Məhkəmə qərarları › İş №2(105)-3603/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3603/2021

29.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3603/2021 29.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, Cavabdeh1 iştirakı ilə Şabran Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(031)-654/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şabran Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(031)-654/2021 saylı qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı cavabdehlər Cavabdeh1 və Şabran rayon notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmşdir. İddiaçı apellyasiya şikayəti verib, Şabran Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(031)-654/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran rayon notariat ofisində onunla Cavabdeh1 arasında bağlanmış 17.07.2020-ci il tarixli, 4Ə-385 reyestr nömrəli bağışlanma müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X3 08.12.2009-cu ildə vəfat etmiş, ondan Şabran rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evi miras olaraq qalmışdır. Həmin evdə hal-hazırda özü yaşayır. 2020-ci ilin may və iyul aylarında övladı Cavabdeh1 həmin daşınmaz əmlakı adına rəsmiləşdirmək adıyla onu Şabran rayon notariat ofisinə aparmış və o, orada bir neçə sənədə imza etdirilmişdir. Təxminən 3 ay olar ki, o, xəbər tutmuşdur ki, övladı Cavabdeh1 onu aldatmış, Şabran rayon notariat ofisində 17.07.2020-ci il tarixli, 4Ə-385 reyestr nömrəli bağışlanma müqaviləsinə onu imza etdirməklə, həyat yoldaşından ona 15.05.2020-ci il tarixli, 2V-187 reyetr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında keçən daşınmaz əmlaka qeyri-qanuni şəkildə yiyələnmişdir. Göründüyü kimi o, övladı Cavabdeh1 tərəfindən əqd bağlanan zaman aldadılmışdır. Özü yaşlı bir qadındır, özünü güclə idarə edir, yazma və oxuma belə bilmir. Şabran rayon notariat ofisində ona hansı sənədə imza etdirilməyi izah edilməmişdir. O, 17.07.2020-ci il tarixli, 4Ə-385 reyestr nömrəli bağışlanma müqaviləsinin məzmunundan xəbərsiz olmuşdur. Göründüyü kimi mülkiyyətində olan evi ələ keçirmək məqsədi ilə Cavabdeh1 onu aldatmışdır. Əqdin etibarsızlığı göz qabağındadır. O, qeyd olunan bağışlanma müqaviləsinin ləğv edilməsi məqsədi ilə 02.07.2021-ci il tarixdə şifahi formada Şabran rayon notariat ofisinə müraciət etmişdir. Oradan ona həmin müqavilənin ləğv edilməsi üçün Şabran Rayon Məhkəməsinə müraciət etməyi bildirilmişdir. Hal-hazırda Cavabdeh1 müqavilənin ləğvindən imtina edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsi 18 avqust 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı, onun nümayəndəsi X4 və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********45-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 08.07.2020-ci il olan çıxarışdan görünür ki, Şabran rayonu Günəşli kəndində yerləşən fərdi yaşayış evinin 3/4 hissəsi və həyətyanı torpaq sahəsinin 7/8 hissəsi İddiaçı, fərdi yaşayış evinin 1/4 hissəsi və həyətyanı torpaq sahəsinin 1/8 hissəsi isə Cavabdeh1 adına qeydə alınmışdır. 17 iyul 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Şabran rayonu Günəşli kəndində yerləşən ümumi sahəsi 180.7 kvm, yaşayış sahəsi 44.2 kvm, yardımçı sahəsi 136.5 kvm olan 3 otaqlı fərdi yaşayış evini oğlu Cavabdeh1 hədiyyə etmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********45-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10.08.2020-ci il olan çıxarışdan görünür ki, Şabran rayonu Günəşli kəndində yerləşən fərdi yaşayış evi və 0.10 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 adına qeydə alınmışdır. Şabran rayon notariat ofisi tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli 195 saylı məktubda 08.12.2009-cu ildə vəfat etmiş X1 miras qalmış Şabran rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evinə, 0.10 ha torpaq sahəsinə dair verilmiş 15.05.2020-ci il tarixli, 2V-187 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 17.07.2020-ci il tarixli, 4Ə-385 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi üçün Şabran rayon məhkəməsinə müraciət edilməsi göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilir ki, İddiaçı 17 iyul 2020-ci il tarixdə Şabran rayonu Günəşli kəndində yerləşən ümumi sahəsi 180.7 kvm, yaşayış sahəsi 44.2 kvm, yardımçı sahəsi 136.5 kvm olan 3 otaqlı fərdi yaşayış evini övladı - Cavabdeh1 bağışlamış, hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təxminən 3 ay olar ki, oğlunun bu əməlindən məlumatı olmasını, övladı Cavabdeh1 onu aldadaraq Şabran rayon notariat ofisində 17.07.2020-ci il tarixli, 4Ə-385 reyestr nömrəli bağışlanma müqaviləsinə onu imza etdirməklə, həyat yoldaşından ona 15.05.2020-ci il tarixli, 2V-187 reyetr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında keçən daşınmaz əmlaka qeyri-qanuni şəkildə yiyələnməsini bildirərək əqdin etibarsız hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası MM-nin 666.1.maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2.maddəsinə görə bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 666.3. maddəsinə görə mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. Həmin Məcəllənin 673.1 – 673.1.3-cü maddələrinə görə hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Həmin Məcəllənin 673.2-673.2.3-cü maddələrinə əsasən hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda, vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə, vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. Həmin Məcəllənin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır; Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən mübahisə predmeti olan fərdi yaşayış sahəsinin üzərində hər hansı bir məhdudiyyət və həbs olmamışdır. Müqavilə bağlanarkən qanunvericiliyin tələbləri pozulmamış, müqavilənin etibarsızlığına səbəb ola biləcək pozuntulara yol verilməmişdir. Həmçinin Şabran rayonu Günəşli kəndində yerləşən fərdi yaşayış evi və 0.10 ha həyətyanı torpaq sahəsi hazırda Cavabdeh1 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin səlahiyyətini müəyyən etməlidirlər; Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı verdiyi apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(031)-654/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar