Məhkəmə qərarları › İş №2(105)-3881/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3881/2021

30.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3881/2021 30.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(060)-7965/2021 saylı qərardadından Ərizəçi şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(060)-7965/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Əfqan Ələkbərov) Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmış, Ərizəçi qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 19.05.1992-ci il tarixdən 01.12.1992-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmətdə olmağı faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, 19.05.1992-ci il tarixdə könüllü olaraq N nömrəli hərbi hissədə əsgər kimi hərbi xidmətə daxil olmuş, döyüşlərdə iştirak etmiş, 26.06.1992-ci il tarixdə Laçın rayonu ərazisində gedən döyüşlərdə yaralanmış, 26.06.1992ci il tarixdən 29.07.1992-ci il tarixədək Bakı şəhəri Musa Nağıyev adına X3 Xəstəxanasında, 29.07.1992-ci il tarixdən 02.11.1992-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Travmatologiya bölməsində stasionar müayinədə və müalicədə olmuşdur. 02.11.1992-ci il tarixdə isə Qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və xəstəliyinə görə ona 30 gün məzuniyyət verilmişdir. 01.12.1992-ci il tarixdə məzuniyyət müddəti bitsə də, səhhəti imkan vermədiyinə görə xidmət yerinə-N nömrəli hərbi hissəyə qayıda bilməmişdir. Lakin 19.05.192-ci il tarixdən 01.12.1992-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçməyi haqqında hərbi uçotda olduğu Azərbaycan Respublikası Səfərbərlik və HXÇ üzrə DX-nin Laçın rayon bölməsində və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində heç bir məlumat yoxdur, hərbi biletində isə bu barədə heç bir qeyd yoxdur. 19.05.1992-ci il tarixdən 01.12.1992-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmətdə olmağı faktının müəyyən ediməsi ona müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi üçün lazımdır. Məhkəmənin qərardadı ilə iddia ərizənin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı qərarına istinad etmişdir. Onun 19.05.1992-ci il tarixdən 01.12.1992-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi xidmət keçməsi barədə lazımi sənədləri başqa qaydada ala bilməsi mümkün deyildir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması və ərizənin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəşinin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 19.05.1992-ci il tarixdən 01.12.1992-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmətdə olmağı faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndinə göstərilir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən sənədlərin əldə edilməsi üçün müvafiq səlahiyyətli orqana müraciət etməli, həmin sənədlərin verilməsindən əsassız imtina edildikdə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı inzibati qaydada məhkəmədə mübahisə qaldıra bilər. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildisə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası yuxarıda sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, ərizəçinin şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv olunması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(060)- 7965/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar