Məhkəmə qərarları › İş №2(105)-3993/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3993/2021

21.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3993/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli, 2(012)-348/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 02.04.2021-ci il tarixli, 2(012)-348/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 388,80 manat və 4,70 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 393,50 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573 VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına tutulması qət edilmişdir (hakimElman Məmmədov). Qətnamədən İddiaçı tərəfindən 21.06.2021-ci il tarixdə apellyasiya şikayəti verilmiş, Abşeron Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2(012)-348/2021 saylı qərardadı ilə apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. İddiaçı nümayəndəsi X1 Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixdə 02.04.2021ci il tarixli, 2(012)-348/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin verilməsinə dair buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli, 2(012)-348/2021 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 02.04.2021-ci il tarixli, 2(012)-348/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə İddiaçı nümayəndəsi X3 ərizəsinin təmin olunmaması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmişdir. Abşeron Rayon Məhkəməsinin 15.11.2021-ci il tarixli, 2(012)-348/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. İddiaçı nümayəndəsi X2 şikayəti belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin 2(012)-348/2021 saylı, 02.04.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. İddiaçı çıxarılmış həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-348/2021 saylı, 18.08.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən qeyd olunan qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə 18.08.2021-ci il tarixli qərardadı qəbul edərkən mübahisələndirdikləri qətnamənin iddiaçı tərəfindən 18.05.2021-ci il tarixində rəsmi qaydada alındığına, qətnamədən apellyasiya şikayəti vermə müddətinin 18.06.2021ci il tarixində qurtarmasına baxmayaraq, həmin qətnamədən verilmiş apellyasiya şikayətinin 23.06.2021-ci il və 05.07.2021-ci il tarixlərində (təkrarən) məhkəmənin dəftərxanasına daxil olması ilə əsaslanmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən qətnamədən 2 dəfə, yəni təkrarən apellyasiya şikayətinin verilməsi faktı işlərin çox olmasını bir daha göstərir. İddiaçı tərəfindən əsaslandırılan müddətin bərpasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etməsinə baxmayaraq, həmin məhkəmənin 04.10.2021-ci il tarixli, 2(012)-348/2021 saylı qərardadı ilə müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. 04.10.2021-ci il tarixli qərardadı əsassız, hüquqlarını pozan qərardad kimi qəbul edir və hesab edir ki, həmin qərardad ləğv edilməli, mübahisəli hesab etdikləri qətnamədən verilmiş apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməlidir. Bir daha qeyd etmək istərdi ki, məhkəmələrdə həm iddiaçı kimi, həm də cavabdeh kimi tərəf olaraq iştirak etdiklərindən işlərinin çox olması səbəbindən apellyasiya şikayəti çox hesab olunmayan müddətin ötürülməsi ilə verilmişdir. Digər tərəfdən qeyd edir ki, mübahisələndirdikləri qətnamə həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən iddiaçı kimi qanunvericiliklə qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə buraxılmış prosessual müddətin bərpasından imtina etmişdir. Hesab edir ki, Abşeron Rayon Məhkəməsi qanunsuz hesab etdikləri qətnamənin apellyasiya instansiya məhkəməsində mübahisələndirilməsindən çəkinərək apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Eyni Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Mübahisələndirdikləri qərardadı 11.11.2021-ci il tarixində poçt vasitəsilə almışlar. Qeyd olunanlara əsasən, o, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli, 2(012)-348/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, iş üzrə məhkəmə qətnaməsi iddiaçı təşkilat tərəfindən iş materiallarında olan xəbərnaməyə əsasən, 18.05.2021-ci il tarixdə rəsmi qaydada almışdır. Sözügedən qətnamədən şikayət vermə müddətinın axımı qətnamənin İddiaçınə təqdim edildiyi gündən, 18.05.2021-ci ildən başlamış və həmin müddət 18.06.2021-ci ildə qurtarmışdır. İş materiallarından görünür ki, İddiaçı şikayəti 21 iyun 2021-ci ildə poçt vasitəsi ilə məhkəməyə göndərilmişdir. 18.06.2021-ci il tarixi həftənin cümə günü olmuş, 19- 20.06.2021-ci il tarixləri isə həftənin şənbə-bazar günü olmaqla qeyri-iş günü olmuşdur. Göründüyü kimi iddiaçı təşkilat 18.06.2021-ci il, saat 18:00-dək apellyasiya şikayətini poçt vasitəsi ilə məhkəməyə göndərməli olduğu halda, şikayəti 21.06.2021-ci il tarixində poçta təqdim etmişdir. Həmçinin buraxılmış prosessual müddətin üzürlü səbəbdən olması ilə bağlı İddiaçı ərizəsində hər hansı bir hala istinad etməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan xüsusatlara əsasən müddətin bərpasına dair ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsi 18.05.2021-ci il tarixdə iddiaçı tərəfindən xəbərnaməyə imza edilməklə alınmışdır, qətnamədən apellyasiya şikayəti 21.06.221-ci il tarixdə və 02.07.2021-ci il tarixdə məhkəməyə göndərilmişdir, bununla da qətnamədən apellyasiyaşikayəti verilməsi müddəti ötürülmüş, 20.09.2021-ci il tarixdə prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla da prosessual müddəti ötürmüş və müddəti üzrlü səbəbdən ötürməsi barədə də heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat iş yükünün çox olması ilə əlaqədar apellyasiya şikayətini gec verilməsini bildirsə də, məhkəmə kollegiyası bu halı əsaslı saymır. Belə ki, 21.06.2021-ci il tarixdə və 02.07.2021-ci il tarixdə ayrı-ayrılıqda apellyasiya şikayəti verilməsi iş yükünün çox olması ilə əlaqələndirilməsi ağlabatan hesab edilə bilməz. Göründüyü kimi, iddiaçı təşkilat prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etməsi, məhkəmə qətnaməsindən daha əvvəl məlumatlı olmasına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı təşkilatın ərizədə göstərdiyi dəlillər onun qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir və şikayətin təmin edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası şikayəti təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli, 2(012)-348/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli, 2(012)-348/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar