Məhkəmə qərarları › İş №2(105)-3923/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3923/2021

29.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3923/2021 29.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi ilə, İddiaçı Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəliyinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin asudələşdirilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh Şabran rayon məhkəməsinə etdiyi etiraz ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəliyi məhkəmədə ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən şəhərin M.Ə.Rəsulzadə küçəsində yenrləşən evinin qarşısında inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, mülki işin başqa rayon məhkəməsinə verilməsi məsələsinə baxılması məqsədilə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Şabran rayon İcra Hakimiyyətinin Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Şabran rayon məhkəməsində ona qarşı özbaşına tikintinin sökülməsi və torpaq sahəsinin asudələşdirilməsi tələbinə dair iddia qaldıraraq ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən evinin qarşısında inşa edilmiş tikintinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda işə baxan hakim Çingiz İsgəndərovun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar vardır. Belə ki, hakim Çingiz İsgəndərov bundan əvvəl də, heç bir əsas olmadan iddiaçı və cavabdeh kimi iştirak etdiyi digər məhkəmə işləri üzrə qərəzli şəkildə onun xeyrinə olmayan qətnamələr qəbul etmişdir. Həmçinin hazırki iş üzrə iddiaçı Şabran rayon İcra Hakimiyyətinin Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyidir. Həmin orqan Şabran rayon İcra Hakimiyyətinin tabeliyindədir. Ayrı-ayrı qurumlar olsa da, məhkəmələr bir rayonun icra başçısına rəsmən tabe olmasa da, qismən ondan asılıdır. Ona görə də Şabran Rayon Məhkəməsinin hakiminin gəldiyi qənaətin qismən özündən asılı olmadığını və müəyyən instansiyalarda asılılıq prinsipini başa düşür, dərk edir. Şabran rayon İcra Hakimiyyətinin Şabran rayon məhkəməsinə hazırki iş üzrə təsir etmə ehtimalı vardır və nəticədə məhkəmə prosesi Şabran rayon məhkəməsi hakiminin obyektiv qərar qəbul etməməsi ilə nəticələnəcəyini bilir. Ona görə də hazırkiproses üzrə hakim Çingiz İsgəndərovun ədalətli qərar qəbul etməsinə şübhə ilə yanaşır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2005-ci il 24 noyabr tarixli 3 nömrəli “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərarının 1-ci maddəsində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. Həmin qərarın 2.2-ci maddəsində qeyd edilir ki, “hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1.7. maddəsinə görə onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakimin işə baxılmasına yol verilə bilməz. Mülki Prosessual Məcəllənin 21.2. maddəsinə əsasən, etiraz etmə və ya özü özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1. maddəsi). Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, mülki iş üzrə tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən, tam hüquqlu məhkəmə kimi apellyasiya instansiya məhkəməsi mülki iş üzrə obyektiv həqiqəti müəyyən edilməsindən ötrü hər bir tərəfin izahatının dinlənilməsini təmin edir. Cavabdeh etirazının əsası kimi istinad etdiyi hallar formal mülahizə olmaqla iş üzrə tam, hərtərəfli araşdırılma aparılmasının obyektivliyinə şübhə edilməsi üçün əsas oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.6. maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 19.2.3, 21.2, və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: İddiaçı Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəliyinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin asudələşdirilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş Şabran Rayon Məhkəməsinə etiraz etmə barədə ərizəsi rədd edilsin. Mülki iş baxılması üçün Şabran rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar