Məhkəmə qərarları › İş №2(105)-395/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-395/2022

10.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-395/2022 10.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi: Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin "Neft Kəmərlərı̇ " İ̇darəsinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 25-ci km-də (39 T 0389544), kəmərdən təqribən 45 metr aralı məsafədə, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda aparılan bütün qanunsuz tikinti işlərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 25-ci km-də (39 T 0389544), kəmərdən təqribən 45 metr aralı məsafədə, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda aparılan bütün qanunsuz tikinti işlərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 25-ci km-də, (39 T 0389544) kəmərdən 45 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Cəbrayıl rayonu, Dağtutmas kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda qanunsuz tikinti işlərinin aparılması əməkdaşları tərəfindən aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. AR Sənayə və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03.01.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən, İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri; bütün növ kol və ağacların basdırılması, yəni məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması və torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. AR Prezidentinin 15.04.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi Ə.M.Şahtaxtinskiy apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaqdan ötrü məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyun 2021-ci il tarixli, 10/1594 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı İstismarında olan Böyükşor- Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 25-ci kilometrliyində kəmərdən 45 metr məsafədə daş hasar, 5 metr məsafədə isə fərdi yaşayış evi vardır. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndinə əsasən, həmin tikililər Azərbaycan Respublikası Neft Şirkətinin İddiaçı istismarında olan Böyükşor- Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 25-ci metrliyində kəmərin mühafizə zonasına düşür. Sözügedən qanunsuz tikintinin neft boru kəmərinin mühafizə zonasında yerləşməsi işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışı ilə 10.12.2018-ci il Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Lakin, iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmiş, yalnız ekspert rəyində çıxarışın kserosurətinə istinad etmişdir. Məhkəmə kserosurətin sübut əhəmiyyəti olmadığını aydınlaşdırmamaqla bərabər, eyni zamanda həmin kserosurətinə istinad edilən “çıxarış”dakı qeyd edilən torpaq sahəsi ilə qanunsuz tikilinin yerləşdiyi torpaq sahəsinin eyniyyət təşkil etməsi aydınlaşdırılmamışdır. Hesab edir ki, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməməklə prosessual hüquq normasını pozmuşdur. Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2(012)-369/2021 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, mübahisəli tikilinin cavabdehin mülkiyyətində olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi Ə.Ş.Şahtaxtinskiynin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2021-ci il tarixli, 10/1594 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Böyükşor- Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 25-ci kilometrliyində kəmərdən 45 metr məsafədə daş hasar, 5 metr məsafədə isə fərdi yaşayış evi vardır. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” nın 6.3-cü bəndinə əsasən, həmin tikililər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan BöyükşorSumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 25-ci kilometrliyində kəmərin mühafizə zonasına düşür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li çıxarışının surətindən görünür ki, ümumi sahəsi 508,5 kvadratmetr olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə 10.12.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İşdən görünür ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışı ilə 10.12.2018-ci il arixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmış və Cavabdeh mülkiyyətindədir. Göründüyü kimi, iddiaçı onun balansında olan qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən tikinti işləri aparıldığını bildirir və həmin qanunsuz tikilinin sökülməsini xahiş edir. Lakin, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən hər hansı özbaşına tikinti işləri aparılmamışdır. Belə ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışı ilə 10.12.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır və onun mülkiyyətindədir. Mülki Məcəllədə göstərilmişdir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir (238.1.). Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir (238.2.). Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər (240.1). Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfindən özbaşına tikinti işləri aparılmış olsa belə, iddiaçının həmin tikilinin sökülməsi üçün subyektiv hüquqa malik olubolmadığı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 10.4-cü bəndində göstərilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, tikinti obyektlərinin sökülməsi barədə iddia qaldırmaq səlahiyyəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə aiddir və iddiaçı həmin iddianı qaldırmaqda sübyektiv hüquqa malik deyil. Eyni zamanda Mülki Məcəllənin 157.9-cu maddəsində göstərilmişdir ki, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Yəni, cavabdehə məxsus fərdi ev və ya ərazidəki digər tikililər həqiqətən iddiaçının qeyd etdiyi boru kəmərinin mühafizəsi zonasına düşürsə, həmin tikililərin yerləşdiyi torpaq sahələri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Hazırkı iddianın təmin edilməsi isə mülkiyyətçi kimi cavabdehin hüquqlarının pozulmasına səbəb olar. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməsində haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1 bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Yenə həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, Cavabdeh adına olan mübahisəli ev onun mülkiyyətindədir və həmin Çıxarış mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 23 avqust 2021-ci il tarixli 2(012)-369/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar