Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3806/2021 15.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı nümayəndəsi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(027)-870/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(027)-870/2021 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(027)-870/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahilş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 01.09.2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC və X4 arasında 07.08.2015-ci il tarixində 059/M saylı kredit müqaviləsi bağlanmış, sonuncuya illik 10 faiz olmaqla, 60 ay müddətinə 500.000 manat məbləğində kredit verilmişdir. 059/M Kredit müqaviləsinin təminatı kimi 01.09.2015ci il tarixində ipoteka müqaviləsi bağlanaraq, həyat yoldaşı Cavabdeh1 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi 57500 manat dəyərində qiymətləndirilmiş, Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.2285 ha torpaq ipoteka ilə yüklü edilmişdir. Lakin onun bundan yalnız Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qətnaməsini gördükdən sonar xəbəri olmuşdur. Qanunvericiliyə əsasən sözügedən ipoteka müqaviləsinin bağlanmasına Cavabdeh1 həyat yoldaşı olaraq onun razılığı tələb olunmasına baxmayaraq, mülkiyyətində olan əmlakın ipoteka ilə yüklü edilməsinə dair notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi olmamış və onun razılığı olmadan mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü edilmiş, və onun mülkiyyət hüquqları cavabdehlər tərəfindən kobud şəkildə pozulmuş, həyat yoldaşı Cavabdeh1 onun etibarından sui istifadə edərək qanunla qorunan maraqlarına və mənafeyinə mühüm zərər vurmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 14 sentyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 34-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 33, 33.4-cü maddələrinin, Azərbaycan Respublikası MPM-nin 9.1, 9.2-ci maddələrinin və “İpoteka haqqında” Qanunun 1.0, 8.1, 10.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2-nin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.09.2021ci il tarixli, 2(002)-161/2020 saylı qətnaməsi ilə Cavabdeh1 aid hissədə iddia tələbinin Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsinə yönəldilməsi və açıq hərracda satılması, Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsinin ilkin satış qiymətinin 55898 manat müəyyən edilməklə, satışdan əldə olunan məbləği kredit məbləğinin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh1 verilməsi və daşınmaz əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmişdir. 01.09.2015-ci il tarixli ipoteka müqaviləsinin surətində görünür ki, Cavabdeh2 və X4 arasında bağlanmış kredit müqaviləsi üzrə kreditin təminatı olaraq Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus 1.62 ha torpaq sahəsi və həmin torpaq sahəsi reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, seriya RX ******* 31.07.2015-ci il tarixli Çıxarışa əsasən ipoteka saxlayanın xeyrinə yüklü edilmişdir. Quba rayonu İİ Nügədi kəndində qeydiyyatda olan İddiaçı tərəfindən verilmiş və notarial qaydad təsdiq olunmuş 01.09.2015-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı həyat yoldaşı Cavabdeh1 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsinin Cavabdeh2-yə ipotekaya qoyulmasına etiraz etmir. AZ-İİ 672593 nömrə və seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh1 arasında olan nikah 08.08.1966-ci il tarixdə bağlanmış və 26 nömrə ilə qeyd edilmişdir. Nikah haqqında şəhadətnamə Quba rayon Qeydiyyat şöbəsi tərəfindən 06.09.2011-ci ildə verilmişdir. “İpoteka haqqında ” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, sübuetmə yükü baxımından iddiaçı, Cavabdeh2 və cavabdeh X4 arasında 07.08.2015-ci il tarixində 059/M saylı kredit müqaviləsinin təminatı məqsədilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, seriya RX ******* 31.07.2015-ci il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsi ipoteka saxlayanın xeyrinə yüklü edilib, İddiaçı həyat yoldaşı Cavabdeh1 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsinin Cavabdeh2-yə ipotekaya qoyulmasına etiraz etmədiyi barədə notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmişdir. İşin faktiki hallarından aydın olur ki, mübahisələndirilən - Cavabdeh2 və cavabdeh X4 arasında 07.08.2015-ci il tarixində 059/M saylı kredit müqaviləsi bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qanuni əsaslarla bağlanmış ipoteka müqaviləsinin etibarsızılığı üçün qanunvericiliklə müəyyən edilmiş yuxarıda qeyd edilmiş əsaslardan heç biri mövcud deyildir. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(027)-870/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3806/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3806/2021
15.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver