Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-379/2023 22.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Xaçmaz Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(067)- 1573/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon Qaz İstismar İdarəsi tərəfindən aparılmış yoxlamanın nəticəsinə dair komissiya qərarının və bu barədə yazılmış xx.xx.2022-ci il tarixli, ******* saylı aktın ləğvi və həmin akta əsasən yazılmış 1072 manat əsassız olaraq hesablanmış ziyanın silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Çarxı kəndində yaşayır. Ona məxsus evdə sayğacın üfüqi vəziyyətə gətirərək qazdan qeyri-qanuni istifadə halı aşkarlanması barədə xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon Qaz İstismar İdarəsi tərəfindən yazılan ******* saylı akt yazılaraq onu 1072 manat cərimə etmişlər. Halbuki, onun sayğacı Azəriqaz İB-nin işçiləri tərəfindən səhv quraşdırılmışdır. Bu barədə dəfələrlə Azəriqaz İByə müraciət etsə də müxtəllif bəhanələr gətirərək sayğaca baxış keçirməkdən yayınmışlar. Hər ay qaz sayğacının göstəricilərinə görə o, istifadə etdiyi qaz borcunu ödəmişdir. Onun ödənilməmiş borcu qalmamışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı AKT-da göstəriənlər əsassızdır və silinməlidir. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən “abonent sayğacı üfüqi vəziyyətə gətirərək təbii qazdan qeyri- qanuni istifadə edir” rəyi verilmişdir. Abonent dəymiş ziyanını ödəməlidir. xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpası” üzrə hesablama sənədi təqdim edilmiş, həmin sənəddə göstərilir ki, “qaz sayğacının nominal qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi-24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 2.4 x 24 x 90=5184 m3 və 1.4x24x90=3024 m3 itirilmiş qazın bərpası ilə əlaqədar tərtib olunmuş sənəddə 8208 m3 qaz sərfıyyatına görə qalıq borcu hesablanmışdır. Yuxarıda göstərildiyi kimi sayğac çıxarılıb götürülərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Şübhə edir ki, sayğac elə yoxlayıcılar tərəfindən qəsdən zədələnmişdir ki, ona əlavə pul hesablansın. Qaz sayğacı küçədə, evinin giriş qapısından aralıda quraşdırılıb, sərfıyyatına görə ödənişləri vaxtlı-vaxtında etmişdir. Onun və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Əraziyə baxan qaz nəzarətçisi də ayda bir neçə dəfə sayğacın göstəricilərini yazır, əgər müdaxiləyə hər hansı bir şübhə olsaydı o, görərdi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim işə obyektiv, qərəzsiz və hərtərəfli baxmamışdır. Sübutları araşdırmamışdır. O öz faktlarını hesab edir ki, sübut etmişdir. İddiaçı olaraq onun hər hansı sübutu təqdim etməmişdir hissəsi yalandır. Qeyrimötəbər ziddiyətli qətnamə yazılmışdır. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və həmin hissədə iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsini iddiaçının sayğacın üfüqi vəziyyətə kənar şəxs tərəfindən gətirilməsi barədə məlumatsız olmasının əsassız olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia tələbi əsassız hesablanmış pul məbləğinin silinməsi barədədir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib və cavabdeh təşkilatın tərtib etdiyi akta əsasən abonentin qaz sayğacını üfüqi vəziyyətə gətirərək qazdan qeyri-qanuni istifadə halının aşkarlanması nəticəsində dəymiş ziyan hesablanaraq iddiaçıdan tələb edilmişdir. Quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qəbul edilmiş akt və onun əsasında hesablanmış cərimə məbləği əsaslı hesab edilə bilməz. Lakin iddiaçı tərəfindən silinməsi tələb olunan məbləğin (1072-984,96=87.04) 87, 04 manat debitor borc olduğundan, iddia tələbi həmin hissədə əsaslı olmadığından, təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, əsassız hesablanmış 984 (doqquz yüz səksən dörd) manat 96 (doxsan altı) qəpik məbləğində borcun silinməsi qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilsin. İddiaçı məxsus Xaçmaz rayonu, Çarxı kəndində yerləşən mənzilə aid **********10710 abonent koduna hesablanmış 984 (doqquz yüz səksən dörd) 96 (doxsan altı) qəpik manat məbləğində borc silinsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-379/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-379/2023
22.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver