Məhkəmə qərarları › İş №2(105)-384/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-384/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-384/2023 30.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(060)-5241/2022 nömrəli qətnaməsindən İddiaçı BOKT QSC-nin apellyasiya şikayəti üzrə işə baxaraq, müəyyənetdi: İddiaçı BOKT QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1865.48 ABŞ dolları əsas, 722 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2587.48 ABŞ dolları kredit borcunun, həmçinin ödənilmiş 64.98 manat dövlət rüsumunun və müvəqqəti təminat tədbirinə dair ərizə üçün 50 manat məbləğində dövlət rüsumunun tutulub ödənilməsi, tutmanın “GELLY CK MK” minik markalı, **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yönəldilərək avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə verərək, Cavabdeh 1689.89 ABŞ dolları əsas, 722 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2411.89 ABŞ dolları kredit borcunun, həmçinin ödənilmiş 64.98 manat dövlət rüsumunun və müvəqqəti təminat tədbirinə dair ərizə üçün 50 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan “GELLY CK MK” minik markalı, **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. "xxxx" ASCnin Sənaye filialı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə 36 ay müddətinə 8797 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq cavabdehə məxsus “GELLY CK MK” minik markalı, **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Borclu müqavilənin şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də iddianın təmin edilməsi məhkəmədən xahiş olunur. Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(060)-5241/2022 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddianın qismən təmin edilməsi, Cavabdeh 1689.89 ABŞ dolları əsas borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş 64.98 manat dövlət rüsumunun alınaraq İddiaçı BOKT QSC-yə ödənilməsi, tələbin “GELLY CK MK” minik markalı, **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 1689.89 ABŞ dolları əsas borcun (həmin günə rəsmi manat məzənnəsi ilə) və ödənilmiş 64.98 manat dövlət rüsumunun İddiaçı BOKT QSC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, hərracda satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi təqdirdə qalan məbləğin Cavabdeh tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı BOKT QSC apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Borclunun kredit borcu AzərbaycanRespublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Republikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Bununla bağlı Cavabdeh xx.xx.2020-ci il tarixdə 4323 nömrəli bildiriş göndərilərək yeni restrukturizasiya müqaviləsinin bağlanılması təklif edilsə də cavabdeh tərəfindən bu təklifə heç bir münasibət bildirilməmişdir. Lakin bu hal birinci instanisya məhkəməsi tərəfindən nəzərə alınmamış və qəbul edilmiş qətnamədə iddianın faiz borcu hissəsinin tamamilə silinməsi qət edilmişdir. Sözügedən Fərman banklara tövsiyə xarakteri daşıyır, ancaq məhkəmə tərəfindən bu nəzərə alınmamışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(060)-5241/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan: "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əlavəyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ iddiaçıya keçmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcluya 36 ay müddətinə, illik 17% olmaqla 8797 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, 8797 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 1689.89 ABŞ dolları əsas, 722 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2411.89 ABŞ dolları borcu vardır. Həmin arayışdan görünür ki, məlum Fərmana əsasən xx.xx.2019-cu il tarixdə 2396.57 ABŞ dolları ekvivalentində kompensasiya mədaxil edilmişdir. xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq “GELLY CK MK” minik markalı, **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İddiaçının cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh adına xx.xx.2013-cü ildə “GELLY CK MK” minik markalı, 99-FV325 dövlət qeydiyyat nömrə nişanlı avtomobil qeydiyyata alınmışdır. 106451 saylı çıxarışdan görünür ki, “GELLY CK MK” minik markalı, **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil "xxxx" ASC-nin Sənaye filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və qeyd etmişdir ki, cavabdeh kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının kredit müqaviləsi üzrə əsas borcun cavabdehdən tutulması hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olduğundan məhkəmə hesab etmişdir ki, iddianın faiz borcu hissəsində tələb təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə 4323 nömrəli bildiriş göndərilərək yeni restrukturizasiya müqaviləsinin bağlanılması təklif edilsə də cavabdeh tərəfindən bu təklifə heç bir münasibət bildirilməmişdir. Lakin bu hal birinci instanisya məhkəməsi tərəfindən nəzərə alınmamış və qəbul edilmiş qətnamədə iddianın faiz borcu hissəsinin tamamilə silinməsi qət edilmişdir. Sözügedən Fərman banklara tövsiyə xarakteri daşıyır, ancaq məhkəmə tərəfindən bu nəzərə alınmamışdır. Məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Beləliklə, həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Birinci instansiya məhkəməsi də həmin Fərmanda faizlərin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamasına, Fərmanın qəbul edilməsi ilə dövlətin özünün güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı BOKT QSC-nin apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(060)-5241/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 393, 402.1, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı BOKT QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(060)-5241/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar