Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3656/2021 04.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(060)-602/2021 saylı qərardadından Cavabdeh şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(060)-602/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Elmir Hüseynov) iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 Cavabdeh qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə onu vermiş şəxsə geri qaytarıması qərara alınmış, Cavabdeh qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 602/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 Cavabdeh qarşı miras əmlakda payların müəyyən edilməsinə dair iddiası təmin edilərək ** BB *** dövlət qeydiyyat nişanlı, “OPEL VECTRA” markalı avtomobilin dəyərinin 6500 manat müəyyən edilməsi, ** BB *** dövlət qeydiyyat nişanlı, “OPEL VECTRA” markalı avtomobilin dəyəri olan 6500 manatın vərəsələr olan Cavabdeh, İddiaçı1, İddiaçı2 və X1 arasında bərabər bölünməsi qət edilmişdir. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 25 may 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 25 may 2021-ci il tarixli qərardadından Cavabdeh şikayət vermiş, şikayətində 21.04.2021-ci il tarixdə apellyasiya şikayətinə dövlət rüsumunu ödəyib, qoşma edərək təqdim etdiyini, Sumqayıt Şəhər Məhkəməsində dövlət rüsumunun ödənilməsinə dair qəbzin hansı şəraitdə itməsinin ona məlum olmadığını, əlbə-əl təqdim edilmiş apellyasiya şikayətində qoşmada olan sənəd itirilibsə, bununla bağlı məhkəmə işçiləri müvafiq akt tərtib edərək sənədləşdirilməli olduğunu, ödənilmiş dövlət rüsumunu yenidən həmin Bank filialında bərpa etdirdiyini göstərmişdir. Cavabdeh tərəfindən müəyyən edilmiş miqdarda dövlət rüsumu ödənildiyindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 09 iyun 2021-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 25 may 2021-ci il tarixli qərardadı ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2376/2021 saylı, 02 iyul 2021-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə müəyyən olunmuş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, həmçinin şikayətdə konkret tələb göstərilmədiyindən işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni poçt vasitəsi ilə 22.04.2021-ci ildə almış və qanunla müəyyən edilmiş bir ay müddətində, yəni 21.05.2021-ci ildə apellyasiya şikayətini Sumqayıt Şəhər Məhkəməsinə rəsmi qaydada təqdim etmişdir. Sumqayıt Şəhər Məhkəməsi 25.05.2021-ci il tarixli, 2(060)-602/2021 saylı qərardadla apellyasiya şikayətini və şikayətə əlavə edilmiş sənədləri geri qaytarmışdır. Həmin qərardadı poçt vasitəsi ilə 01.06.2021-ci il tarixdə almışdır. Qərardaddan görünür ki, dövlət rüsumu ödənilmədiyinə görə apellyasiya şikayəti geri qaytarılır. Halbuki şikayəti Sumqayıt Şəhər Məhkəməsinə rəsmi qaydada təqdim edən günü, yəni 21.05.2021-ci il tarixdə apellyasiya şikayətinə dövlət rüsumunu ödəyib, qoşma edərək təqdim etmişdir. Sumqayıt Şəhər Məhkəməsində dövlət rüsumunun ödənilməsinə dair qəbzin hansı şəraitdə itməsi məlum deyildir. Çünki sənəd bilərəkdən, qərəzli şəkildə itirilmişdir. Belə ki, qaydalara görə əlbə-əl təqdim edilmiş apellyasiya şikayətində qoşmada olan sənəd itirilibsə, bununla bağlı məhkəmə işçiləri müvafiq akt tərtib edərək sənədləşdirilməli idi. Ona belə bir akt təqdim edilməmişdir. Bununla belə məhkəmə heç bir qanuni əsas və sübut olmadan qanunsuz qətnaməni Sumqayıt Apellyasiya Məhkəməsinə buraxmamaq və onun hüquqlarını məhdudlaşdırmaq məqsədi ilə apellyasiya şikayətini geri qaytarmışdır. Bununla əlaqədar ödənilmiş dövlət rüsumu yenidən həmin bank filialında bərpa edilmiş və həmin tarixdə dövlət rüsumu və digər sənədlər Sumqayıt Şəhər Məhkəməsinə yenidən təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsi mülki işə əlavə edilmiş sənədlərə əhəmiyyət vermədən qərardad qəbul edərək hüquqlarını kobudcasına pozmuşdur. Məhkəmə müxtəlif qanunsuz yollarla onun apellyasiya şikayətinin apellyasiya məkəməsinə çıxmasına imkan verməmişdir. Digər tərəfdən, məhkəmə 01.09.2021-ci il tarixdə qərardad qəbul etsə də, həmin qərardadı ona 29.09.2021-ci ildə göndərmişdir. Bu müddət ərzində məhkəməyə ərizə ilə müraciət edib, təyinat düzgün göstərilmədiyinə görə dövlət rüsum qəbzini geri almış və yenidən rüsumu Sumqayıt Apellyasiya Məhkəməsinə ödədikdən sonra apellyasiya şikayətini təqdim etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 01.09.2021-ci il tarixli qərardadı qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti ötürülməmiş hesab edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini geri qaytararkən qətnaməni 27 aprel 2021-ci il tarixdə imza edərək qəbul etməsinə, bundan sonra 21 may 2021-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti verməsinə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2376/2021 saylı, 02 iyul 2021-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsinə, 07.07.2021-ci il tarixdə Cavabdeh həmin qərardadı almasına, bundan sonra 26.08.2021-ci il tarixdə yenidən apellyasiya şikayəti verməsinə, qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddətin ötürülməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsini Cavabdeh 22.04.2021-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməklə şəxsən almışdır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımını, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi Cavabdeh 22.04.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin ona təqdim edildiyi günün sabahı, yəni 23 aprel 2021-ci il tarixdən başlanmışdır. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti 21 may 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2376/2021 saylı, 02 iyul 2021-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 363.4-cü maddəsinə görə bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. İşdən görünür ki, Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2376/2021 saylı, 02 iyul 2021-ci il tarixli qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada apellyasiya şikayəti ilə yenidən məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətini geri qaytararkən qeyd edilən halları nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti ötürülməmiş hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(060)- 602/2021 saylı qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti ötürülməmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3656/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3656/2021
04.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver