Məhkəmə qərarları › İş №2(105)-395/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-395/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-395/2023 30.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, e-2(060)-3460/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ST38103 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 2199.99 manat dəyərində məişət məhsulu nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 1699.99 manat, cərimə borcu isə ona güzəşt olunaraq 199.92 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh müqavilə üzrə 1699.99 manat qalıq borcu, 199.92 manat cərimə borcu olmaqla, cəmi 1899.91 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 38.99 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, e-2(060)-3460/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakim Aynur Behbudova) Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: iş materiallarında olan təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı MMC-dən xx.xx.2021-ci il tarixli müqavilədə nəzərdə tutulmuş televizoru tam qüsursuz halda təhvil almışdır. Belə ki, xx.xx.2021-ci il tarixli nisyə satış müqaviləsi üzrə təhvil- təslim aktından görünür ki, mağaza tərəfindən müqavilə üzrə alınmış yuxarıda qeyd olunan məhsul Cavabdeh akt üzrə təhvil verilmiş və aktda qeyd olunmuşdur ki, “Alıcı tərəfindən satılmış malların texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilmədi” aktın doğruluqunu imzası ilə təsdiqləmişdir. Bundan əlavə, xx.xx.2021ci il tarixli 273330 nömrəli çatdırılma qaiməsinə əsasən qeyd olunan 1 ədəd “LG 55 (Nano) 55NAN0866NA” markalı televizor alıcı Cavabdeh təqdim edilmiş və qaimədə qeyd olunmuşdur ki, “Xahiş edirik malların sayını və xarici görünüşünü yoxlayın malı sağlam vəziyyətdə təhvil almamış imzanızla təsdiqləməyin”. Alıcı Cavabdeh qaimədə “Tv toka taxıldı və ekranı sağlam vəziyyətdə təhvil aldım” qeydi yazmışdır. Həmin qaimədən görünür ki, alıcı Cavabdeh həmin televizoru sağlam vəziyyətdə qəbul edərək imzası ilə təsdiq etmişdir. Hazırkı işdən də müəyyən olunur ki, cavabdehə satılmış televizordakı qüsurlar onun özü tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması nəticəsində əmələ gəlmişdir. Belə ki, həmin televizor iddiaçıya təhvil verilən zaman o, satılan malın texniki göstəricilərinə və yararlığına (sağlamlığına) dair iradlar bildirməyib və televizordakı qüsuru evində aşkar edib. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Tərəflər arasında imzalanmış təhvil-təslim aktından görünür ki, satıcı öz üzərinə düşən öhdəliyi icra etmiş və televizoru razılaşdırılmış keyfiyyətdə alıcıya təhvil vermişdir. Alıcı (cavabdeh) bu sənədi imzalamış və bu gün də həmin aktı mübahisələndirməmişdir. Buna görə də, sözügedən “Təhvil-təslim aktının” mötəbərliliyinə hər hansı bir şübhə yaranmadığından, həmin akt sübut kimi qəbul edilir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, e-2(060)-3460/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, ST38103 saylı nisyə satış müqaviləsi üzrə qalıq borcu 1699.99 manat, cərimə borcu isə müştəriyə 10% güzəşt olunaraq 199.92 manat olmaqla, cəmi 1899.91 manat təşkil edir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021ci il tarixli, ST38103 saylı nisyə alqı-satqı müqaviləsi və ona 1 saylı əlavədən görünür ki, Cavabdeh ilkin ödəniş 500 manat olmaqla, qalan məbləği 15 ay müddətinə hər ay 113 manat, yalnız sonuncu ay 117.99 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı MMCdən xx.xx.2021-ci il tarixli müqavilədə nəzərdə tutulmuş televizoru tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixli müştərinin qəbzinə əsasən müəyyən edilir ki, Cavabdeh LG markalı televizorun ekranında çat olduğu üçün onu təhvil vermiş, iddiaçının nümayəndəsi Araz Əliyev tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdeh müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və hesab etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, ST38103 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 2199.99 manat dəyərində məişət məhsulu nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. Cavabdeh məhsul qüsurlu olduğu üçün xx.xx.2021-ci il tarixində İddiaçı MMC şirkətinə məxsus mağazaya geri qaytarmış, LG markalı televizorun ekranında çat olduğu üçün onu təhvil vermiş, İddiaçı MMC-nin nümayəndəsi Araz Əliyev tərəfindən məhsul təhvil alınmışdır. Həmin müddətdən sonra cavabdehə başqa məhsul verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə satılmış televizordakı qüsurların onun özü tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması nəticəsində əmələ gəlməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, məhsulun alıcıya təhvil verilməsindən 1 gün sonra məhsul qüsurlu olduğundan satıcıya geri qaytarılmış və satıcının nümayəndəsi tərəfindən təhvil alınmışdır. Nəzərə alınmalıdır ki, müqavilə bağlanan gün cavabdeh tərəfindən 500 manat məbləğində ödəniş də edilmişdir. Beləliklə cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması, ödənişin edilməməsi, qüsurun məhz cavabdehin təqsiri üzündən baş verdiyi müəyyən olunmur. Məhkəmə kollegiyasının iclasında cavabdeh bildirmişdir ki, televizor qüsurlu olduğu üçün onu işlədə bilməmiş, 1 gün sonra qaytarmalı olmuşdur. Bu səbəbdən ödənişləri də etməmişdir. İddiaçıdan qüsursuz məhsulun verilməsi tələb olunsa da, iddiaçı həmin tələbi yerinə yetirməmiş, ödənişləri isə tələb etmiş, hətta iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yalnız bir neçə gün əvvəl ona iddiaçı tərəfindən təmir olunmuş televizor təqdim edilmişdir. Bu səbəbdən bundan sonra ödənişləri həyata keçirəcəkdir. Beləliklə kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, e-2(060)-3460/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar