Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-384/2022 01.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İşə cəlb edilməmiş, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 nümayəndəsi və vəkili X6 iştirakı ilə, Ərizəçi bağ sahəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və bağ sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə ərizəsinə dair mülki iş üzrə Sumqayt Şəhər Məhkəməsinin 18 yanvar 2010-cu il tarixli, 2(060)-78/2010 saylı qətnaməsindən Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayt Şəhər Məhkəməsinin 18 yanvar 2010-cu il tarixli, 2(060)-78/2010 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 0,12 ha ibarət 1419 saylı bağ sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmiş, 10 may 2001-ci il tarixli, 4483 saylı icarə müqaviləsinin Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 0,12 ha ibarət 1419 saylı bağ sahəsi üzərində Ərizəçi mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab olunması qət edilmişdir. (hakim Ə.Hüseynov) Qətnamədən işə cəlb edilməmiş, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 apellyasiya şikayəti verərək, Sumqayt Şəhər Məhkəməsinin 18 yanvar 2010-cu il tarixli, 2(060)-78/2010 saylı qətnaməsinin ləğv edilməsi və ərizənin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 0,12 ha ibarət 1419 saylı bağ sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X4 ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin Komunal X5 Bağ təsərufat Sahəsi arasında bağlanmış 10 may 2001ci il tarixli, 4483 nömrəli icarə müqaviləsi əsasında Novxanı bağlar massivində yerləşən 0,42 ha ibarət olan 1423 nömrəli bağ sahəsi onun qanuni istifadəsinə verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununu qəbul edilməklə həmin bağ sahəsinə üzərində mülkiyyət hüququ yaranmışdır. Belə ki, həmin Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyatyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərüfatmm idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericilikdə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Lakin atası 2007-ci ilin iyul ayının 7də vəfat etdiyinindən sözügedən bağ sahəsinin onun adına rəşmiləşdirilməsi mümkün olmamışdır. Atası öldüyü gündən o, mübahisəli bağ sahəsinə sahiblik etməyə başlamış və bununla da miras qəbul edildiyini şərksiz nümayiş etdirmişdir. Lakin atası sağ olarkən bu daşınmaz əmlak üzərində mülkiyyət hüququ rəsmiləşdirilmədiyindən, həmin bağ sahəsini rəsmi qaydada miras əmlak kimi qəbul edilməsi mümkün olmur. Digər qaydada mübahisəli əmlak üzərində mülkiyyət hüququnu qeydə ala bilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır və göstərilənlərə əsasən Novxanı bağlar massivində yerləşən 0,12 ha ibarət olan 1419 nömrəli bağ sahəsinin məhkəmə tərəfindən miras əmlak kimi qəbul edilməsi faktını müəyyən etməli və müvafiq olaraq onun üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İşə cəlb edilməmiş, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. Belə ki, onlar ərizəçinin bacı və qardaşlarıdır. Ataları öləndən sonra miras qalmış bağ sahəsini üçü də faktiki qəbul edərək idarə etmiş, orada ev inşa etmişlər. Mübahisə araşdırılarkən onların məhkəmə iclasında iştirakı təmin edilməmiş, bununla da səhv nəticəyə gəlinmişdir. Mirasın 3 vərəsədən yalnız birinə verilməsi, onların mirsa əmlakla bağlı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Buna görə də qətnamə ləğv edilməli, ərizə təmin olunmamalıdır. İşə cəlb edilməmiş, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 nümayəndəsi və vəkili X8 məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İş üzrə ərizəçi və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 10 may 2001-ci il tarixli, 4483-cü nömrəli bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Sumqayıt şəhər ZDS-nin Bağlar Təsərrüfatı İdarəsi ərizəçinin məhrum atası X2 Sumqayıt şəhəri, Novxanı bağlar masivində yerləşən 0,12 ha ibarət olan 1419 nömrəli bağ sahəsini 10 may 1999-cu il tarixdən 10 il müddətinə icarəyə vermişdir. Yenə iş materiallarında olan AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X1 qızıdır. Yenə də iş materiallarında olan AZ 249799 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası X4 14 yanvar 2006-cı il tarixdə vəfat etmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Maraqlı şəxs2 və Maraqlı şəxs3 atası X3r. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən nümayəndənin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, iş materiallarını araşdırıb işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayt Şəhər Məhkəməsinin 18 yanvar 2010-cu il tarixli, 2(060)-78/2010 saylı qətnaməsi ləğv edilməli, Ərizəçi bağ sahəsinin miras kimi qəbul edilməsi barədə hüquqi faktın müəyyən olunmasına dair ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarından görünür ki, Ərizəçi Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 0,12 ha ibarət 1419 saylı bağ sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və üzərində mülkiyyət hüququnun tanınması üçün məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Ərizəçi ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin xüsusi icraat yarım bölməsinə uyğun qaydada, 305-308-ci maddələrinə əsasən baxılmışdır. İşin tədqiq olunan hallarından məlum olur ki, hazırda mərhum H.Mirzəyevin digər vərəsələri qətnamədən apellyasiya şikayəti verərək, mirası faktiki olaraq onların da qəbul etdiklərini, vərəsə kimi onların da bu əmlak üzərində paylarının olduğunu bildirmişlər, yəni hüquq haqqında vərəsələr arasında mübahisə yaranmışdır. Belə olan halda isə, qüvvədə olan qanunvericiliyə əsasən mübahisəyə xüsusi deyil, ümumi iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Yenə həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yenə həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan əsaslara görə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayt Şəhər Məhkəməsinin 18 yanvar 2010-cu il tarixli, 2(060)-78/2010 saylı qətnaməsi ləğv edilməli, Ərizəçi bağ sahəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və bağ sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair ərizəsi baxılmamış saxlanılmalı, ərizəçiyə hazırki tələblə bağlı ümumi əsaslarla məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264, 306, 384.0.4 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayt Şəhər Məhkəməsinin 18 yanvar 2010-cu il tarixli, 2(060)-78/2010 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 0,12 ha ibarət 1419 saylı bağ sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və üzərində mülkiyyət hüququnun tanınmasına dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi ümumi əsaslarla məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-384/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-384/2022
01.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver