Məhkəmə qərarları › İş №2(105)-3738/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3738/2021

15.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3738/2021 15.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1573/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək babasının şəxsiyyət vəsiqəsində yazılmış X2 ilə hal-hazırda babasının doğum haqqında şəhadətnaməsində X1 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(027)-1573/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə uyğun olaraq Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Həmin mülki iş üzrə Ərizəçi Quba Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(027)-1573/2021 saylı ərizənin baxılmamış saxlanması haqqında qərardadının ləğv olunmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(027)-1573/2021 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(027)-1573/2018 saylı qərardadının ləğv edilməsindən imtina olunmuşdur. Ərizəçi Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(027)-1573/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(027)-1573/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, qərardadla razılaşmır. Hesab edir ki, qərardad əsasszıdır və ləğv edilməlidir. Odur ki, Quba Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(027)-1573/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(027)-1573/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, məhkəmə Quba Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(027)-1573/2021 saylı qərardadı ilə ərizəçinin ərizəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə uyğun olaraq ərizənin baxılmamış saxlanılması, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilməsinin izah edilməsini müəyyən edərək şikayəti təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, iş materiallarından görünür ki, ərizə 23.07.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mübahisəyi məhkəmədən kənar qaydada həll etmək istədiyini bildirmiş, ərizənin geri qaytarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(027)-1573/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə uyğun olaraq ərizə baxılmamış saxlanılmışdır. Bundan sonra ərizəçi məhkəməyə müraciət edərək qeyd edilən qərardadın ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qanunvericiliyin tələbindən göründüyü kimi məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Hazırki iş üzrə isə ərizəçinin ərizəsi əsasında ərizə baxılmamış saxlanılmışdır və bu əsasla baxılmamış saxlanılmasına dair qərardadın ərizə əsasında ləğvi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən də ərizəçi ərizənin baxılmamış saxlanılması barədə qərardadın ləğvi barədə ərizə ilə deyil, yenidən ümumi qaydada məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Bu baxımdan, birinci instansiya məhkəməsinin AR Mülki Prosessual Məcəlləsinin qeyd edilən normalarına istinad edərək qərardadın ləğvindən imtina etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-1573/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Quba Rayon Məhkəməsinin 2(027)-1573/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar