Məhkəmə qərarları › İş №2(105)-3828/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3828/2021

14.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3828/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6756/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinəaçıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6756/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 16.03.2021-ci ildə ******* saylı Akta əsasən abonent saldosunda göstərilən itirilmiş qazın dəyəri olaraq 216 (iki yüz on altı) manat borcun silinməsi, iddianın verilməsinə görə 20 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6756/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsini tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul olunması xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh "xxxx" İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 16.03.2021-ci ildə ******* №-li Akta əsasən abonent saldosunda göstərilən itirilmiş qazın dəyəri olaraq 216 ( iki yüz on altı) manat pulun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, qətnamə qanunsuz və əsassızdır, iddiaçının əsassız mülahizələri əsasında qəbul edilmişdir. Ona görə də apellyasiya şikayətini təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6756/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6756/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasıı xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki iş materiallarında olan Qaz sayğacının yoxlanılması barədə MSK-29/1710- 00454-1 saylı akta əsasən fransa istehsalı G4 markalı İtron tipli (Smart Payment və Gallus pay) qaz sayğacları 26 fevral 2021-ci il tarixində dövlt yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. İş materiallarında olan "xxxx" İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 07.12.2020-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və ististmara qəbulu haqqında aktdan görünür ki, Smart G-4 markalı, 102AQ********** №li sayğac Z-r tipli G-4 markalı **********1 №li sayğacla əvəz edilmişdir. "xxxx" İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 16.03.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, G-4 markalı 1102AQ********** nömrəli sayğaca baxış keçirilmiş, sayğacın yararsız olduğu müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent kodu **********00790 olan Sumqayıt şəhəri, Bağlar 1, ev 4279a dair akta görə 216 manat borc hesablanmışdır. "xxxx" İB Sumqayıt QİS-nin rəisi tərəfindən 16.03.2021-ci ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının normal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın həcmi 2160 m3 müəyyən olunmuşdur. Beləliklə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Bağlar 1 ünvanında yerləşən, ev 4279-a məxsus sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizmi kənar qazın həcmini qeyd etmədiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Ona görə də akt tərtib olunmuşdur. Həmin akt əsasında 216 manat cərimə hesablanmışdır. İş materiallarıdan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunmudur. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.7 maddəsinə, eləcə də «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»na istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı məxsus mənzilə quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından, sayğacda yaranmış xətalar nəticəsində təbii məişət qazının itirilmiş sərfiyyatı ilə bağlı iddiaçı məsuliyyət daşımır. Belə olan halda, məsuliyyəti iddiaçının öhdəliyinə verməsi və əsassız olaraq borc hesablanması qanunsuz hesab edilərək, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh təşkilat daşıdığından, iddiaçının təqsiri müəyyən edilmədiyindən, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh təşkilat tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh təşkilat tərəfindən iddiaçının abunə koduna hesablanmış borc silinməlidir. Məhkəmə hesab etmişdir ki, iddianın qiyməti 500 manatdan az olduqda, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Müəyyən olunmuşdur ki, iddiaçının barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir. Cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının yaşadığı evə adi qaz sayğacına dair hesablanmış borc silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Hazırki işdə də işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qaz sayğacı iddiaçının evində deyil, kənarda quraşdırılıb və nəzərə alınsa ki, iddiaçı fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, istehlakçı olaraq iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan borcun hesablanması və sayğacın dəyərinin əsassız olduğu üçün həmin borcun silinməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgündür. Belə ki, cavabdeh qeyd edilən məbləğdə borcun nədən yaranmasını əsaslandırmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6756/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh "xxxx" İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6756/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar