Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-370/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tikilinin cavabdehin öz hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(012)-244/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşin materiallarında olan DƏDRX tərəfindən verilmiş ******* saylı xx.xx.2016-cı il tarixli çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Masazır kəndi,H.Aslanov küçəsi ev 9A İddiaçı mülkiyyətindədir.
2. DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu Masazır kəndi ərazisində 01092 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 qarşı tikilinin cavabdehin öz hesabına sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Həzi Aslanov küçəsi 9A nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qonşuluğundakı torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin Cavabdeh1 öz hesabına sökülməsi və ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Sonradan iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə verərək, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Həzi Aslanov küçəsi 9A nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qonşuluğunda xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndi 0.2092 ha torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən onların öz hesabına sökülməsi və ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi, Həzi Aslanov küçəsi 9 A nömrəli fərdi yaşayış evi İddiaçı məxsusdur. Torpaq sahəsinin qonşuluğundakı Cavabdeh1 tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binası onun mülkiyyət hüquqlarını pozur. Belə ki, belə bir binanın inşası üçün cavabdehin heç bir icazə sənədi yoxdur. Həmin evin tikintisi ilə onun evinin təbii işıqlanması və havalandırılmasının qarşısı alınmışdır. Bundan başqa, bina təhlükəsizlik qaydalarına da cavab vermir, təhlükəsizlik qaydalarının tələbləri pozulmuşdur. Evi binanın balkonlarının tam olaraq altında yerləşir. Evinin üstünə və həyətinə hər hansı bir əşyanın atılması qaçılmazdır.
6. Cavabdeh1 vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraz vermişdir. Etirazda götərilmişdir ki, iddia ərizəsində iki əsas göstərilmişdir. Birinci əsas kimi cavabdeh tərəfin tikinti işlərinin aparılması üçün heç bir sənədinin olmamasını göstərmişlər. Onunla bağlı bildirilir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, torpaq sahəsinin plan ölçüsü və İcra Hakimiyyəti tərəfindən verilmiş icazə məktubu məhkəməyə təqdim edilmişdir. Bundan başqa ikinci əsas kimi tikintinin tikinti qanunverciliyinin tələblərinə cavab verməməsi və onunla qonşu kimi ara məsafəsi gözlənilmədən tikinti işlərinin aparılması göstərilmişdir, iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehlər tikinti ilə onun torpaq sahəsi arasındakı məsafəni 2 metr saxlamışdır. Lakin iddiaçının torpaq sahəsi ilə tikintinin ara məsafəsi 5 metrdən artıqdır. Bundan başqa İddiaçı Yaqub oğluna məxsus torpaq sahəsi ilə tikinti işləri aparılan torpaq sahəsinin qonşuluğu 1,5 metr təşkil edir və həmin hissədə ara məsafəsi daha çoxdur. Cavabdehlər tərəfindən tikilən tikilinin hündürlüyü isə 12 metrdən artıq olmamışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsində ara məsafəsi saxlanılmalıdır. Göründüyü kimi cavabdehlər tərəfindən tikinti işləri aparılarkən ara məsafəsi kifayət qədər saxlanılmışdır. Bundan başqa iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüqununun olub-olmaması da müəyyən edilməlidir. İddiaçı iddiasının hüquqi əsası kimi Şəhərsalma və Tikinti Məcəlləsinə istinad etmişdir. Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənən münasibətlər Publik (ümumi) münasibətlərdir. Cavabdehlərin tikdiyi tikili ilə iddiaçıya məxsus olan torpaq sahəsi arasında qonşuluğun məsafəsi az olmasına baxmayaraq cavabdehlər tərəfindən ara məsafəsi gözlənilmişdir. Tikinti işlərində digər qanunverilik normalarının pozulmasının (cavabdehlər tərəfindən pozulmasa belə) iddiaçıya zərər yetirməsi istisna olunur. Belə olan halda iddiaçının hazır ki, iddia ilə tələbi ilə çıxış etməyə subyektiv hüququ yoxdur.
7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən iddiaçının vəkili Nümayəndə ünvanlanan 12 sentyabr 2022-ci il tarixli məktubdan müəyyən edilir ki, Abşeron Rayon İcra Hakimiyyətinin 22 aprel 2022-ci il tarixli məktubu ilə vətəndaş Cavabdeh2 Masazır kəndi ərazisində mülkiyyətində olan 0.1092 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş zirzəmili, birmərtəbəli, mansardlı fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi razılaşdırılmışdır. Fərdi yaşayış evinin tiintisi ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olaraq yerli icra hakimiyyətindən məlumatlandırma icraatının təsdiq edilməsi barədə agentliyə məlumat daxil olmamışdır.Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh2 ünvanlanan 22 aprel 2022-ci il tarixli məktubdan görünür ki, onun Masazır kəndi ərazisində mülkiyyətində olan 0.1092 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəfindən aşağıdakı şərtlər daxilində razılaşdırılır: tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılsın, tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunsun, tikinti müddətində razılaşdırılmış eskizdən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə icra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilsin. Əks halda məlumatlandırma icraatı qüvvəsini itirmiş hesab olunur.
8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-4268/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2023-cü il tarixdə 10/790 nömrəli rəy alınmışdır. Rəyə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.2092 ha torpaq sahəsində inşa edilmiş tikili ilə torpaq sahəsinin sərhədinə qədər olan məsafə bir tərəfdən 4,5 metr, digər tərəfdən 3,4 (4,1) metr təşkil etdiyini nəzərə alaraq, həmin binanın inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4., 69.5. və 69.5.3. bəndlərinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar”ın tələblərinə əməl olunmadığı müəyyən edilir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/5265 nömrəli ekspert rəyindən müəyyən edilir ki, iddiaçıya məxsus Abşeron rayonu Masazır kəndi, Həzi Aslanov küçəsi 9A nömrəli fərdi yaşayış evinin giriş-çıxış yolunun dalandan olduğunu, cavabdehə məxsus tikiliyə girişçııxış yolunun küçədən olduğunu, eləcə də tədqiq olunan tikilinin iddiaçının evinin girişçıxış yolunun qarşısında yerləşmədiyini nəzərə alaraq, cavabdehlərin inşa etdirdikləri tikilinin iddiaçıya məxsus yaşayış evinin giriş-çıxışına maneə törətmədiyi müəyyən edilir. Yaşayaış evinə təbii günəş işığının keçməsinin və havalandırmasının qarşısının alınıbalınmamasının müəyyən edilməsi tikinti-texniki ekspertizasının səlahiyyətinə aid olmadığından tədqiqat aparılmamışdır.
10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-244/2023 saylı qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia təmin edilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli binanın tikintisi Cavabdeh2 adına DƏDRX-tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışla mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində 01092 ha torpaq sahəsində, Abşeron rayon İH tərəfindən Cavabdeh2 ünvanlanan 22 aprel 2022-ci il tarixli məktubla məlumatlandırma icraatı qaydasında tikilmişdir. İddia tələbinin mübahisəli binanın inşası ilə onun evinin təbii işıqlanması və havalandırılmasının qarşısı alınması, binanın təhlükəsizlik qaydalarına cavab verməməsi, təhlükəsizlik qaydalarının tələblərinin pozulması kimi dəlillərini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57.1, 57.2, 57.2.1, 57.2.2, 57.2.3, 57.2.4, 57.2.5, 69.1, 69.1.1, 69.1.2, 69.2, 69.1 - 69.5-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bütünlüklə qanuni nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə qətnaməsinin əvvəlində və qət hissəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsləri göstərsə də, işin qanuni həllinə töhfə verəcək bu qurumları işə cəlb etməmişdir. Halbuki bunu iddiaçı olaraq israrla tələb etmiş, hər iki qurumun qanunsuz tikiliyə münasibətdə mövqeyini əks etdirən sənədləri məhkəməyə təqdim edilmişdir. Bundan əlavə məhkəmənin istinad etdiyi xx.xx.2023-cü il tarixli,10\5265 saylı rəydə onun evinin giriş-çıxışına dair fikir bildirməsi özü qanunsuzdur. Çünki bu sual ekspertiza qarşısında qoyulmamış, nə də giriş-çıxışın mümükünsüzlüyünə dair iddia tələbi də qoymamışdır. Bunu iddiaçı olaraq mübahisələndirməmişdir. Əksinə həmin rəydə qərardadda qoyulan suallarla ilə bağlı göstərilir ki, yaşayış evinə təbii günəş işığının kəsilməsi, havalandırmanın qarşısının alınması məsələsi tikinti texniki ekspertin həll etdiyi məsələlər dairəsindən kənardır. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçıya məxsus yaşayış evinə təhlükəsizlik baxımından təhlükə yaradıb-yaratmaması, həmin sahə üzrə xüsusi biliyə malik tikinti konstruktoru cəlb etməklə müəyyən edilə bilər. Göründüyü kimi məhkəmənin 04 iyul 2023cü il tarixli qərardadında qoyulan sualların heç birinə ekspert rəy verməmiş, məhkəmə qərardadı ilə ekspertiza təyin edərkən məhkəmə icranı ekspertizanın aparılmasını qoyulan suallara aydınlıq gətirməli olan ekspert mütəxəssislərə yox bu sualara aydınlıq gətirməsinə səlahiyyəti olmayan ekspertizaya həvalə etmişdir. Sonuncu isə cavabdehin müdafiəsi məqsədi ilə qarşısına qoyulmayan, iddia tələbinə aidiyyəti olmayan suala özbaşına cavab yazmışdır. Belə rəyi əgər rəy demək mümkündürsə məhkəmə sübut kimi götürə bilməzdi. Digər tərəfdən əgər zəruri idisə (işin vəziyyətinə görə buna zərurət yox idi, artıq binanın qanunsuz inşa edilməsinə kifayət qədər sənəd toplanmışdı) məhkəmə onu maraqlandıran və qərardadında göstərdiyi suallara aydınlıq gətirən ekspertizalar keçirməli idi. Məhkəmənin istinad etdiyi rəydə aydın göstərilir ki, cavabdeh 5 mərtəbəli bina inşa etmişdir. Belə vəziyyətdə nə bu rəyə nədə məlumatlandırma icraatına məhkəmənin istinad etməsi məsələyə ədalətli yanaşma anlamı vermir. İşdə olan Fövqaladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin 12 sentyabr 2022-ci il tarixli məktubunda göstərlir ki, X2 adına 01092 ha torpaq sahəsində Abşeron rayon İH-nin ona ünvanladığı 22 aprel 2022-ci il tarixli məlumatlandırmaya əsasən zirzəmili, birmərtəbəli, mansarlı fərdi yaşayış evi tikməsi memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəfindən razılaşdırılmışdır. Göründüyü kimi cavabdeh ərazinin baş planına uyğun razılaşdırılmış 1 mərtəbə əvəzinə 5 mərtəbəli bina inşa etmiş, şifahi deməsinə görə gələcəkdə 9 mərtəbəyə yüksəltməyi hədəfləyir. Son məqsədə onun şikayəti mane olub. Məhkəmə bu məsələlərə toxunmamış, qətnamədə göstərməmiş və qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 və üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
19. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
20. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...)
22. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...) 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
23. Maddə 170. Qonşuluq hüququ 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. (...)
24. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (...) 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
25. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
26. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
27. 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi
28. Maddə 69. Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. (...) 69.7. Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. 69.8. Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
29. Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. (...) 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir.
30. Maddə 95. Tikinti obyektlərinin sökülməsi 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
30. Maddə 97. Tikintiyə dövlət nəzarəti 97.1. Tikintiyə dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının (karkasların, qəliblərin və s.) yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. (...) 97.5. Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
32. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
33. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
35. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
36. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Baxılan mübahisə qanunsuz olaraq inşa edilmiş tikilinin sökülməsi ilə bağlıdır. Belə ki, iddiaçı mübahisələndirilən tikilinin ona məxsus yaşayış evinə təhlükə yaratması, iddiaçının mülkiyyət hüquqlarını pozması, onun evinin təbii işıqlanması və havalandırılmasının qarşısını alması, evinin binanın balkonlarının tam olaraq altında yerləşməsi hallarına istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.
41. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.
42. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/790 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.2092 ha torpaq sahəsində inşa edilmiş tikili ilə torpaq sahəsinin sərhədinə qədər olan məsafə bir tərəfdən 4,5 metr, digər tərəfdən 3,4 (4,1) metr təşkil etdiyini nəzərə alaraq, həmin binanın inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4., 69.5. və 69.5.3. bəndlərinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar”ın tələblərinə əməl olunmadığı müəyyən edilir.
43. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/5265 nömrəli ekspert rəyindən müəyyən edilir ki, iddiaçıya məxsus Abşeron rayonu Masazır kəndi, Həzi Aslanov küçəsi 9A nömrəli fərdi yaşayış evinin giriş-çıxış yolunun dalandan olduğunu, cavabdehə məxsus tikiliyə giriş-çıxış yolunun küçədən olduğunu, eləcə də tədqiq olunan tikilinin iddiaçının evinin giriş-çıxış yolunun qarşısında yerləşmədiyini nəzərə alaraq, cavabdehlərin inşa etdirdikləri tikilinin iddiaçıya məxsus yaşayış evinin girişçıxışına maneə törədir.
44. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinə məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerli baxış zamanı həmin tikilinin dörd mərtəbədən (1-ci mərtəbə qeyri-yaşayış, 3 mərtəbə yaşayış) ibarət olması, iddiaçıya məxsus olan evin həyətinin mübahisə olunan binanın həyəti ilə arxa sol tərəfdən təxmini olaraq 3-4 metr məsafədə mişar daşı ilə hörülmüş hasar ilə qonşu olması, hasarın yanında pilləkənin altında mübahisəli tikiliyə aid su çəninin mövcud olması müəyyən edilmişdir.
45. Tərəflər arasında göstərilən mübahisəli məsələlərə obyektiv aydınlıq gətirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-370/2024 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
46. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/1950 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 məxsus Abşeron rayonu Masazır kəndində yerləşən 0,1092 ha torpaq sahəsində inşa edilmiş mübahisəli 4 mərtəbəli, tikili ilə İddiaçı məxsus evlə arasında olan məsafənin 14,15 m təşkil etdiyi, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,1092 ha torpaq sahəsində inşa edilmiş mübahisəli 4 mərtəbəli tikiliyə bitişik inşa edilmiş su çəni, iddiaçıya məxsus evlə arasında olan məsafənin 13,20 m təşkil etdiyi, Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsində inşa edilmiş mübahisəli həmin 4 mərtəbəli tikilinin yerləşdiyi torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsinin (faktiki) sərhədləri ilə olan ara məsafəsinin 3,30 m təşkil etdiyi, Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsində inşa edilmiş mübahisəli həmin 4 mərtəbəli tikilinin yerləşdiyi torpaq sahələrini ayıran hasar tikilisindən iddiaçıya məxsus evə qədər olan məsafənin 9,80 m təşkil etdiyi, Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsində inşa edilmiş həmin 4 mərtəbəli tikilidən həmin hasaradək olan məsafənin 4,35 m təşkil etdiyi müəyyən edilmişdir.
47. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.7-ci maddəsinə əsasən, tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
48. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
49. Məhkəmə iclasında iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, mübahisəli tikili özbaşına tikili olmamaqla, Cavabdeh2 məxsus Abşeron rayonu Masazır kəndində yerləşən 0,1092 ha torpaq sahəsində məlumatlandırma icraatı qaydasında inşa edilmiş və tikintisi başa çatmışdır.
50. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 5-ci bəndinə əsasən, bu Qaydaların 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə bu Qaydaların 3-cü və 4-cü hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir.
51. Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti obyektlərinin sökülməsi adlanan 95-ci maddəsində isə tikintisi başa çatmış tikinti obyektinin sökülməli olduğu hallar, o cümlədən tikintiyə dövlət nəzarətinin həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etməli olduğu hallar öz əksini tapmışdır.
52. İşdən həmçinin aydın olur ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən tikinti işlərinin dayandırılması haqqında 0504 nömrəli qərar qəbul edilmiş, lakin hazırda tikinti başa çatmış, hətta istismar edilir.
53. Sadalanan qanunvericilik aktları normalarına və işin araşdırılmış hallarına əsasən məhkəmə kollegiyası belə hesab edir ki, mövcud vəziyyətdə mübahisəli tikilinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi, özbaşına tikili olması, iddiaçıya məxsus yaşayış evinin giriş-çıxışına maneə törətməsi, mübahisəli 4 mərtəbəli tikilidən 14,15 metr aralıda yerləşən iddiaçıya məxsus yaşayış evinə təhlükə yaratması, iddiaçının mülkiyyət hüquqlarını pozması, onun evinin təbii işıqlanması və havalandırılmasının qarşısını alması, evin binanın balkonlarının tam olaraq altında yerləşməsi halları işdə olan sübutlarla müəyyən edilmədiyindən, hazırkı iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
54. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-in 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün MPM-in 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-244/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 100 manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-244/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.