deyildir. Belə ki, cavabdeh İddiaçı ilə hər hansı ailə həyatı qurmamışdır, onlar birgə təsərrüfat idarə etməmişlər. Xaçmaz RİHB-nin Qaraçı kənd İƏD-də nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 582 saylı rəsmi arayışından görünür ki, Quba şəhər sakini İddiaçı cavabdehə və ailəsinə məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evində yaşamamışdır. Beləliklə iddiaçının Cığatay kəndində cavabdehə məxsus evdə yaşamaqla təsərrüfatı birgə idarə etməsi barədə göstərdikləri tamamilə yalandır. Cavabdeh xx.xx.2005-ci il tarixdə Mirəliyeva (Mahmudova) Elmira Nabidyanovna ilə rəsmi nikah əsasında ailə həyatı qurmuşdur və bu nikahdan üç övladı vardır. Övladlarından böyük qızı ailə quraraq ər evinəköçmüş, böyük oğlu hərbi xidmətini başa vuraraq qayıtmış və üçüncü övladı xx.xx.2012-cü il təvəllüdlü X10 hazırda onunla birlikdə yaşayır. İddiaçı ilə ailə qurmamış, hər hansı faktiki nikahda olmamışdır, onunla arabir görüşmüşdür. Bu səbəbdən də məhkəmədə işə baxılarkən iddiaçıdan doğulmuş uşaqlara münasibətdə atalığının müəyyən edilməsinə etiraz etmişdir. İş üzrə məhkəmə-bioloji eskpertizası keçirilmişdir. Qətnamədə göstərilirki, iş üzrə təyin edilmiş və keçirilmiş məhkəməbioloji ekspertizasının 385/2023-MTBŞ saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X13 və X6 adlı uşaqlar barəsində cavabdehin atalıq faktı inkar olunmamışdır. İnkar olunmamaq heç də uşaqların atasının cavabdeh olması anlamına gəlmir. Məhkəmə isə əsassız olaraq həmin rəyə istinad etmiş və uşaqların atasının cavabdeh olması faktının təsdiq olunması qənaətinə gəlmişdir. Cavabdeh ekspert rəyi ilə razı olmamış və DNK ekspertizası keçirilməsini xahiş etmişdir. Lakin məhkəmə xahişini nəzərə almamışdır və iddianı təmin etmişdir. Gələcəkdə hər iki uşağın onun övladı olmaması ekspert rəyi ilə təsdiqlənərsə, uşaqlara imkanı daxilində aliment ödəyəcəkdir. Nəzərə alınmalıdır ki, himayəsində X10 adlı yetkinlik yaşına çatmayan övladı vardır. Uzun müddət Quba Rayonlar arası X1 “Oleqofreniyanın debillik dərəcəsi” diaqnozu ilə müalicələr almışdır. 2003-cü ildən İİİ qrup əlildir, İİİ qrup əlilliyə görə 150 manat pensiya alır. Yalnız yüngül işlərdə işləyə bilər və qazancı təsadüflərdən asılıdır, heç bir iş yeri yoxdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə genetik ekspertizası təyin edilsə də, əldə edilmiş ekspert rəyi məhkəmə bioloji ekspertizasının rəyidir. Məhkəmə genetik ekspertizasının (DNT) hansı səbəbdən baş tutmaması ona bəlli deyildir. Məhkəmə bioloji ekspertizasının rəyi əsaslı sübut növü kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmənin iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. İş üzrə məhkəmə genetik ekspertizasının icrası məhz cavabdehin təqsiri ucbatından baş tutmamışdır. Belə ki, cavabdeh məhkəmə genetik (DNT) analizinin yüksək məbləğdə təxminən 2500 manat ödəniş əsasında həyata keçirilməsi səbəbindən həmin ekspertizanın keçirilməsindən imtina etmişdir. İş materiallarında olan fotoşəkillər sübut edir ki, onlar ailə kimi bir yerdə yaşamışlar. Cavabdeh formal şikayətlərlə məhkəmə icraatını əsassız şəkildə uzatmağa çalışır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

16. “Uşaq hüquqları haqqında” Konvensiyası Maddə 27. Hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.2-ci maddəsinə görə uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri hesab olunur. 45.1-ci madəsinin tələblərinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və uşağın atasının ərizəsi olmadıqda atalıq məhkəmə qaydasında müəyyən olunur. 46.2. maddəsinə görə, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. 19.1-ci maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

19. Mülki Prosessual Məcəllə Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2) Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1) Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88) Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. (maddə 97.5) Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Madə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh Quba Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(027)-264/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.

21. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İddia tələbinin mahiyyətindən görünür ki, tələb iki hissədən-atalığın müəyyən edilməsi və aliment ödənilməsi barədədir.

24. Araşdırılan iş üzrə iddiaçı bəyan edir ki, Cavabdeh ilə 2015-ci ildən 2022-ci ilin fevral ayınadək faktiki nikah münasibətlərində olmuş və bu izdivacdan xx.xx.2018-ci il tarixində X13 və xx.xx.2020-ci ildə X4 anadan olmuşdur. Bu illər ərzində onlar ünvan 1i ünvanında cavabdehə məxsus evdə, həm də kirayədə yaşamış və təsərrüfatı birgə idarə etmişlər. Lakin son vaxtlar cavabdeh onlarla əlaqəni kəsmişdir. Buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbinə etiraz edən cavabdeh isə tərəflərin faktiki ailə münasibətlərinin mövcud olmamasını, sadəcə iddiaçı ilə arabir görüşdüyünü bildirmiş və uşaqların atasının o olmadığını bildirmişdir. İşə baxan məhkəmə tədqiqatın sonunda yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya tələbinə etirazla analoji məzmundadır.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin ona verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, obyektiv araşdırmağa çalışmış və iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir

26. Belə ki, brinci instansiya məhkəməsində bir neçə dəfə müvafiq ekspertiza təyin edilmiş, birinci dəfə cavabdeh ekspertiza tədqiqatda iştirak etməmiş, lakin sonradan iştirak edərək yuxarıda qeyd olunan rəylər verilmişdir.

27. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 385/2023-MTBŞ saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində X13 və X4 adlı uşaqlar barəsində Cavabdeh atalıq faktının inkar olunmadığı qeyd edilmişdir.

28. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığı göstərsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

29. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan kollegiya qeyd edir ki, şikayətin dəlillərinə uyğun olaraq yenidən məhkəmə-tibbi ekspertizası (DNT ekspertizası) təyin edilmiş lakin cavabdeh tərəf həmin ekspertizanın keçirilməsi üçün tələb olunan məbləği ödəmədiyindən və lazım olan reaktivlərin alınması təmin olunmadığı üçün təkrarən məhkəmə-bioloji ekspertizasının rəyi verilmiş, həmin rəyə əsasən qan və ağız suyunun tədqiqinə əsasən X13 və X4 adlı uşaqlar barəsində Cavabdeh atalıq faktı inkar olunmamışdır.

30. Həmçinin ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizanın genetik səviyyədə keçirilməsi üçün lazım olan reaktivlərin alınması təmin olunmadığı üçün tədqiqatın DNT-nin təhlilinə əsasən keçirilməsi mümkün olmamışdır.

31. Belə olan halda, apellyasiya məhkəməsi MPM-in 97.5-ci maddəsini, eləcə də Ailə Məcəlləsinin 45.1-ci maddəsindəki “məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər” müddəasını rəhbər tutaraq, işin müəyyən edilmiş bütün halları əsasında iddianın təmin edilməsi mövqeyi ilə razılaşır.

32. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd edir ki, cavabdeh hazırkı iddia tələbinin həlli üçün qeyd edilən ekspert rəyini şübhə altına ala biləcək əsaslı və şübhədənkənar, eyni zamanda, təkzib edilməzliklə bağlı tələblərə cavab verən sübutları məhkəməyə təqdim edə bilməmiş, dəlilləri oz formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır.

33. Nəzərə alınmalıdır ki, atalığın müəyyən edilməsi kimi işlərə baxılarkən məhkəmə mövcud hər bir şübhənin aradan qaldırılması üçün bütün mümkün olan vasitələrdən istifadə etməli, uşağın mənafeyi və həqiqətə nail olunması naminə işdə mövcud olan və müxtəlif prizmadan yanaşmaya yol verən sübutlara münasibətdə inam üçün əsas yaratmalıdır.

34. Göründüyü kimi həm birinci, həm də apellyasiya icraatı zamanı qanunvericiliyin verdiyi bütün mümkün vasitələrindən istifadə edilmiş, iş üzrə xüsusi bilik tələb olunan ekspertiza təyin edilmiş və yuxarıda qeyd olunan müvafiq ekspertizaların rəyi alınmışdır.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

36. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirilməlidir ki, apellyasiya şikayəti formal olaraq əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh apellyasiya şikayətində iddia tələbinin atalığın müəyyən edilməsi hissəsi ilə razılaşmadığını əsaslandırmağa çalışmış, daha sonra isə özünün gah xəstə olmasını, gah da digər evlilikdən üç uşağının olmasını qeyd edir. Bu cür ziddiyyətli halın mövcudluğu özü-özlüyündə apellyasiya şikayətinin formallığının göstəricisi kimi qiymətləndirilməlidir.

37. Bundan başqa cavabdeh iş üzrə əldə edilmiş tibbi-bioloji ekspertizanın rəyini mübahisələndirsə də, hansı əsaslardan rəylə razılaşmadığını ağlabatan dəlillərlə əsaslandırmamış, rəyin məzmununda qeyd edilən ifadələri subyektiv mülahizəsi əsasında təfsir etməyə çalışmışdır.

38. Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

39. Göründüyü kimi iş materiallarındakı sənədlər biri digərini tamamlamaqla, sonda iddia tələbinin təmin olunması üçün bir daha əminlik yaratmışdır .

40. Kollegiya iddia tələbinin alimentlə bağlı hissəsi ilə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə də razılaşaraq qeyd edir ki, cavabdehin aylıq gəlirinin az olması, maddi vəziyyətinin qənaətbəxş olmaması kimi hallar onu azyaşlı uşaqlarını saxlamaq vəzifəsindən azad edən hal kimi qiymətləndirilə bilməz.

41. Kollegiya bildirir ki, uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir

42. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.

43. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Habelə apellyasiya şikayətinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması və eyni zamanda əlavə xərclərdən iddiaçının azad olması sübuta yetirilmir.

44. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.

45. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(027)-264/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar