Məhkəmə qərarları › İş №2(105)-385/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-385/2021

31.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-385/2021 31.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının hüquqi varisi X2 nümayəndəsi vəkil X3, Cavabdeh nümayəndəsi vəkil X13, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-209/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı adından X14 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, ev 26, 26 saylı mənzil ilə bağlı xx.xx.2014-cü il tarixli (3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat kontorunda xx.xx.2014-cü il tarixdə verilmiş 24060 reyestr nömrəli etibarnamə əsasında) bağışlama müqaviləsi etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı, **********9-05301-093023 reyestr nömrəli çıxarışın ləğv edilməsi və xüsusi mülkiyyət dövlət reyestrində əvvəlki vəziyyətinə qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, etibarnamə əsasında iddiaçının adından Cavabdeh ilə bağlanmış ünvan 1 ünvanında ümumi sahəsi 42,5 kv.m., yaşayış sahəsi 29,6 kv.m. olan 2 otaqlı mübahisəli mənzilə dair xx xxxx 2014cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzili 1989-cu ildən İddiaçı istifadəsində olmuş və sonuncu həmin mənzili xx xxxxxx 1995-ci ildə öz adına özəlləşdirmişdir. Həmin mənzilin yerləşdiyi küçənin adı əvvəllər M.R.Cəbiyev küçəsi olduğu üçün iddiaçının bəzi sənədlərində məlum mənzilin ünvanı ünvan 2 ona məxsus olduğu dövrdən hal-hazıra kimi o,həmin mənzildə yaşayır. Onun Lalə, Lətafət və Nəzakət adlı üç qızı olsa da, o, arvadı ilə boşandığı üçün qızları ondan ayrı yaşamış, o isə mülkiyyətində olan mənzildə tək yaşamışdır. Hal-hazırda qızlarının öz ailələri vardır. İddiaçı arvadından boşandığı üçün qızları onunla münasibət saxlamamış və evinə gedib-gəlməmişlər. Lakin, 2018-ci ilin noyabr ayında onun qonşusu X4 vəziyyətinin ağır olduğunu görüb, bu barədə qızlarına telefonla məlumat vermiş və həmin məlumat əsasında iddiaçının qızları onun yanına gəlmişlər. Həmin vaxt qızları onun vəziyyətinin ağır olduğunu görüb, dərhal ona lazım olan tibbi və digər yardımları etmiş və onu kritik vəziyyətdən çıxarmışlar. Bundan sonra məlum olmuşdur ki, onun qardaşı oğlu X14 2014-cü ildə müxtəlif bəhanələrlə onu aldadaraq xx xxxx 2014-cü il tarixli etibarnamə almış və həmin etibarnamə əsasında da bir həftə sonra, yəni xx xxxx 2014-cü ildə ona məxsus mənzili oğlu Cavabdeha bağışlamışdır. Lakin, o, 1935-ci il təvəllüdlüdür, habelə yaşı və xəstəliyi ilə əlaqədar həmin mənzilin bağışlanmasını həmin vaxt bilməmişdir. 2018-ci ilin axırlarında qonşusu ona yaxılaşıb mənzili almaq istədiyini bildirdikdə, o, evin satmadığını bildirmişdir. Qonşu buna təəccüblənmiş və mənzilin satıldığını Ramizin dediyini bildirmişdir. Bundan sonra dəqiq məlum olmuşdur ki, qardaşı oğlu Ramiz onu aldadaraq xx xxxx 2014-cü il tarixdə verdiyi etibarnamədən istifadə edərək, xx xxxx 2014-cü il tarixdə mənzili öz oğlunun adına bağışlamışdır. Bu bağışlama əsasında cavabdeh öz adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış almışdır. Etibarnamənin verildiyi tarix ilə bağışlama arasında cəmi bir həftə vaxt keçmiş, onun evi bağışlamaq niyyəti olsa idi, bunu özü edə bilərdi. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin, qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal iddiaçının belə etibarnaməni verilməyində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, tərəfindən verilən etibarnamədə onun iradə ifadəsi mənzilin təmiri üçün bankdan pulun alınmasına yönəlmişdir. Bu iradə ifadəsini həyata keçirmək üçün etibarnamə əsasında onu təmsil edən Ramiz vasitəsi ilə o, özü çıxış etmişdir. Belə olan halda nəzərə alınmalıdır ki, mübahisəli mənzilə dair etibarnamə verilərkən bu etibarnamə ilə Ramizin maraqları daxilində deyil, onun maraqlarından hərəkət etmək səlahiyyəti verilmişdir. Lakin, ünvan 3 ünvanında ümumi sahəsi 42.5 kv.m, yaşayış sahəsi 29,6 kv.m olan 2 otaqlı mübahisəli mənzil sənədlər üzərində bağışlansa da, faktiki olaraq onun istifadəsində qalmışdır. Bu da onu sübut edir ki, bağışlama müqaviləsi uydurma əqddir. Buna görə də, Ramizə verilmiş xx xxxx 2014-cü il tarixli etibarnamə onun tərəfindən xx xxxxxx 2019-cu il tarixdə ləğv olunmuşdur. İddiaçı sonradan Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiasının əsasını dəyişərək, səhəti ilə bağlı ciddi problemlərlə üzləşdiyini və uzun müddətli müalicəyə ehtiyacı oldunu, mülkiyyətində olan mənzil onun üçün yeganə yararlana biləcək mənzil olduğunu cavabdehlər isə onu aldatma və etibardan sui-istifadə etmək yolu ilə mənzili onun əlindən almağa çalışırmışlar. Cavadehin atası Ramizə etibarnamə verməkdə məqsədi evinin təmir olunması ilə bağlı bankdan pul götürə bilmək olmuşdur. Sonuncunun da ona bu məsələdə köməklik göstərəcəyinə güman etmişdir. Mübahisəli mənzilin hazıradək onun sahibliyində olması, özünün orada yaşamağı rəsmi olaraq qeydiyyatda olmağı onu göstərir ki, ondan aldatma yolu ilə alınmış etibarnamə əsasında bağlanan bağışlama müqaviləsi bağlanmış sayıla bilməz. Belə ki, Ramiz Abdullayev qanunvericiliyin tələblərini pozaraq aldatma yolu ilə aldığı etibarnamə əsasında mənzili öz doğma oğluna, yəni elə öz-özünə bağlamışdır. R.Abdullayev ondan aldatma yolu ilə aldığı etibarnamədən onun maraqları baxımından deyil, öz maraqları baxımından hərəkət etməklə qanunun tələblərini pozmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh nümayəndəsi vəkil X17 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının hüquqi varisi X2 nümayəndəsi vəkil X6 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 3 saylı Bakı “Asan Xidməti” X12 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən həmin şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini təmsilçiyə verilmiş etibаrnаmə üzrə özünün yоx, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi dаşıması və özünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyətində olması, lakin bağışlama müqаviləsi iddiаçının yоx, məhz təmsilçinin və ailə üzvlərinin mаrаqlаrınа xidmət etmiş olması, iddiaçının mənafeyinə uyğun olmaması, bağlanan əqd iddiaçının iradəsinə zidd olmaqla, təmsil edənin hətta bu barədə iddiaçıya məlumat verməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında X16 Komitəsinin yanında DƏDRX-nin 1 saylı ərazi idarəsinin və 3 saylı Bakı “Asan Xidmət” X8 məhkəmə iclasına dəvət olunmalarının zəruriliyini qeyd etsədə, lakin həmin şəxslərin nə işə cəlb olunmaları və nədəki hansı statusda işə cəlb edilməli olması həmin tarixli protokolda öz əksini tapmamış və bu barədə qərardad qəbul etməmişdir. Halbu ki, qəbul etmiş olduğu məhkəm aktı ilə onların hüquq və mənafelərinə toxunan məsələni həll etmişdir. Buda ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasını qaçılmaz etmişdir. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarı). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışın ləğvi barədədir. İşdən göründüyü kimi mübahisəli mənzil İddiaçı adına xx.xx.1995-ci il tarixdə qeydə alınmışdır. xx.xx.2014-cü il tarixdə o, qardaşı oğlu X9 bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı və digər hərəkətlər etməyi etibar etmiş, sonuncu da bu etibarnamə əsasında öz oğlu Cavabdeh bağışlanması müqaviləsinə əsasən mənzili bağışlamışdır. Bunun əsasında da mənzil Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Daha sonra İddiaçı tərəfindən X9 verilmiş xx.xx.2014-cü il tarixli 24060 reyestrli etibarnamə xx.xx.2019-cu il tarixdə ləğv olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Mülki Məcəllənin 359.1. maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1. maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir (Mülki Məcəllənin 362.2. maddəsi). Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz (Mülki Məcəllənin 359.3. maddəsi). Göründüyü kimi, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Həmin qaydalara görə təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Mübahisə predmeti təşkil edən mənzillə bağlı iddiaçıdan etibarnamə almış və etibarnaməni əldə etdikdən sonra iddiaçının etibarından sui-istifadə edərək aldadıb ondan əldə etdiyi etibarnamə əsasında mənzili öz doğma oğlu iş üzrə Cavabdeh bağışlamışdır. Bununla da qanunvericiliyin yüxarıda qeyd edlilən tələblərini baxımından təmsilçi verilmiş etibаrnаmə üzrə özünün yоx, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi dаşıdığından, özünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyətində olduğu halda bunu etməmişdir. Hаlbuki, bağışlama müqаviləsi iddiаçının yоx, məhz təmsilçinin və ailə üzvlərinin mаrаqlаrınа xidmət etmiş, iddiaçının mənafeyinə uyğun olmamışdır, bağlanan əqd iddiaçının iradəsinə zidd olmaqla, təmsil edən hətta bu barədə iddiaçıya məlumat verməmiş, yalnız 2018-ci ilin axırlarında qonşusu iddiaçıya mənzilinin Ramiz tərəfindən satılmasını bildirdikdən sonra, iddiaçı Ramizin adına verdiyi etibarnaməni ləğv etdirmiş və hazırki iddianı qaldırmışdır. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi zamanı dindirilmiş Zemfira Əliyeva, Rita Azayeva, Aqil Usubov və Qaçay Cəbrayılov ifadələrində 2018-ci ilin noyabr ayında qonşuları İddiaçı vəziyyətinin pis olduğu və bu barədə onun qızları ilə əlaqə saxlayıb onlara bildirdiklərini və gəlib onu çətin vəziyyətdən çıxardıqlarını, sonuncunun qohumu Ramizdən narazılıq edərək onu bu hala saldığı bildidiyini qeyd etmişlər. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarı). Mülki Məcəllənin 339.2. maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır (Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarı). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2. maddələri). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisəli mənzil heç vaxt Cavid Abdullayevin istifadəsində və sahibliyində olmamış, əksinə istər müqavilədən əvvəl, istərsə də müqavilədən hazırkı vaxta qədər də mənzil İddiaçı sahibliyində və istifadəsində olmuşdur. Mülki Məcəllənin 666.1. maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Kollegiya belə qənaətə gəlir ki, tərəflər arasında qohumluq münasibətləri olsa da, hədiyyə verən İddiaçı hədiyyə alan Cavabdeh mənzili bağışlamaq niyyəti, yəni iradə ifadəsi mövcud olmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisəli mənzilin bağışlanılması müqaviləsi iddiaçının iradə ifadəsini yanlış təsəvvür yaratmaqla aldadılaraq bağlanması öz təsdiqini tapdığından, müqavilənin etibarsızlığı tələbi əsaslı hesab olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə isə hesab edir ki, qeyd olunan çıxarış bağışlama müqaviləsi əsasında verildiyindən və həmin müqavilə də məhkəmə kollegiyası tərəfindən etibarsız hesab edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə kollegiyası cavabdehin müddətin tətbiqi barədə ərizəsinə gəldikdə isə qeyd edir ki, Mülki Məcəllənin 354.2. maddəsinə əsasən həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Bununla yanaşı məhkəmə kollegiyası Mülki Məcəllənin 354.2. maddəsinin hazırkı mübahisəyə tətbiqi ilə bağlı qeyd edir ki, bağışlama müqaviləsinin bağlanması iddiaçıya məhz 2018-ci ilin payız ayında qonşusu tərəfindən ona mənzilin Ramiz Abdullayev tərəfindən satılmasını bildirdikdən sonra məlum olduğundan, iddiaçı həmin maddədə nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmədən xx xxxxxx 2019-cu ildə məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh ilə İddiaçı adından X14 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, ev 26, 26 saylı mənzil ilə bağlı xx.xx.2014-cü il tarixli (3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat kontorunda xx.xx.2014-cü il tarixdə verilmiş 24060 reyestr nömrəli etibarnamə əsasında) bağışlama müqaviləsi etibarsız hesab edilsin. Bağışlama müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı, **********9-05301-093023 reyestr nömrəli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar