Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-396/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı və vəkili X2, Cavabdeh iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-551/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-551/2020 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı Cavabdeh ona məxsus 120 baş ana qoyunun dəyəri 30.000 manat, 10 baş damazlıq keçinin dəyəri 1600 manat, quzuların dəyəri 37.460 manat, 800 manat taxıl pulunun, nəğd borc aldığı 7000 manat pulun, 6000 ABŞ dollar borc və dəymiş zərərin əvəzi olaraq 4000 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-551/2020 saylı qətnaməsinin ləğv edilərək iddanın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 2000-ci ildən bəri tanıyır və münasibətləri hər zaman yaxşı olmuşdur. 2011-ci ilin sentyabr ayından cavabdehə 10 il müddətinə saxlamaq üçün 100 baş ana qoyun, 20 baş damazlıq dişi quzu, 6 baş damazlıq keçi və 3 il sonra daha 4 baş keçi, 2 ton taxıl vermişdir. Aralarında şifahi əqd bağlamışlar ki, hər il 100 baş ana qoyunun bəhəri olan 100 quzunun 60 faiz cavabdehin, 40 faiz isə onun olacaqdır. Sonda heyvanlarını təhvil verdiyi sayda sürüdən ayrıb aparmalıdır. 2013-cü ildən 20 baş damazlıq quzu ana qrupuna daxil olduğundan cavabdehin öhdəliyində 120 baş ana qoyun olmuşdur. 2013-cü ildən 2019-cu il daxil olmaqla cəmisi 7 ildə 20 baş ana qoyunun bəhəri 140 baş quzu olmuşdur. Bunun 60 faiz, yəni 84 baş quzu cavabdehin haqqı, qalan 40 faiz, yəni 56 baş quzu isə onun payına düşmüşdür. Yetişmiş quzular hər ilin avqust ayında 16, 18, 20 kiloqram ət verir. 16 kq. olmaqla və hər kiloqramı 10 manat hesabı ilə 1 quzunun dəyəri 160 manat etmişdir. Bu hesabla cavabdehə çatan pul 84 quzu x 160 manat olmaqla, 13.440 manat 7 ildə 20 başa qoyundan gəlirdi. Ona çatmalı pul isə 7 ildə 8 quzu olmaqla (7x8 baş quzu) 56 quzu x 160 manat olmaqla 8960 manat quzuların puludur. Ona çatmalı olan 40960 manat quzu pulundan Cavabdeh 2016-cı ildə 1500 manat, sonralar 2017-ci ildə xəstəxanadan çıxıb gələndən sonra öz həyat yoldaşına gətirdərək şahidlərin yanında 2000 manat pul vermişdir. Eyni zamanda 2019-cu ilin iyun ayında toy məclisindən 1 həftə sonra cavabdeh ona zəng edərək ona təcili 2000 manat pul lazım olduğunu bildirmiş və 5 günə qaytaracağını demişdir. O, həyat yoldaşının etirazına baxmayaraq ondan 2000 manat pul alın tanıdığı sürücü ilə evinə gələn Cavabdeh borc vermişdir. Bundan əlavə Hacıqabuldakı təsərrüfat işləri ilə əlaqədar 5000 manat, xx.xx.2011-ci il tarixdə evində 2000 ABŞ dolları və daha sonralar 4000 ABŞ dollar pulu ondan borc almışdır. Cavabdeh aralarındakı bütün razılaşmalara əməl etməyərək bugünə qədə ona məxsus qoyunları, borclu olduğu pulu qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də, Cavabdeh ona məxsus 120 baş ana qoyunun dəyəri 30.000 manat, 10 baş damazlıq keçinin dəyəri 1600 manat, quzuların dəyəri 37.460 manat, 800 manat taxıl pulunun, nəğd borc aldığı 7000 manat pulun, 6000 ABŞ dollar borc və dəymiş zərərin əvəzi olaraq 4000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus 120 baş ana qoyunun və ya onların dəyəri olan 30.000 manat pulun, 10 baş damazlıq keçinin və ya onların dəyəri olan 1.600 manat pulun, nəğd borc aldığı 7000 manat və 6000 ABŞ dolları məbləğində pulun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1, 367.3, 368-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili A.M.Əzizov apelyasiya şikayətini müdafiə edib, iddia ərizəsində göstərilən xüsusuatları təsdiq edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etitz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia tələbinin əsasını iddiaçının 2011-ci ilin sentyabr ayından cavabdehə 10 il müddətinə saxlamaq üçün 100 baş ana qoyun, 20 baş damazlıq dişi quzu, 6 baş damazlıq keçi və 3 il sonra daha 4 baş keçi, 2 ton taxıl verməsi və cavabdehə Hacıqabul rayonunda təsərrüfat işləri ilə bağlı 5000 manat, xx xxxx 2011-ci il tarixdə evində 2000 ABŞ dolları, xx xxx 2011-ci il tarixdə 4000 ABŞ dolları və daha sonra 2000 manat məbləğində pul vəsaitinin verməsi təşkil edir. İş materiallarında olan Quba rayonu DAİM-nin xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, cins yerli, 2-6 yaş arası, sağlam görünüşlü, törəmə qabiliyyətli, boğaz ana qoyunların orta bazar qiyməti 200 manat, cins yerli, 2-6 yaş arası, sağlam görünüşlü, törəmə qabiliyyətli, boğaz ana keçilərin orta bazar qiyməti 120 manat, cins yerli, 2-6 yaş arası, sağlam görünüşlü, törəmə qabiliyyətli, artıq doğmuş, (1-2 aylıq) ana-bala bir yerdə orta bazar qiyməti 250 manat, cins yerli, 2- 6 yaş arası, sağlam görünüşlü, törəmə qabiliyyətli, artıq doğmuş, (1-2 aylıq) ana-bala bir yerdə orta bazar qiyməti 160 manat dəyərində ola bilər. 2019-cu ilin dekabr ayının sonuncu on günlüyünü nəzərə alsaq, iddiaçının özünündə izahatına əsaslanaraq ana qoyunların və ana keçilərin döl kompaniyası başa çatdığından 1-2 aylıq balalı ola bilər. Ona görədə vətəndaş İddiaçı balalı damazlıq ana qoyunların dəyəri 120 baş (cəmi balalı ana qoyunlar)x250 manat (1 baş balalı ana qoyunun orta bazar qiyməti)=30.000 manat. Balalı ana keçilərin dəyəri isə 10 baş (cəmi balalı, ana keçilər)x160 manat (bir baş balalı ana keçinin dəyəri) = 1600 manat, cəmi xırdabuynuzluların dəyəri: 30.000 manat (balalı ana qoyunlar) + 1600 (balalı ana keçilər)= 31600 manat dəyərində ola bilər. Cavabdeh məxsus 2008-ci il tarixli əlyazmadan görünür ki, torpaq məsələləri ilə bağlı o, İddiaçı 5.000 manat pul almasını etiraf etmiş və həmin ərizəni öz imzası ilə təsdiq etmişdir. İş materiallarınının 66-cı səhifəsində olan ərizədən görünür ki, Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verib, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Mülki Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1 və 375.2-ci maddələriə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh ona məxsus 120 baş ana qoyunun və ya onların dəyəri olan 30.000 manat pulun, 10 baş damazlıq keçinin və ya onların dəyəri olan 1.600 manat pulun, nəğd borc aldığı 7000 manat və 6000 ABŞ dolları məbləğində pulun verilməsi barədə ərizəsini rədd etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-551/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-396/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-396/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver