Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3777/2021 22.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı kirayə pulunun ödənilməsi və mənzilə vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(074)-510/2021-011 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 192,50 manat kirayə haqqı, evə çəkilən kommunal xərclər üzrə cavabdehlərdən iddiaçının xeyrinə 60 manat pul olmaqla ümumlikdə 252,50 manat pul alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kirayə pulunun və mənzilə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və onun qızı Cavabdeh2 ilə kirayə müqaviləsi ilə təsdiq olunmuş sonuncu 25 günlük 192.50 manat kirayə haqqını, cəmi 107,50 manat məbləğində olan bütün 3 aylıq kommunal xidmət haqqlarını və əlavə olaraq onlar mənzilindən çıxarılarkən qəsdən mənzilinə vurduqları 400 manat maddi ziyanın ümümilikdə cəmi 700 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 oktyabr 2020-ci il tarixdə Cavabdeh1 və onun qızı Cavabdeh2 ilə 1 illik müddətinə kirayə müqaviləsi imzalayaraq (qaz pulu, su pulu və enerji pulu daxil olmamaqla) ona məxsus Yeni Günəşli qəsəbəsindəki AB massivi 76, bir-otaqlı mənzil 32 mənzilini aylıq kirayə haqqı 230 manat olmaqla yaşamaq üçün cavabdehlərə vermişdir. Kirayə müqaviləsindən göründüyü kimi mənzilini kirayəyə verərkən orada yataq mebeli, televizor, çarpayı, bir ədəd stol, altı ədəd stul olmuşdur. Bu müqavilə cavabdehlərin hər ikisi tərəfindən imzalanmış və onlara məxsus mobil telefon nömrələri də müqaviləyə yazılmışdır. 2021-ci ilin yanvar ayının kirayə pulunu istəyərkən cavabdehlər bundan imtina etmişlər. Ona görə də cavabdehləri mənzilindən çıxartmış və onlar müqavilə şərtlərini pozduqlarına və həm də mənzildən çıxarkən evə qəsdən ziyan vurduqlarına görə 19.01.2021 -ci il tarixdə Bakı şəhər Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Oradan göndərilmiş 100-414M-1221 saylı, 11.02.2021-ci il tarixli cavabın təsdiq edilmiş surətində qeyd olunmuşdur ki, bu mülki mübahisə xarakterli məsələ olduğundan məhkəməyə müraciət etməlidir. Cavabdehlərin ona 25 günlük kirayə pulu - 192.50 manat, 3 aylıq (enerji pulu, su pulu, telefon pulu, istilik pulu, lift pulu və qaz pulu) kommunal xidmət borcları vardır. Bu borc məbləği 300 (üç yüz) manat edir. Bundan əlavə, onlar evi tərk edərkən qəsdən mənzildə hamamın qapısını, otağın qapı şüşəsini, qapı tutacağını, pəncərə setkasını sındırmış və ev telefonunu da xarab etmişlər. Digər tərəfdən evdə olan mebel əşyalarını da yararsız hala salmışlar. Cavabdehlərin evi tərk edərkən mənzilə vurduqları maddi ziyanı təsvir etmək üçün mənzilinin fotoşəkillərini də ərizəyə əlavə etmişdir. Bu maddi ziyanın ümumi məbləği 400 (dörd yüz) manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Şamaxı Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Cavabdehlərin ucbatından maddi zərər görmüşdür. Eyni zamanda tərəfindən hüquq xidmətlərinə ödədiyi 267 manat ödənilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mənzil tamamilə yararsız vəziyyətə salınmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prossual Məcəllənin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni kirayəçilərin üzərlərinə götürdüyü öhdəlikləri icra etməmələri, ünvan 1 ünvanındakı mənzilə vurulmuş ziyanın cavabdehlər tərəfindən yerilməsinə dair iddiaçı tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Hazırkı iş üzrə iddia tələbi kirayə pulunun və mənzilə dəymiş ziyanın ödənilməsi barədədir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, Yeni Günəşli qəsəbəsindəki AB massivi 76, bir-otaqlı mənzil 32 mənzilini 1 illik müddətə aylıq kirayə haqqı 230 manat olmaqla yaşamaq üçün verilməsi şərti ilə 25 oktyabr 2020-ci il tarixdə iddiaçı ilə cavabdehlər Cavabdeh1 və onun qızı Cavabdeh2 arasında müqavilə imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri kirayəçinin zəruri məsrəfləri hesab edilir (Mülki Məcəllənin 680.1.1-ci maddəsi). İddiaçının apellyasiya şikayətində bütün 3 aylıq kommunal xidmət haqqlarını və əlavə olaraq onlar mənzilindən çıxarılarkən qəsdən mənzilinə vurduqları 400 manat maddi ziyanın ödənilməsi ilə bağlı qeyd edir ki, sübut etmə yükü üzərinə düşən iddiaçı MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbi üzrə bu hissədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iddiaçının hüquq xidmətlərinə 267 manat ödənilməsi barədə apellyasiya şikayətinə gəldikdə isə qeyd edir ki, birinci instansiya məhkəməsində belə bir iddia irəli sürməməsinə baxmayaraq, apellyasiya şikayətində yeni tələb irəli sürmüşdür. Bu isə faktiki olaraq iddia tələbinin həcminin artırılmasına yönəlmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 372.4 və 372.5-ci maddələrinin tələblərinə cavab vermir. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Tərəflər apellyasiya instansiyasının baxışına yeni tələbləri yalnız o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, əks tərəfin tələbinin rədd edilməsinə, üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın verilməsi əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun (MPMnin 372.3., 372.4. və 372.5. maddələri). Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayətləri təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3777/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3777/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver