Məhkəmə qərarları › İş №2(105)-386/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-386/2024

27.03.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-386/2024 27.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ödənilməmiş əmək haqqı və əmək məzuniyyəti pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4902/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) İddiaçı Cavabdehnə qarşı ödənilməmiş əmək haqqı və əmək məzuniyyəti pulunun ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdehnə qarşı ödənilməmiş əmək haqqı və əmək məzuniyyəti pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin iyul ayında əmək müqaviləsi bağlanılmaqla Cavabdehndə tədris işləri üzrə direktor müavini vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsində aylıq əmək haqqı 2555 manat olaraq göstərilmişdir. Əmək haqqından vergilər və digər tutmalar çıxıldıqdan sonra əmək haqqı kartına köçürülən aylıq məbləğ 2300 manat təşkil edirdi. Lakin bir müddət keçdikdən sonra cavabdeh tərəfindən əmək müqaviləsinin tələblərinə zidd olaraq aylıq əmək haqqı az məbləğdə ödənilməyə başlanılmışdır. İlk əvvəl 2020-ci ilin 02 avqust ayında 30 günlük məzuniyyətə çıxdığında məzuniyyət pulu olaraq iddiaçıya 1600 manat pul ödənilmişdir. Halbuki, onun məzuniyyətinin müddəti 42 gündən az ola bilməzdi və həmin məzuniyyətə görə ona ödənilməli olan pul məbləği 3177 manat təşkil etməli idi. Beləliklə, həmin dövrdə onun 1577 manat məzuniyyət pulu mənimsənilmişdir. Həmçinin, 2020-ci ilin noyabr ayından etibarən hər hansı qanuni səbəb olmadan aylıq əmək haqqı əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdən az ödənilməyə başlanılmışdır. Bununla bağlı cavabdehə müraciət etdikdə liseyin maliyyə çətinliklərinin olduğu və əskik ödənilən əmək haqqı məbləğinin gələcəkdə birdəfəlik məbləğ şəklində ödəniləcəyi bildirilmişdir. İddiaçı cavabdehin rəhbərinin bildirdiklərinə inanaraq sonrakı aylarda da əskik məbləğdə əmək haqqının ödənilməsinə göz yumaraq gələcəkdə həmin pulun ona ödəniləcəyinə ümid edirdi. Eyni zamanda, 2021-ci ilin avqust ayında növbəti əmək məzuniyyətinə çıxdıqda iddiaçıya məzuniyyət pulu əmək haqqı üzrə ödənilməli aylıq əmək haqqı məbləğlərinin cəmi ilə hesablanmalı olduğu halda, yanlış olaraq faktiki ödənilmiş aylıq əmək haqqı məbləği ilə hesablanaraq ödənildiyindən yenə də məzuniyyət pulu əskik ödənilmişdir. Belə ki, həmin dövr üçün iddiaçıya 1940 manat məzuniyyət pulu verilmişdir ki, bununla 1237 manat məzuniyyət pulu mənimsənilərək ödənilməmişdir. Əmək haqqının əskik olaraq ödənilməsi 2021-ci ilin iyul ayınadək davam etmiş və 2021-ci ilin avqust ayında iddiaçı ilə yeni əmək müqaviləsi bağlanılaraq əmək haqqının yeni məbləği müəyyənləşdirilmişdir. Ancaq həmin dövrədək iddiaçıya ödənilməmiş pul məbləğlərinin ödənilməsi müddəti yenə də uzadılmış və bir müddət sonra iddiaçıya ödəniləcəyi bildirilmişdir. 2021-ci ilin iyul ayınadək, yəni ilkin əmək müqaviləsinin müddəti başa çatanadək iddiaçıya əskik ödənilmiş əmək haqqı məbləği belə olmuşdur: noyabr 2020-ci il-1957 manat ödənilmiş, 343 manat mənimsənilmişdir, dekabr 2020-ci il-1957 manat ödənilmiş, 343 manat mənimsənilmişdir, yanvar 2021-ci il-1936 manat ödənilmiş, 364 manat mənimsənilmişdir, fevral 2021-ci il1936 manat ödənilmiş, 364 manat mənimsənilmişdir, mart 2021-ci il-1936 manat ödənilmiş, 364 manat mənimsənilmişdir, aprel 2021-ci il-1500 manat ödənilmiş, 800 manat mənimsənilmişdir, may 2021-ci il-1500 manat ödənilmiş, 800 manat mənimsənilmişdir, iyun 2021-ci il-1500 manat ödənilmiş, 800 manat mənimsənilmişdir, iyul 2021-ci il-1000 manat ödənilmiş, 1300 manat mənimsənilmişdir. Beləliklə, noyabr 2020-ci il ilə iyul 2021-ci il dövrləri arasında əmək haqqı cavabdeh tərəfindən 5478 manat əskik ödənilmişdir. Bura 2020-ci ilin əskik ödənilmiş 1577 manat məzuniyyət pulunu və 2021-ci il üçün əskik ödənilmiş 1237 manat məzuniyyət pulunu əlavə etsə, ümumilikdə cavabdehin iddiaçıya ödəməli olduğu əmək haqqı və məzuniyyət dövrü üzrə borcunun 5478+2814=8292 manat təşkil etdiyi aydın olur. 2022-ci ilin iyun ayında iddiaçı cavabdehlə əmək münasibətlərini sonlandırdıqda ödənilməyən pullarını tələb etmiş və cavabdehin rəhbəri tərəfindən həmin pulların qısa zaman içərisində iddiaçıya ödəniləcəyinə dair zəmanət verilmişdir. Lakin müəyyən müddət keçdikdən sonra iddiaçıya aydın olmuşdur ki, əskik ödənilmiş əmək haqqı və məzuniyyət pullarını cavabdeh iddiaçıya verməkdən yayınır və həmin pulları ona ödəmək niyyətində deyildir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmiş və ilkin olaraq mübahisənin mediasiya qaydasında həllinə çalışsa da, cavabdeh yaranmış fərdi əmək mübahisəsinin məhkəmədənkənar qaydada həllindən də yayınmışdır. Belə olan şəraitdə iddiaçı yalnız ödənilməmiş əmək haqqı pullarının deyil, eyni zamanda gecikdirməyə görə həmin məbləğlərin gündəlik 1% olmaqla ödəncini də tələb etməyi qərara almışdır. Çünki cavabdeh iddiaçının əmək haqlarını mənimsəyərək və bugünədək ödəməkdən imtina edərək onu xeyli miqdarda maddi ziyana uğratmış, mənəvi cəhətdən sarsıntı və əsəb hisləri keçirməyinə səbəb olmuşdur. Belə ki, 2023-cü ilin 01 iyul tarixinədək ödənilməmiş 8292 manat pulun 1%-i 82,92 manat olmaqla bir illik gecikdirməyə görə 1% faiz ödənc məbləği 30.265,8 manat təşkil etmişdir. Ümumilikdə, cavabdehin iddiaçıya ödəməli olduğu əmək haqqı, ona hesablanmış gecikdirilmiş gün üçün faiz ödənci məbləği və məzuniyyət pulu üzrə borcunun 5478+2814+30265,8=38557,8 manat təşkil edir. Yaranmış əmək mübahisəsinin nə danışıqlar yolu ilə, nə də mediasiya qaydasında nizamlanması mümkün olmadığından, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüququnun müdafiə olunmasını xahiş etməyi zəruri sayır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tamamilə əsassız olaraq onun iddia tələblərini təmin etməmiş, məhkəmənin onun tələb etdiyi pul vəsaitinin hansı əsaslarla ona ödənilmədiyini, cavabdehin həmin pulun ona ödəniləcəyinə dair zəmanət verib-vermədiyini müəyyən etməmiş, iş materiallarında olan ziddiyyətli məqamları araşdırmamışdır. Məhkəmə sözügedən maddədə əks olunmuş hüquq normasının məzmununu yanlış təfsir etməklə həmin normanı düzgün tətbiq etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin bildirdiklərinə istinad etmiş, lakin bununla əlaqədar hər hansı araşdırma aparmamış, hesablandığından daha az miqdarda ödənilmiş əmək haqqı və məzuniyyət pullarının ödənilməmiş hissəsinin ödənilməsi tələbini rədd edərkən mötəbər dəlillərə istinad etməmişdir. Çıxarılmış məhkəmə qətnaməsi iddia tələblərinin təmin edilmədiyi hissəsində qanuni və əsaslı olmadığı kimi, iş üzrə müəyyən edilmiş hallarla da əsaslandırılmamışdır. Çünki, məhkəmə araşdırmaları zamanı ona çatası əmək haqqı və məzuniyyət pullarını cavabdehin qanunsuz şəkildə mənimsədiyi müəyyən edildiyi halda, məhkəmə cavabdehin bu hərəkətlərinə düzgün hüquqi qiymət verməyərək iddia tələblərinin təmin edilməməsi barədə əsassız nəticəyə gəlmişdir. Hal-hazırkı məhkəmə mübahisəsində birinci instansiya məhkəməsi tərəfindən yuxarıda sadaladığı maddi və prosessual hüquq normalarının çoxsaylı pozuntularına yol verildiyindən və bu pozuntular, xüsusilə iddia tələblərinin rədd edildiyi hissədə özünü büruzə verdiyindən, sözügedən məhkəmə qətnaməsi ləğv olunmalı və iddia tələbləri təmin olunmalıdır. Məhkəmə ödənilməsini tələb etdiyi əmək haqqı və məzuniyyət üzrə ödənişlərin müqavilədə nəzərdə tutulmuş həcmdə edilməməsi ilə bağlı bildirilmiş dəlillərə dair halları aydınlaşdırmamış, iddia müddətinin ötürülməsinə dair cavabdehin bildirdiklərinin hüquqi əsaslarını diqqətə almamış və ümumiyyətlə, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, məhkəmə bu halları aydınlaşdırmaqla sözügedən iddia tələbləri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətlərinin ötürülməməklə verildiyini və bu səbəbdən əsaslı olaraq irəli sürüldüyünü müəyyən edərək iş üzrə fərqli nəticəyə gələ bilərdi. Birinci instansiya məhkəməsində cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğunu müəyyən edilsə də, bunun nəticəsində zərərə uğradılmamağı və hesablanmış əmək haqqı və əmək məzuniyyətlərinin ödənilməmiş məbləğlərinin ödənilməli olmaması barədə məhkəmənin gəldiyi nəticə mötəbər sübutlarla sübuta yetirilməmişdir. Məhkəmə iş üçün əhəmiyyəti olan bütün halların müəyyən edilməsi üçün nə iş üçün əhəmiyyət kəsb edən zəruri məlumatları əldə etməmiş, nə də təqdim edilmiş dəlilləri lazımi şəkildə qiymətləndirməyərək iddia tələblərinin rədd edilməsi barədə əsassız nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi mötəbər sübutlara istinad etmədən sözügedən iddia tələbləri ilə bağlı qanunvericiliklə müəyyən edilmiş iddia müddətlərini ötürdüyünə dair əsassız nəticəyə gəlmişdir. Halbuki,yuxarıda sadaladığı hallardan da aydın olur ki, hüququnun pozulduğunu aşkar etdiyi gündən iddia müddəti hesablandığından, iddia müddətlərini ötürmədiyi görünür. Məhkəmə bununla da tərəflər arasında əmək mübahisəsinin yaranma tarixi ilə bağlı səhv nəticəyə gəlmişdir ki, məhkəmənin bu səhv qənaəti hesablanmış əmək haqqı və əmək məzuniyyəti pullarının cavabdeh tərəfindən ödənilməli olmaması əsası ilə bu tələbinin rədd edilməsinə səbəb olmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının iddia müddətini ötürməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, bu nəticəni mübahisələndirmişdir. İddiaçı 2019-cu il tarixdə Cavabdehndə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunması və xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədan azad edilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi əmək haqqı və məzuniyyət pulunun ödənilməyən hissəsi, gecikməyə görə ödəncin verilməsi barədədir. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 154, 172.1, 172-ci maddəsinin 5-ci hissəsi, 195-ci maddəsinin “d” hissəsi, 140-cı maddəsinin 1 və 5-ci bəndləri, 296-cı maddənin 4-cü hissəsi təşkil edir. İşdən görünür ki, iddiaçı 2020-ci ilin noyabr ayından 2021-ci ilin iyul ayınadək ona ödənilmiş əmək haqlarında və xx.xx.2020-ci ilin 30 günlük məzuniyyət pulunda azalma olduğunu, lakin işəgötürənin şifahi vədi əsasında bu halı mübahisələndirmədiyini, nəhayət xx.xx.2022-ci il tarixli əmrə əsasən işdən azad olunduqdan sonra xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə istinad etmişdir. Cavabdehin nümayəndəsi isə etiraz edərək müəssisə tərəfindən iddiaçıya hər hansı bir vəd verilmədiyini, işçinin əmək haqqının natamam ödənilməklə əmək müqaviləsinin şərtlərinin pozulduğunu, bu pozuntunun hər hansı sənədləşmə işləri aparmadan baş tutmasının mübahisəsiz olduğunu, iddiaçının öz hüququnun pozulduğunu iddia tələbində etiraf etdiyi kimi elə həmin dövrlərdə bildiyi halda, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş bir illik iddia müddətini ötürməsi ilə əsaslandırmışdır. Göründüyü kimi əmək haqqının və məzuniyyət pulunun iddia olunan illər üzrə iddiaçıya verilməsi ilə bağlı tərəflər arasında mübahisə mövcud deyil. İddiaçı ona ödənilməli olan həmin vəsaitlərin az ödənildiyini iddia edir. Məlum olduğu kimi Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanma qaydası və ödənilməsi Əmək Məcəlləsinin 140-cı maddəsinin 1 və 5-ci bəndlərində öz əksini tapmışdır. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1 və 5-ci bəndləri). Qeyd olunmalıdır ki, iddiaçıya 2020-ci ilin məzuniyyət haqqı və 2020-ci ilin noyabr, dekabr və 2021-ci ilin yanvar-iyul ayları üçün əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdə əmək haqqı ödənilmədiyi halda, iddiaçı məhkəməyə mövcud tələblə bağlı xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı mövcud tələblər üzrə hüququnun məhz həmin dövrdə, yəni istər (2020-ci il üzrə), məzuniyyət pulun, istərsə də (2020 və 2021-ci il üzrə) əmək haqları ilə bağlı hər bir aylar üzrə vəsaitin tutulması ilə bağlı Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan bir illik iddia müddətini ötürmüşdür. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Nəzərə alınmalıdır ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü və 4-cü bəndləri). Əmək Məcəlləsinin 173-cü maddəsinin 3-cü bəndinə əsasən haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Əmək Məcəlləsinin 173cü maddəsinin 3-cü, 296-cı maddəsinin 3-cü və 4-cü bəndlərinin tələbləri baxımından iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbini müddətin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar