Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3744/2021 16.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2514/2021 saylı, 27.09.2021-ci il tarixli qərardadından Cavabdeh İB tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış 460,80 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianın təmin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən yaşayış evinə təbii qazın verilməsinin bərpa edilməsini xahiş etmişdir. O, ərizəsini bununla əsaslandırmışdır ki, hazırda cavabdeh təşkilat evinə təbii qazın verilməsini dayandırmışdır. Qarşıdan soyuq qış ayları gəlir və onun himayəsində azyaşlı uşaqları vardır. Vəziyyəti çox pisdir. Ona görə də vəziyyətinin nəzərə alınmasını və evinə təbii qazın verilməsinin bərpa edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2514/2021 saylı, 27.09.2021-ci il tarixli qərardadı ilə iddianın təmini tədbirinə dair ərizə təmin olunmuşdur. (hakim İ.Xəlilov) İş üzrə Cavabdeh İB qərardaddan şikayət vermişdir. Şikayət bununla əsaslandırılmışdır ki, qərardad qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, abonent İddiaçı fərdi yaşayış evində təbii qazdan istifadə etsə də, onun dəyərini ödəmir. Hazırda onun Cavabdeh İB-yə cəmi 533,60 manat borcu vardır ki, bunun 72,80 manat hissəsi sayğacla müəyyən edilən borcdur. Dəfələrlə bu borcun ödənilməsini abonentdən tələb etsələr də, nəticəsi olmamışdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qərardad ləğv edilməlidir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını yazılı icraat qaydasında araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2514/2021 saylı, 27.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, iddia tələbinin mahiyyəti təbii qazdan istifadəyə görə yaranmış borcun abunə hesabından silinməsi təşkil edir. İddianı təmin etmə tədbiri barədə ərizə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarılana qədər təbii qaz verilişinin cavabdeh tərəfindən dayandırılmasının qarşını almaq məqsədi daşıyır. Ərizənin mahiyyəti qətnamənini gələcəkdə icrasını təmin etmək üçündür. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən (01.10.2021-ci ilədək qüvvədə olan norma) hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad muvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti uzrə həll etmir. Mülki Prosessual Məcəllənin 158.1.1-ci və 158.1.3-cü maddələrinə görə iddianı təmin tədbiri kimi məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak uzərinə həbs qoya, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Qeyd olunan prosessual hüquq normalarından göründüyü kimi, iddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Qanunun mənasına görə iddia ərizəsinin icraata qəbul edilməsi anından qətnamənin çıxarılmasınadək olan istənilən mərhələdə iddianın təmin edilməsi mümkündür. Məhkəmə kollegiyası nəzərə alır ki, təbii qazın istehlak edilməsinə görə yaranmış borcun mübahisələndirilməsi işə mahiyyəti üzrə baxılarkən həll edilməli məsələ olduğundan bu barədə Cavabdeh İB-nin dəlili iddianı təminetmə tədbirinin görülməsinə dair qəbul edilmiş qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh İB tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2514/2021 saylı, 27.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3744/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3744/2021
16.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver