Məhkəmə qərarları › İş №2(105)-3583/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3583/2021

23.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3583/2021 23.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh nümayəndəsi X4 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(012)-3820/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(012)-3820/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və akta əsasən hesablanmış cərimə pulunun silinməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı yaşadığı ünvan 1i ünvanına aid qaz sayğacına (abonent kodu **********00257) dair hesablanmış 583 manat cərimə borcunun silinməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 30.04.2020-ci il tarixli aktın ləğv edilməsi və həmin akta görə onun adına hesablanmış 583 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 30.04.2020-ci il tarixli akt qəbul edilmiş və həmin aktın əsasında ona 583 manat məbləğində cərimə yazmışlar. Aktda əraziyə baxış keçirilən zaman sayğacdan əvvəl təbii qazdan qeydiyyatsız istifadə olunduğu qeyd edilmişdir. 30.04.2020ci il tarixli akt tərtib edilən zaman cərimə yazılmış evdə, ümumiyyətlə, yaşayış olmamışdır. Yaşayış olmadığı üçün qaz, işıq və su xətləri çəkilməmiş, bir sözlə, kommunal xətlər quraşdırılmamışdır. Belə ki, 2020-ci ilin mart-aprel aylarında Hökməli qəsəbəsində köhnə sayğaclar yenisi ilə əvəz olunmuşdur. Evin yerləşdiyi küçəyə də Cavabdeh əməkdaşları gəlmiş və yaşayış olan digər evlərə yeni sayğaclar quraşdırılmışdır. O da həmin şəxslərlə söhbət zamanı Cavabdeh əməkdaşı ona məxsus evə yeni qaz sayğacı quraşdırmağı təklif etmiş, o da razılaşmışdır. Qaz sayğacı quraşdırılsa da, ev təmir olunduğu üçün yaşayış olmamışdır. Ev təmir olunub başa çatdıqdan sonra ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Bundan sonra evə qazın verilməsi üçün Cavabdeh Abşeron rayonu, Xırdalan şəhərində yerləşən idarəsinə müraciət etmişdir. Müraciətindən sonra Cavabdeh tərəfindən akt, abonentin saldosu və evinə aid olmayan fotoşəkillər təqdim edilərək, qazdan qeydiyyatsız istifadə etdiyi üçün 583 manat cərimə olunduğu, həmin pulu ödədikdən sonra evinə təbii qazın veriləcəyi bildirilmişdir. Sənədlərə baxış keçirdikdən və təqdim edilmiş evin fotoşəkillərinin ona aid olmadığını dedikdən sonra texniki səhv baş verdiyi, bu səbəbdən də Cavabdeh Bakı X7 Departamentinin rəisinə ərizə yazması bildirilmişdir. O da 24.11.2020-ci il tarixdə ərizə yazmışdır. Dəfələrlə həm departamentə, həm də Cavabdeh Xırdalan idarəsinə müraciət etsə də, bu günə kimi ona heç bir cavab verilməmişdir. Sonuncu dəfə idarədən ona aktın ancaq məhkəmə qaydasında ləğv edilə biləcəyi bildirilmiş, lazımi sənədlər ona təqdim edilərək, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin tamamilə ləğv edilməsinə əsasdır. Belə ki, iddianı təmin edərkən birinci instansiya məhkəməsi iddiaçı barəsində tərtib olunan aktın birtərəfli tərtib edildiyi, istehlakçının iştirakının təmin edilməməsi nəticəsinə gəlmişdir. Həmin aktı cavabdehin iki əməkdaşı imzalamış, iddiaçıya aktı imzalamaq təklif edilsə də, iddiaçı bundan imtina etmişdir. İddia ərizəsinə nəzər yetirdikdə də görmək olar ki, aktın iddiaçının xəbəri olmadan tərtib edilməsinə, həmin aktdan onun xəbərinin olmamasına dair bir cümlə belə qeyd edilməmişdir. Bu kimi halların araşdırılmasına səthi yanaşan birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi aktın mötəbərliyini təsdiq edən sübutun məhkəməyə cavabdeh tərəfindən təqdim edilə bilinməməsi kimi səhv nəticəyə gəlmişdi. Abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlnanılmasına Cavabdeh İB-nin səlahiyyətli əməkdaşları tərəfindən baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmiş, həmin fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmiş, bu faktı təsbitləyən fotoşəkil çəkilmiş, dəymiş ziyanın hesablanması aparılmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında 24.04.2020-ci il tarixli, 14/1547 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1ində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan əvvəl təbii qazdan qeydiyyatsız istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 30 aprel 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, İddiaçı yaşadığı ünvan 1ində yerləşən ev üzrə (abonent kodu **********00257) itirilmiş qazın sərfiyyatı 5832 kub metrdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı ünvan 1ində yerləşən ev üzrə (abonent kodu **********00257) akta görə borc 583,20 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında 24.04.2020-ci il tarixli, 14/1547 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təstiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İşdən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2020-ci il tarixli, ******* saylı akt tərtib edilərkən İddiaçı iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan abonentin saldosunda İddiaçı yaşadığı ünvan 1ində yerləşən evə qaz sayğacının 28 aprel 2020-ci il tarixdə quraşdırıldığı göstərilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt isə bundan cəmi bir gün ötdükdən sonra, 30.04.2020-ci il tarixdə tərtib edilmiş, aktda sayğacdan əvvəl təbii qazdan qeydiyyatsız istifadə edildiyinin aşkar olunduğu göstərilmişdir. Lakin aktda sayğacdan əvvəl təbii qazdan qeydiyyatsız hansı üsulla istifadə edildiyi qeyd edilməmişdir. İddiaçı yaşadığı ünvan 1ində yerləşən evə qaz sayğacının 28 aprel 2020-ci il tarixdə quraşdırıldığı halda, Cavabdeh 30 aprel 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsində dəymiş ziyan 90 gün əvvəl üçün hesablanmışdır. İddiaçı yaşadığı ünvan 1ində yerləşən evdə 28 aprel 2020-ci il tarixdən əvvəl təbii qazdan istifadə edildiyinə dair isə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(012)-3820/2021 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar