Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-382/2024 31.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5721/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbinin təmin edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00330) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akt əsasında hesablanmış 3059,48 manat borcun silinməsi, iddianın verilməsinə görə 50,6 manat dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Corat qəsəbəsi, 33 saylı evdə istifadədə olan qaza görə quraşdırılmış qaz sayğacına tərtib edilmiş ******* №-li, xx.xx.2023-cü il tarixli akt əsasında qanunsuz hesablanmış 3059,48 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 33 saylı ev ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışına əsasən iddiaçının mülkiyyətində və istifadəsindədir. Həmin evə dair qaz sayğacının **********00330 nömrəli abonenet kodu iddiaçının adına qeydiyyata alınmışdır. Heç vaxt kommunal ödənişlərində bağlı heç bir problem yaranmamışdır. Belə ki, xx.xx.2023- cü il tarixdə Cavabdeh əməkdaşları yaşadığı evə gələrək ******* № li, xx.xx.2023-cü il tarixli akt tərtib etmişlər. Həmin seriyalı aktda cavabdeh təşkilatın əməkdaşları tərəfindən çıxarılmış G-4 markalı, 1805AZ**********99 nömrəli sayğaca baxış keçirilərkən hesablama mexanizminin bir ədəd dişli çarxının dişlərinin kəsildiyi, əsas bağlayıcı klapanı əlaqələndirən lentin aralı vəziyyətdə olması, həmçinin sayğac istismar müddətində ALARM-1 rejiminin aşkar olunmaması və sayğacın istismara yararsız olması qeyd edilmişdir. Bunun nəticəsi olaraq ki, həmin akt əsasında 3059, 48 manat borc yaranmışdır. Qeyd edir ki, yararsız olan sayğac ailə üzvlərinin iştirakı ilə digər ilə əvəzlənmişdir. Sayğac çıxarılarkən üzərində olan plomb cavabden təşkilatın əməkdaşları tərəfindən açılmışdır. Həmin plomb açılarkən onun qırılması kimi hal müşahidə olunmamışdır. Belə ki, qaz sayğacları qaz xətləri üzərində quraşdırılmışdır kipliyə yoxlanıldıqdan sonra xüsusi nömrəli plombla plomblanır. Plombun toxunulmazlığı barədə abonentin cavabdehliyi göstərilməklə müvafiq sənədlə rəsmiləşdirilir. Plomb onun şəbəkədən ayrılmasının və təbii qazdan qeyri-qanuni istifadə edilməsinin qarşısını alır. Plombun sayğacın üzərində olan mövcudluğu quraşdırılmış toxunulmazlığı deməkdir, o cümlədən sayğacın üzərinə vurulmuş zavod plombuna müdaxilə olunarsa, qaz sayğacı dərhal şəbəkədən çıxarılaraq aktlaşdırılır və dövlət yoxlamasına göndərilir. Göründüyü kimi sayğaca, həmçinin plomba iddiaçı tərəfindən heç bir müdaxilə olunmamışdır. Heç vaxt da aylıq ödənişlərində gecikmə etməmiş, ödənişləri vaxtı-vaxtında etmişdir. Bu səbəbdən də yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. Belə ki, akt tərtib olunarkən belə iddiaçı aktda qeyd olunanlarla razılaşmayaraq akta imza etməkdən imtina etmişdir. Bundan başqa məhkəmə nəzərə almalıdır ki, sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşlarının nəzarətində olan işdir. Bu müddət ərzində nəzarətçinin sayağaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması iddiaçının hüquqlarını pozur. Bu borc reallığı əks etdirmir. Nazirlər Kabinetinin “Qazdan istifadə qaydaları” haqqında 12 may 2011-ci il tarixli 80 saylı qərarının 6.5-ci bəndinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsi qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb olunmalıdır. Lakin qanunsuz hal aşkarlanmamışdır. Hesab edir ki, Cavabdeh İB tərəfindən hesablanmış 3059,48 manat borc Nazirlər Kabinetinin “Qazdan istifadə qaydaları” haqqında 12 may 2011-ci il tarixli 80 saylı qərarının tələblərinə zidd olaraq hesablanmışdır. Yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qətnaməsində apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, ”Azəriqaz” İstehsalat Birliyinin ünvan 2 ünvanında sayğacın istismar müddətinin bitməsi ilə əlaqədar köhnə sayğacı cıxararaq yenisi ilə əvəz etmişlər. Çıxarılan sayğac dövlət laboratoriyasına göndərilmişdir. Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında sayğaca baxış keçirilmişdir. Qaz sayğacının yoxlanılması barədə 25 iyun 2023-cü ildə 14-2-2/3-5- 6773/Q001/ saylı akta əsasən, sayğaca ümumi baxış keçirildi. Hesablama mexanizminin bir ədəd dişli çarxının dişləri kəsilib. Əsas vərəqi ilə bağlayıcı klapanı əlaqələndirən lent aralı vəziyyətdədir. Sayğac istismara yarasızdır. Bununla bağlı xx.xx.2023-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən Sumqayıt QİS-nin əməkdaşları tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək İddiaçı Sumqayıt QİS-nin abonent bazasındakı **********00330 nömrəli abonent koduna 25920 m – 3110.40 (üç min yüz on manat qırx qəpik) məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Abonent: İddiaçı abonent koduna hesablanmış 3110.40 (üç min yüz on manat qırx qəpik) manat itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Abonentlə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi qətnamə çıxarılarkən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Sənədləri, yəni cavabdeh olaraq etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsasız olmasına dair kifayət qədər sübutlar 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımaması, sayğaca baxış keçirilərkən hesablama mexanizminin bir ədəd dişli çarxının dişlərinin kəsildiyi, əsas bağlayıcı klapanı əlaqələndirən lentin aralı vəziyyətdə olması, həmçinin sayğac istismar müddətində ALARM-1 rejiminin aşkar olunmamasına görə hesablanmış vəsaitin iddiaçıdan tutulmasını əsaslı hesab etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia tələbi akt əsasında hesablanmış borcun silinməsi barədədir. İddiaçıya məxsus evə dair qaz sayğacının quraşdırılması və abonent kodunun verilməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1, 3.2.2-ci bəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunverciliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndlərində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi akın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli, qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 5.2. bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, fakt üzrə cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablansa da, iddiaçıya əlavə sərfiyyatın hesablanması zamanı uzun müddət üçün aparılması barədə gəldiyi nəticə işin hallarını və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, iddianı təmin etməklə birinci instansiya məhkəməsinə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-382/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-382/2024
31.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver