Məhkəmə qərarları › İş №2(105)-384/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-384/2025

27.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-384/2025 27.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Bı̇ rliyinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Bı̇ rliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Qaz İstismar Sahəsi olmaqla) "Akt əsasında hesablanmış borcun silinməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(060-4425/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh İB-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən onun və ailəsinin yaşadığı ünvan 1 ünvanına 05 dekabr 2023-cü il tarixli ******* saylı aktla qanunsuz hesablanmış 2073,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 1 ünvanına Cavabdeh İB tərəfindən 05 dekabr 2023-cü il tarixində ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akta əsasən 2073,60 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən ona hesablanmış borc ilə razı deyildir. Həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd etmək istəyir ki, sayğac evinin daxilində deyil, küçədə yerləşir. Bundan əvvəl kartla sayğacları olmuşdur. Vaxtlı-vaxtında da işlətdikləri qaza görə sayğaca pul yükləmişdirlər. Sonra qaz işçiləri gələrək, sayğacları çıxardıb, aparmışlar. Bundan onların xəbərləri olmamışdır ki, niyə çıxartmış və hara aparmışlar. Uzun müddət də gəlib nə məlumat vermişlər, nə də maraqlanıblar ki, onlara qaz gəlir ya yox. Bir müddət sonra gətirib mexaniki sayğac qoymuşlar. Sonradan onlara küllü miqdarda borc gəlmişdir. Guya onlar qazdan qeyri-qanuni istifadə etmişlər. Halbuki, sayğac çıxarılan zaman ona müdaxilə halı aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan akt əsasında yazılmış və ona əsasən da dəymiş ziyan 2073,60 manat hesablanmışdır. Bu uydurma və qanunsuz hesablanan cərimənin onların yaşadığı mənzilə heç bir aidiyyəti yoxdur.

3. İddiaçı sonradan iddia tələbinə dəqiqləşmə ilə müraciət edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, aktda sayğacdan kənar qoşulma ilə günahlandırılaraq abonent koduna 2073.6 manat məbləğində cərimə hesablanmışdır. Halbuki, heç bir qanunsuz qoşulma mövcud olmamışdır. Həm qanunsuz qoşulmanın olması nə ilə sübut olunur? Yazılmış fantastik cərimə məbləği hansı əsaslarla və hansı meyarlarla hesablamışdır? Bundan əlavə Azərbaycan Respublikasının Nazirlət Kabinetinin “Qazdan istifadə qaydaları” haqqında 12 may 2011-ci il tarixli, 80 saylı qərarının 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Qərarın 6.5-ci bəndində qeyd olunanların heç biri yerinə yetirilməmiş, yazılmış aktdan heç bir xəbərləri olmamışdır. Belə olan halda Cavabdeh İB tərəfindən yazılmış cərimənin heç bir hüquqi əsası yoxdur.

5. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianın əsassız hesab edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Asfaltzavod və körpü ərazisi 359 ünvanında yaşayan İddiaçı məxsus G-4 markalı sayğaca əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkarlandığı qeyd olunmuşdur. Abonentin qaz işlədici cizahlarının hesabatı aparılmış və ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3 saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x12x360=17280 m3 x 0.12 qəpik = 2073.60 manat hesablanmışdır. Abonent sayğaca müdaxilə etməklə, qazdan qeyri-qanuni istifadə etmiş və nəticədə qaz itkisinə yol verilmiş, dövlət əmlakı talanmışdır. Bu faktla bağlı iddiaçıya bildirilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir.

7. Mülki işin hazırlıq iclasında Sumqayıt Qaz İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

8. **********33590 nömrəli abonentin saldosundan görünür ki, Sumqayıt, Asfaltzavod və körpü ərazisi 359 ünvanına 2023-cü ilin dekabr ayında qalıq və aktlar üzrə 2073 manat 60 qəpik məbləğində borc hesablanmışdır.

9. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar xətt aşkar olunmuşdur.

10. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sayğacdan kənar qaz xətt ləğv edilmiş və 4x12x360=17280 m3 qaz itkisi hesablanmışdır.

11. Sumqayıt Bələdiyyəsi “Ceyranbatan-1” ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 2043 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, “Asfaltzavod” ərazisində qeydiyyatsız yaşayır.

12. Cavabdeh tərəfindən təqdim edilmiş video-diskə tərəflərin iştirakı ilə baxış keçirilmiş, iddiaçı qanunsuz qoşulma halını etiraf etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

13. Sumqayıt Şəhər Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(060- 4425/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) İddiaçı Cavabdeh İB-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Qaz İstismar Sahəsi olmaqla) “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1 və 385.1-ci maddələri, “X5” Qanunun 6.2-ci maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

15. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(060-4425/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X5 Aərbaycan Respublikasının Qanununda göstərilir ki, istehlakçılar qaz qurğularının istismarına və işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Zədələnmə isteklakşının təqsiri üzündən baş verdikdə sayğacın quraşdırılması istehlakçının vəsaiti hesabına qaz paylayıcı tərəfindən həyata keçirilir. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcı bu bərədə akt tərtib etməli, həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında üzrə icraata başlanması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəndərməlidir, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Sumqayıt Şəhər Məhkəməsi qərəzli qətnamə qəbul etməklə, AR MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur. Akt tərtib olunarkən aparılan hesabat düzgün aparılmamışdır. Qanunvericilikdə hesabat dövrünə uyğun olaraq, 3 ay müddətində aparılmalıdır. Hər ay bildiriş verilələndə sayğaca baxılmalıdır ki, qeyri-qanuni qoşulma halı var ya yox. Ümumiyyətlə əsaslı şəkildə üç ayda bir dəfə qaz xətlərinin işlək vəziyyətdə olmasını yoxlamaq məqsədi ilə qaz xətlərinə baxış keçirilməlidir. Məhkəmə tərəfindən bu halların heç biri nəzərə alınmamışdır. Cavabdeh İB tərəfindən yazılmış cərimə itirilmiş qazın bərpası üçün yazılmalıdır. Lakin onların yazdıqları fantastik məbləğ qanunsuz bir miqdardadır və əsassızdır. Saldoda olan keçmiş hesabatlar nəzərə alınmamışdır və məhkəmə bu hala qiymət verməmişdir. Araşdırmanın tam obyektiv aparılması üçün Energetika Nazirliyinə müraciət edərək, onlardan məhkəmədə üçüncü şəxs qismində iştirak etmələrini xahiş etmişdir. Bunun üçün məhkəmənin qərarı və ya bildirişi tələb olunur. Energetika Nazirliyinin Enerji Tənzimləmə Agentliyinin Sumqayıt filialına məhkəmədə üçüncü şəxs qismində qərar və ya bildiriş göndərilməsi xahiş olunur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

18. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğacdan kənar xətt çəkməklə qazdan qısa müddətdə istifadə edib, lakin həmin müddət üçün göstərilən məbləğdə cərimənin yazılması əsassızdır, cərimənin miqdarını mübahisələndirir, qanunauyğun hesablanmasını tələb edir.

19. Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

21. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

22. Azərbaycan Respublikasının “X5” Qanunu: Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: 3.2.1 və 3.2.2-ci bənd- qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

26. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh İB-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən onun və ailəsinin yaşadığı ünvan 1 ünvanına 05 dekabr 2023-cü il tarixli ******* saylı aktla qanunsuz hesablanmış 2073,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

27. Birinci intansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir.

28. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 2073 manat 60 qəpik məbləğində əsassız borcun hesab kodundan silinməsini xahiş etsə də, qeyd edilən akt təbii qazdan qeyri-qanuni xətt əsasında yazılmış olduğundan, iddiaçı ilk növbədə sübut etməlidir ki, o qaz xəttinə qeyri-qanuni qoşulmamışdır. Lakin iddiaçı bu halı sübut edə bilməmişdir. Əksinə qanunsuz qoşulma halını özü iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatlarında təsdiq etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş video çəkilişə dair diskə baxış keçirilərkən, həmçinin iş materiallarında olan şəkillərə əsasən müəyyən edilir ki, qeyri-qanuni xətt qoşulmaqla qazdan istifadə edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə hesablanmış cərimənin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarına uyğun olmuşdur. İddiaçı sayğacın işlək vəziyyətdə olmamasını qeyd etsə də, qeyd etdikləri hallar məhkəmə iclasında öz təsdiqini tapmamış, cavabdehin etirazının əsaslarına qiymət verilərkən (illər üzrə qaz sərfiyatının məbləğləri arasında olan fərq) etirazın dəlillərinin əsaslı olması qənaətinə gəlmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin oluna bilməz.

29. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(060-4425/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Kollegiya apellyasiya şikayətinin dəlliləri üzrə qiymətləndirmə apararaq, şikayəti qismən əsaslı hesab edir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və bununla bağlı aşağıda şərh olunanları göstərir:

31. Kollegiya ilk öncə qeyd etməyi zəruri hesab edir ki, istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma ilə bağlı təqsirin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması iddia tələbinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün kifayət edir.

32. Lakin, əgər istehlakçı məhkəmə icraatı zamanı sayğaca müdaxilə etməsini və ya qaz xəttinə qanunsuz qoşulmasını etiraf edirsə, o zaman iddianın istehlakçının təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması əsası ilə rədd olunması prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır.

33. Göründüyü kimi məhkəmə kollegiyası araşdırması zamanı izahat verən iddiaçı sayğacdan kənar qaz xəttindən istifadə etdiyini etiraf etdi. Bu baxımdan kollegiya hesab edir ki, istehlakçının təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların olmaması iddianın rədd olunmasına əsas vermir. Odur ki, kollegiya şikayətin qeyd olunan əsasları üzrə dəlilini əsaslı hesab etmir.

34. Apellyator şikayətin digər dəlili olaraq cərimənin hesablanması qaydasını mübahisələndirmişdir.

35. **********33590 nömrəli abonentin saldosundan görünür ki, Sumqayıt, Asfaltzavod və körpü ərazisi 359 ünvanında 2023-cü ilin dekabr ayında qalıq və aktlar üzrə 2073 manat 60 qəpik məbləğində borc hesablanmışdır.

36. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətt ləğv edilmiş və 4x12x360=17280 m3 qaz itirilmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı yaşadığı evə sayğacdan kənar qaz xəttinin qoşulması faktı təqdim edilmiş sübutlarla öz təsdiqini tapır, bu hissədə şikayətin dəlilləri əsassızdır.

38. İş materialları ilə həqiqətən də iddiaçıya məxsus yaşayış sahəsinə aid qaz xəttinə sayğacdan kənar qoşulma faktı təsdiqini tapır, bununla bağlı aidiyyəti orqan həmin qoşulma faktının qarşısının alınması (xəttin kəsilməsi, dayandırılması və s.) ilə bağlı tədbir görməklə, müvafiq Akt tərtib etmişdir.

39. Mübahisənin bu hissəsi iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə (dəymiş ziyanın bərpasına dair tələbnamə və Aktla, videogörüntü ilə), o cümlədən iddiaçının özünün izahatı ilə sübut olunur.

40. Bununla yanaşı, kollegiya vurulmuş zərərin hesablanması qaydası ilə razılaşmır və hesab edir ki, vurulmuş zərərin miqdarı “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq 90 gün üçün hesablanmalı, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş zərərin miqdarı 518,40 manat müəyyən edilməli, (4 x 12 x 90=4320 kub.metr x 0,12 = 518,40; 2073,60-518,40=1555,20) 518,40 manat abonentdən tutulmalı, 1555,20 manat abonentin hesabından silinməlidir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.

42. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

43. Sadalananlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, silinməli borcun miqdarı 1555,20 manat məbləğində müəyyən edilməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(060)-4425/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin olunsun. İddiaçı (abonent kodu-**********33590) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcdan 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat silinsin. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar