Məhkəmə qərarları › İş №2(105)-364/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-364/2023

28.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-364/2023 28.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və Cavabdeh MTK-nın nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə (hazırki hüquqi varisi Cavabdeh MTK-ya) qarşı “elektrik enerjisinin verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(012)-3316/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə (hazırki hüquqi varisi Cavabdeh MTK-ya) qarşı “elektrik enerjisinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 9 saylı evin 218 saylı mənzilinə elektrik enerjisinin verilməsi barədə qətnamə, cavabdeh haqqında xüsusi qərardad çıxılmasını, eyni zamanda, sözügedən mənzilə dair çıxarışın cavabdehdən alınaraq mülki iş materiallarına əlavə edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X7 ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikah münasibətlərindən xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 anadan olmuşlar. Onlar arasında olan nikah münasibətlərinə xx.xx.2011-ci il tarixdə xitam verilmiş, lakin xx.xx.2012-ci il tarixdə isə yenidən nikaha daxil olmuşlar. Birgə nikah dövründə 2018-ci ilin iyun ayında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 9 saylı evin 218 saylı mənzilini almış, ailə üzvləri ilə birlikdə həmin mənzilə köçüb yaşamışlar. Bir neçə gün bundan əvvəl Cavabdeh MTK səlahiyyət həddini aşaraq özbaşına şəkildə mənzilə verilən elektrik enerjisini dayandırmış, soyuq qış aylarında ailə üzvləri ilə birlikdə acınacaqlı vəziyyətə düşərək ölümcül hala düşmüşlər. Bu hərəkətləri ilə onun Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş mənzil hüququ pozulmuşdur. Onun tərəfindən elektrik enerjisinin pulunun vaxtında ödənilməsinə baxmayaraq, cavabdehin özbaşına hərəkətlərindən əziyyət çəkir, mənzilə verilən elektrik enerjisini dayandırması nəticəsində işıqsız qalmışdır. Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(012)-3316/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı elektrik enerjisinin verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir (hakim Habil Əhmədov). Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(012)-3316/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı elektrik enerjisinin verilməsi tələbinə dair iddia ərizəsi “Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 30-cu məhəllə, 9 saylı evin 218 saylı mənzilinə dair çıxarışın cavabdehdən alınaraq mülki iş materiallarına əlavə edilməsi” hissəsində baxılmamış saxlanılmışdır (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(012)-3316/2022 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən ona ünvanlanmış 10 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Mərkəzi İcra Hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin 2022-ci ilin oktyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq "xxxx" ASC-nin sədri Vüqar Əhmədov tərəfindən 14 oktyabr 2022-ci il tarixində Ağdaş şəhərində keçirilmiş vətəndaşların qəbulu zamanı ünvan 1 ünvanında elektrik enerjisi təchizatının kəsilməsi və Bakı-Şamaxı-Yevlax yolunun, Potu kəndindən keçən hissəsinin sol tərəfində elektrik verilmiş xətlərində qüsurların olması barədə təqdim etdiyi müraciətinə baxılmış, həmin məktubda bildirilmişdir ki, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, ev 9, mənzil 218 ünvan ilə bağlı müraciətə əsasən "xxxx" ASC-nin əməkdaşları "xxxx" MTK-nın əməkdaşları ilə görüşüb müəyyən ediblər ki, mənzil kreditdə olduğu üçün mənzilə elektrik enerjisi verilişi qeyri-qanuni olaraq MTK-nın işçiləri tərəfindən dayandırılmışdır. Hesab edir ki, məhkəmə hər tərəfli araşdırma aparmadan onun yaşadığı mənzilə zaman-zaman texniki nasazlıq səbəbindən elektrik xətlərinin kəsildiyini sübuta yetirən mötəbər dəlillərin məhkəməyə təqdim edilməməsi barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Halbuki, "xxxx" ASC tərəfindən ona ünvanlanmış 10 noyabr 2022-ci il tarixli məktubla onun yaşadığı mənzilə zaman-zaman texniki nasazlıq səbəbindən elektrik xətlərinin kəsildiyi sübut olunur. Göründüyü kimi onun yaşadığı mənzildə zaman-zaman texniki nasazlıq səbəbindən elektrik xətlərinin kəsildiyi sübut olunur, bununla da onun “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulan hüquqları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq izahatında "xxxx" ASC tərəfindən məktubda qeyd edilənlərin tamamilə əsassız olduğunu, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən bir neçə gün əvvəl mənzilə elektrik enerjisinin verilməsində texniki nasazlıq olduğunu, həmin nasazlığın da aradan qaldırıldığını, hazırda MTK tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, 9 saylı evin 218 saylı mənzilinə elektrik enerjisinin verilməsində heç bir problemin olmadığını bildirdi. Göstərilənləri, eləcə də iddianın heç bir fakta və subuta əsaslanmadığını nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfindən maraqlı şəxs “X6” müstəqil hüquqi şəxs olmadığından "xxxx" ASC ilə əvəz edilmişdir. Bununla əlaqədar maraqlı şəxs "xxxx" ASCyə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, 9 saylı evin, 218 saylı mənzilinin ½ hissəsi X2 adına ********** qeydiyyat nömrəsi, ½ hissəsi isə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə, **********54-05309-093207 reyestr nömrəsi ilə paylı mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 96 saylı reyestr kitabının 31 saylı vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 9 saylı evin 218 saylı mənzilinin ½ hissəsi paylı mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində iddiaçının adına qeydiyyata alınmış və bu barədə ona çıxarış verilmişdir. İddiaçı paylı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilə elektrik enerjisinin verilməsinin "xxxx" MTK tərəfindən zaman-zaman dayandırılması səbəbindən “elektrik enerjisinin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, 9 saylı evin 218 saylı mənzilinə elektrik enerjisinin verilməsi tələbini irəli sürsə də, məhkəmə iclasında iddiaçı izahatında artıq 20 gün müddətdir ki, onun mənzilinə elektrik enerjisinin verildiyini, lakin təkrarən elektrik enerjisinin kəsilməsinin istisna edilmədiyini bildirmişdir. Beləliklə də, iddiaçı iddia tələbində elektrik enerjisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı iddiaçının mənzilinə elektrik enerjisinin verilməsi, eləcə də zaman-zaman texniki nasazlıq səbəbindən elektrik xətlərinin kəsildiyi, lakin həmin nasazlıq hallarının aradan qaldırılması öz təsdiqini tapmışdır. İddiaçı elektrik xətlərinin cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən kəsildiyini təsdiq edən videogörüntülər olduğunu qeyd etsə də, göstərilən halları sübuta yetirən mötəbər dəlillərini məhkəməyə təqdim etməmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “elektrik enerjisinin verilməsi” tələbinə dair iddiasının sübuta yetirilməməsi səbəbindən iddia tələbini təmin etməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş edərək şikayətini – "xxxx" ASC-nin ona ünvanlanmış 10 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilənlərlə əsaslandırmışdır. Apellyasiya şikayətinə əlavə olunmuş "xxxx" ASC-nin İddiaçı ünvanlanmış 10 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, ev 9, mənzil 218 ünvanı ilə bağlı müraciətə əsasən "xxxx" ASC-nin əməkdaşları "xxxx" MTK-nın əməkdaşları ilə görüşüb müəyyən ediblər ki, mənzil kreditdə olduğu üçün onun mənzilinə elektrik enerjisi verilişi qeyri-qanuni olaraq MTK-nın işçiləri tərəfindən dayandırılmış, "xxxx" MTK-nın nümayəndəsinə bu cür halların qanuna zidd olmasını və təkrar olunmaması haqqında xəbərdarlıq edilmişdir. Apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin icraçı direktoru - X11, şöbə rəisi - X9, komendantı - X10 və xəzinədarı - X17 tərəfindən imzalanaraq tərtib olunmuş xx.xx.2023-cü il tarixli Akt görünür ki, vətəndaş İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 9 saylı evin 218 saylı mənzilinə elektrik enerjisi verlişi MMC-nin işçiləri tərəfindən heç vaxt dayandırılmamış, həmin mənzilə mütəmadi olaraq "xxxx" ASC tərəfindən elektrik enerjisi verilmiş, eləcə də elektrik sayğaclarının yerləşdiyi binanın daimi qapalı vəziyyətdə saxlanıldığı və həmin binanın ərazisinə başqa şəxsin müdaxilə etməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında aparılmış araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 9 saylı evin 218 saylı mənzilinə elektrik enerjisinin verilməsi zaman-zaman texniki nasazlıq səbəbindən kəsilsə də, həmin nasazlıq halları MTK tərəfindən aradan qaldırılmış, hazırda həmin mənzilə elektrik enerjisinin verilməsi ilə bağlı hər hansı bir nasazlıq halları mövcud deyildir və gələcəkdə də mövcud olmayacaqdır. İddiaçı iddia tələbində ona məxsus mənzilə elektrik enerjisinin verilməsinin MTK tərəfindən kəsilməsini qeyd etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmiş, şikayətinin əsası kimi "xxxx" ASC-nin ona ünvanlanmış 10 noyabr 2022-ci il tarixli məktubuna istinad etsə də, MTK tərəfindən təqdim edilmiş Aktla və tərəflərin məhkəmə iclasında verdikləri izahatla məktubda qeyd edilən halların əksi sübut olunmuşdur. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamə işin faktiki hallarına və yuxarıda sadalanan maddi hüquq normalarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(012)-3316/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar