Məhkəmə qərarları › İş №2(105)-392/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-392/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-392/2023 17.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X9 və X5 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3649/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2085 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50,85 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx"ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** EG *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C220” markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə, Sumqayıt şəhəri, N.Nərimanov ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 180” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Mercedes Benz 180” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 2085 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh “Mercedes Benz C220” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan, yəni sürücülük vəsiqəsiz idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3649/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2085 (iki min səksən beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40,85 (qırx manat səksən beş qəpik) manatın iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, Məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 50 (əlli) manatın tutuluraq X2 (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara və ekspert rəyinə istinadən müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 11.03 radələrində “Mercedes” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Unibankın” bərabərliyində sağdan sola manevr edib dönərkən özündən solda hərəkət edən X4 məxsus “Mercedes Benz” markalı, **-SH-*** dövlət nömrə nişanlı avtomaşının sağ qabaq hissəsi ilə toqquşmuş, nəticədə “Mercedes Benz C180” markalı, 99SH-556 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş və vurulmuş zərərin əvəzi olaraq 2085 manat sığortaçı tərəfindən ödənilmişdir. Cavabdeh avtomaşını sürücülük hüququ olmadan idarə etmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 936.1-ci,936.2, 936.5, Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 3649/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə maddi norma kimi AR MM-nin 936-cı maddəsinə və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə istinad etmişdir. Məhkəmə onu sürücülük hüququ olmayan şəxs kimi tanımaqla bu maddi norma əsasında ondan iddiaçının iddia etdiyi məbləğdə vəsaitin tutulmasına qərar vermişdir. Məhkəmənin bu yanaşması ilə razı deyil, əvvəla ona görə ki, sürücülük vəsiqənin müddətinin keçməsindən məlumatı olmamışdır, digər tərəfdən məhkəmə sığorta ödənişi etdiyi şəxsin maşınına dəyər zərəri artıq qiymətləndirməklə hətta həmin akta zədələnməyən hissələri daxil etmiş, məhkəmə tərəfindən təyin edilmiş ekspert də həmin aktda yazılanlara istinad etməklə qiymətləndirmə aparmaqla zərəri eyni məbləğdə qiymətləndirmiş və nəticədə məhkəmə subroqasiya qaydasında ondan böyük məbləğdə vəsaitin tutulmasına qərar vermişdir. Onun hüquqi savadı yoxdur, əgər həmin vaxt iddiaçı maşınına zərər dəymiş şəxsə ödənilən pulun sonradan subroqasiya qaydasında ondan tutulacağını bildirsəydi, əlbəttə ki, o, həmin maşına dəymiş ziyanın düzgün qiymətləndirilməsinə nəzarət edərdi, yaxud da onu özü təmir etdirərdi, çünki həmin vaxt maşına baxan usta 1000 manat vəsaitlə onu təmir etdirməyin mümkünlüyünü bildirmişdir. Lakin sığorta şirkəti sığortaolunana həmin vəsaiti ödəməklə indi də ona qarşı hazırki iddianı qaldırmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 avqust 2022-ci il tarixli 9/4295 saylı rəyi mötəbər sübut kimi qəbul oluna bilməz, çünki həmin rəydən də göründüyü kimi nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1997-ci il buraxılışlı “Mercedes Benz C180” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 2085,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 1315,0 manat, təmir-bərpa işlərinin qiyməti 770,0 manat təşkil etmişdir. Məhkəmə də akta istinad olunaraq verilmiş bu rəyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən sübut növü kimi qəbul etmiş,həmin rəydə qoyulan qiymətlə razılaşaraq iddia tələbini bütünlüklə təmin etmişdir. Halbuki məhkəmə maşına dəymiş zərərin dəqiq müəyyən olunması məqsədi ilə Sumqayıt şəhər DYP-də olan materialı tələb etməklə həmin materialda olan maşınların fotogörüntüsü əsasında ekspertiza təyin etməli və dəymiş zərər də həmin şəkillərdəki zədələnmiş ehtiyyat hissələrinə əsasən aparılmalı idi,lakin məhkəmə bunu etməmiş və bununla da AR MPMnin 77,88-ci maddələrinin tələbləri pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, sürücülük vəsiqəsinin və texniki baxışın müddətinin ötdüyünü bilməmişdir. Sığorta şirkəti də buna diqqət etməyib. Sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsinə 2 ay qalmış ona illik sığorta məbləği ayrılıb, həmin məbləği ödəyir. İldə bir dəfə sığorta ödənişi edir. Sürücülük vəsiqəsi etibarsız ola-ola maşın sürüb və qəza törədib. Vurduğu ziyan təmir xərci ilə birlikdə 700-800 manat məbləğə qədərdir. Ondan tələb olunan məbləğ süni şəkildə şişirdilib. Avtomobilin kapotunun bu günə maksimum bazar qiyməti 150 manatdır. Qanad təxminən 120, bufer 150-200, radiator 120-190 manat arasıdır. Dəmirçi, 100-150, rəngsaz 200 manat pul alsa, bu maksimum məbləğ hesablaması olsa da, ondan tələb olunan məbləğdən qat-qat aşağıdır. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 3649/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, xx.xx.2020-ci ildə Sumqayıt şəhəri, N.Nərimanov ərazisində cavabdeh tərəfindən avtonəqliyyat hadisəsi törədilmiş və digər avtomobilə ziyan dəymişdir. Polisin təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Cavabdehə məhkəməyə qədər müraciətlər etməyə çalışılmışdır. Ona ünvanlanmış rəsmi məktubu qəbul etməkdən cavabdeh imtina etmişdir. İddia əsaslı olaraq təmin edilmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3649/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları nəzərdə tutulmuşdur. Həmin əsaslardan biri də iddiaçının iddia tələbinin əsası olaraq istinad etdiyi 25.1.3cü maddəsidir. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

xx.xx.2020-cü il tarixli, CM1176/20 saylı işə dair sığorta aktından görünür ki, sığortalı “Mercedes Benz C220” CDİ markalı 99 EG 87 dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz 180” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, vurulmuş zərər 2085 manat məbləğində müəyyən edilmiş, 2085 manat sığorta ödənişi ödənilmişdir. № 1270/20, xx.xx.2020-ci il tarixli, Qiymətləndirmə aktından görünür ki “Mercedes Benz 180” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2085 manat qiymətləndirilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 2085 manat sığorğa ödənişi ödənilmişdir. AP seriyalı № ******* saylı Sumayıt şəhər DYPŞ-nin xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 11.03-də “Mercedes Benz C220” CDİ markalı **-EG-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən Məmmədov X1 “Unibankın” bərabərliyində sağdan sola manevr edib dönərkən özündən solda hərəkət edən “Mercedes Benz 180” markalı, 99-SH556 dövlət nömrə nişanlı avtomaşının qabaq sağ tərəfindən toqquşmuşdur. Sürücünün sürücülük vəsiqəsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 11.03 radələrində “Mercedes” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Unibankın” bərabərliyində sağdan sola manevr edib dönərkən özündən solda hərəkət edən X4 məxsus “Mercedes Benz” markalı, **-SH-*** dövlət nömrə nişanlı avtomaşının sağ qabaq hissəsi ilə toqquşmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 avqust 2022-ci il tarixli 9/4295 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1997-ci il buraxılışlı “Mercedes Benz C180” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2085,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 1315,0 manat, təmirbərpa işlərinin qiyməti 770,0 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 11.03 radələrində “Mercedes” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Unibankın” bərabərliyində sağdan sola manevr edib dönərkən özündən solda hərəkət edən X4 məxsus “Mercedes Benz” markalı, **-SH-*** dövlət nömrə nişanlı avtomaşının sağ qabaq hissəsi ilə toqquşmuş, nəticədə “Mercedes Benz C180” markalı, 99SH-556 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Qəza zamanı Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Belə ki, onun sürücülük vəsiqəsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmiş, müddət bitdikdən 3 ay 17 gün sonra, xx.xx.2020-ci il tarixdə nəqliyyat hadisəsi baş vermişdir. Bununla da müəyyən edilir ki, nəqliyyat hadisəsi baş verən zaman cavabdeh sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etmiş və qəza törətmişdir. Bu hal cavabdehin öz izahatı ilə də təsdiqini tapmışdır. Həmçinin iş materiallarında olan ekspert rəyi ilə müəyyən edilir ki, qəza nəticəsində iddiaçı təşkilat tərəfindən digər şəxsə 2085,00 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə görə isə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinin tələbinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən iddiaçının subroqasiya hüququ yaranmışdır və cavabdeh vurduğu zərər həddində mülki cavabdehlik və maddi məsuliyyət daşıyır. Bununla da müəyyən edilir ki, cavabdehin hadisə zamanı sürücülük hüququ olmadan avtomobil idarə edərkən yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində digər şəxsə məxsus avtomobilə dəymiş zərər iddiaçı tərəfindən ödənildiyindən və qanunvericliyə əsasən belə halda iddiaçı ödədiyi zərəri hadisəni törədən şəxsdən tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin ekspert rəyinin əsaslı saymaması, nəqliyyat vasitəsinə 700-800 manat zərər dəyməsi barədə dəlilinə qiymət verərək qeyd edir ki, cavabdeh məhkəmə kollegiyasının iclasında izahat verərəkən nəqliyyat vasitəsinə 700- 800 manat zərər dəyməsini bildirsə də, apellyasiya şikayətində dəymiş zərərin 1000 manat olmasını göstərmişdir. Bununla da cavabdeh fərqli izahatlar verməklə dəymiş zərərin məbləği hissəsində səmimi izahat verməmişdir. Bundan başqa ekspert rəyinin əsassız olması ilə bağlı dəlillə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Eyni zamand aməhkəmə kollegiyası hesab edir ki, iddia əsaslı olduğundan ödənilmiş dövlət rüsumu və keçirilmiş ekspertiza xərci də cavabdehdən tutulmalıdır. Belə ki, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3649/2022 nömrəli, 26 oktyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3649/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar