Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3657/2021 30.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “16 may 2018-ci il tarixli ******* saylı aktı və həmin akta əsasən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair 30 may 2018-ci il tarixli tələbnamənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1845/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 2(027)-1845/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş,“Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş 16 may 2018-ci il tarixli, ******* saylı akt və həmin akta əsasən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair 30 may 2018-ci il tarixli tələbnamənin ləğv edilməsi, İddiaçı **********00460 saylı abonent hesabına hesablanmış 1944 manat məbləğində borc pulun onun abonent hesabından silinməsi qət edilmişdir (hakim Rahim Həsənov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-1845/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib olunmuş 16 may 2018-ci il tarixli ******* saylı akt və həmin akta əsasən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair 30 may 2018-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 1944 manat məbləğində borcun onun **********00460 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Qətnamə iddiaçının əsassız mülahizələri əsasında qəbul edilmişdir. Təşkilat tərəfindən təqdim olunmuş sübutlar qiymətləndirilməmişdir. “ Azəriqaz “ X2 RQİİ-nin Quba XS ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə əsasında təbii qazdan istifadə edir. Xaçmaz RQİİ-nin Quba rayon XS-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacına baxış keçirilmiş və qaz sayğacının menbranı deşici alətlə deşildiyinə görə xətdən açılmışdr. Bu barədə müvafiq akt tərtib edilmiş, abonet İddiaçı heç bir irad bildirmədən aktı imzalamışdır.Abonentin sayğacında vizual görünən müdaxilə aşkar edildiyi üçün abonent İddiaçı barəsində Xaçmaz RQİİ-nin Quba xidmət sahəsinin işçiləri tərəfindən akt tərtib edilmiş və dəymiş ziyan 1944 manat hesablanaraq abonentin hesabına işlənilmişdir. Sayğacın qorunmasına və ona müdaxiləyə yol verilməməsinə iddiaçı məsuliyyət daşımış, onun həmin məsuliyyəti qaz istehlakçısı kimi müqavilə öhdəliklərindən əmələ gəlir. Bu zaman sayğaca müdaxilənin bilavasitə abonent və ya bir başqası tərəfindən törədilməsinin əhəmiyyəti yoxdur. Çünki qaz sayğacına müdaxilə nəticəsində itirilmiş təbii qaz, yəni sayğacdan keçmiş, lakin sayğac tərəfindən qeydə alınmamış təbii qaz abonentin evində, onun qazh işlədici cihazlarına sərf edilmişdir. Buna görə də əgər qaz paylayfcısı qaz sayğacına müdaxilə olunduğunu sübut edirsə, müdaxilə nəticəsində qazpaylayıcıya dəyiş ziyan abonentdən tələb olunmalıdır. Qaz sayğacına müdaxilənin məhz abonent tərəfindən törədilməsi sübut edilərsə toplanmış material Energetika Nazirliyinə göndərilir və abonent «Enerji məsələlərinin tənzimlənməsi Agentliyi» tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi ilə məsuliyyətə cəlb edilir. Qeyd edilənlərə əsasən Quba Rayon Məhkəməsinin 2(027)-1845/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iddiaçıya hesablanmış dəymiş ziyan məbləğinin həqiqiliyini sübut edəcək heç bir mötəbər fakt mövcud deyil. Tələbnamə və akta gəldikdə isə ziyan mövcud olsa belə, onun kim tərəfindən vurulması məlum olmadığından birbaşa iddiaçı barəsində akt və tələbnamənin tərtibi qanunsuzdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-1845/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğaca ümumi baxış keçirilən zaman sayğacın plastmas borusunun oturacaqdan aralanması aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2018-ci ilin dekabr ayı üzrə akt əsasında 1944 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 9720 m3 sərfiyyat müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 16.05.2018-ci il tarixdə onun yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilində quraşdırılmış sayğacın plastmas borusunun deşici alətlə deşilməsi aşkar edilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında Cavabdeh İB tərəfindən 30.05.2018-ci il tarixli tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 1944 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf aktda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda iddiaçıya əsassız olaraq 1944 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın və qərarın (dəymiş ziyanın bərpasına dair tələbnamə) ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın və qərarın (dəymiş ziyanın bərpasına dair tələbnamə) ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş 16 may 2018-ci il tarixli ******* saylı akt və həmin akta əsasən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair 30 may 2018-ci il tarixli tələbnamə ləğv edilməli, hesablanmış 1944 manat məbləğində borc iddiaçının **********00460 saylı abonent hesabından silinməlidir. Qeyd edilənlərə əsasən məhkəmə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi borcun silinməsinə dair düzgün nəticəyə gəlsə də aktın və tələbnamənin ləğvinə dair gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 16 may 2018-ci il tarixli, ******* saylı akt və həmin akta əsasən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair 30 may 2018-ci il tarixli tələbnamənin etibarsızlığı üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacın plastmas borusunun oturacaqdan aralanması nəticəsində sayğaca müdaxilə edildiyi faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia akt və tələbnamənin ləğvi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, akt və tələbnamənin ləğv edilməsinə dair hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-1845/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən, akt və tələbnamənin ləğv edilməsinə dair hissədə ləğv edilsin. İddia Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 16 may 2018-ci il tarixli, ******* saylı akt və həmin akta əsasən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair 30 may 2018-ci il tarixli tələbnamənin ləğv edilməsi hissəsində təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3657/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3657/2021
30.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver