Məhkəmə qərarları › İş №2(105)-40/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-40/2025

19.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-40/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizəsi zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz inşa olunmuş tikilinin sökülməsi, sübutetmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-143/2023 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. DƏDRX tərəfindən Cavabdeh adına verilmiş 32317 saylı reyestr qeydli Qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi, yeni məhəllə küçəsində yaşayış sahəsi 41.0kv.m. köməkçi sahəsi 24,4 kv.m .olan 03 otaqdan ibarət yaşayış evi xüsusi mülkiyyət kimi onun adına qeydiyyatdan keçmişdir, onun xüsusi mülkiyyətindədir.

2. Abşeron Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(012)-2000/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/501 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş 4,7 x 9,4 metr ölçüdə çardaq tikilisinin Böyükşor Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərindən 7-11 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı neft kəmərinin 30.5-ci km-də, kəmərdən təqribən 5-6 metr aralı məsafədə, kəmərə perpendikulyar, 1-ci sırada, kəmərin mühafizə zonası daxilində, 39 T 0386671;4489226 saylı koordinat üzrə ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və çardaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı neft kəmərinin 30.5-ci km-də, kəmərdən təqribən 5-6 metr aralı məsafədə, kəmərə perpendikulyar, 1-ci sırada, kəmərin mühafizə zonası daxilində, 39 T 0386671;4489226 saylı koordinat üzrə ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikilisi aşkar edilmişdir.

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-143/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbəsi, yeni məhəllə küçəsində Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş SOCAR-ın İddiaçı istismarında olan 50 metrlik mühafizə zolağının daxilinə düşən 4,7x 9,4 metr ölçüdə çardaq tikilisi onun öz hesabına sökülərək ərazidən çıxarılması, Cavabdeh 50 (yüz) manat məbləğində dövlət rüsumuna görə pulun tutularaq, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə ödənilməsi, Cavabdeh 25 manat və SOCAR-ın İddiaçındən 25 manat məbləğində pul vəsaitinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 hesabına köçürülməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva).

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11, 7-ci bəndlərinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 22.5, 111-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 117.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-143/2023 nömrəli qətnaməsinin iddiaçı SOCAR-ın İddiaçı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbininin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, iş materiallarında olan DƏDRX tərəfindən Cavabdeh adına verilmiş 32317 saylı reyestr qeydli Qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi, yeni məhəllə küçəsində yaşayış sahəsi 41.0 kv.m. köməkçi sahəsi 24,4 kv.m olan 03 otaqdan ibarət yaşayış evi xüsusi mülkiyyət kimi onun adına qeydiyyatdan keçmişdir, onun xüsusi mülkiyyətindədir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/501 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş 4,7 x 9,4 metr ölçüdə çardaq tikilisinin Böyükşor Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərindən 7-11 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Sözügedən ekspert rəyi tam olmamış, məhkəmə buna diqqət yetirməmiş və İddiaçı nümayəndəsinin mövqeyini nəzərə almamışdır. Nəticədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 143/2023 nömrəli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində qanunsuz və əsassızdır, həmin hissədə qətnamə ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırılır ki, qətnamədən də göründüyü kimi, məhkəmə faktiki olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/501 saylı ekspert rəyinə əsasən qətnamə çıxarmışdır. Lakin, nəzərə almamışdır ki, faktiki olaraq cavabdehin inşa etdiyi fərdi yaşayış evi və hasar tikilisi də neft boru kəmərinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi iclasında ekspert rəyinə etiraz edərək bildirmişdir ki, iş üzrə alınmış ekspert rəyində yalnız çardaq tikilisi qeyd edilmişdir. Lakin iddia tələbində mühafizə zonasına Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikilisinin düşdüyü göstərilmişdir. Odur ki, iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilməsini xahiş edilmiş, lakin qərardadı icra etmək cavabdehin ekspertizada iştirakını təmin etmək mümkün olmadığından ica etmək mümkün olmamışdır. Abşeron Rayon Məhkəməsinin sözügedən qətnaməsi təmin edilməyən hissəsində yuxarıda qeyd olunan xüsusatlara görə qanunsuz, əsassız olduğundan, habelə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalı və İddiaçı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı neft kəmərinin 30.5-ci km-də, kəmərdən təqribən 5-6 metr aralı məsafədə, kəmərə perpendikulyar, 1-ci sırada, kəmərin mühafizə zonası daxilində, 39 T 0386671;4489226 saylı koordinat üzrə ünvan 1 ünvanında fərdi yaşayış evi, hasar və çardaq tikilisi inşa etmişdir.

9. İşin mübahisəsiz halı bundan ibarətdir ki, cavabdehə məxsus yeni tikili ilə yanaşı digər özbaşına tikililər (fərdi yaşayış evi və hasar) neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X6 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydalarının 4.1-ci bəndinə əsasən, X6 Kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan tikililər, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmişdir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi tələbi ondan ibarətdir ki, irəli sürdüyü iddianın faktiki halları Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtləri ilə uyğunluq təşkil edir. Abşeron rayon Məhkəməsi isə adı çəkilən ekspert rəyi əsasında iddianı qismən təmin etmişdir. Belə ki, cavabdehə məxsus fərdi yaşayış evinə və hasara münasibətdə iddia tələbini rədd etmişdir. Mübahisəli özbaşına tikililər inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi kordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallara dair sübutlar, cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməmişdir. Mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Belə ki, neft kəmərində baş verə biləcək kiçik bir sızma insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxlərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də cavabdehə məxsus mübahisələndirilən tikililər sökülməlidir.

Apellyasiya şikayətlərinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi Nümayəndə1 ərizə ilə müraciət edərək iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

14. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

15. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

17. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

19. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

20. Maddə 22.5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

21. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”

22. Bənd 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərin aparılması qadağandır.

23. Bənd 7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə “50 metr” keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

30. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

31. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

32. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

33. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

34. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

35. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

41. Apellyasiya şikayəti iddiaçı tərəfindən verilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-143/2023 nömrəli qətnaməsinin iddiaçı SOCAR-ın İddiaçı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbininin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

42. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Beləliklə, işin hallarına görə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı neft kəmərinin 30.5-ci km-də, kəmərdən təqribən 5-6 metr aralı məsafədə, kəmərə perpendikulyar, 1-ci sırada, kəmərin mühafizə zonası daxilində, 39 T 0386671;4489226 saylı koordinat üzrə ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və çardaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

45. DƏDRX tərəfindən Cavabdeh adına verilmiş 32317 saylı reyestr qeydli Qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi, yeni məhəllə küçəsində yaşayış sahəsi 41.0kv.m. köməkçi sahəsi 24,4 kv.m olan 03 otaqdan ibarət yaşayış evi xüsusi mülkiyyət kimi onun adına qeydiyyatdan keçmişdir, onun xüsusi mülkiyyətindədir. Abşeron Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(012)-2000/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/501 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş 4,7 x 9,4 metr ölçüdə çardaq tikilisinin Böyükşor Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərindən 7-11 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Qeyd edilənlərdən göründüyü kimi cavadehə məxsus 4,7 x 9,4 metr ölçüdə çardaq tikilisi Böyükşor Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərindən 7-11 metr məsafədə yerləşdiyi nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur.

46. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən tikili cavabdehin xüsusi mülkiyyətində olan yaşayış sahəsinin tərkib hissəsi kimi dövlət qeydiyyatından keçməmişdir, özbaşına tikilidir və mühafizə zonasına düşür. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbəsi, yeni məhəllə küçəsində Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşən 4,7 x 9,4 metr ölçüdə çardaq tikilisi onun öz hesabına sökülməli, ərazidən çıxarılmalı, qalan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir.

47. Qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirən iddiaçı apellyasiya şikayətinin dəlillərində Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-143/2023 nömrəli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində qanunsuz və əsassızdır, həmin hissədə qətnamə ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Məhkəmə faktiki olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/501 saylı ekspert rəyinə əsasən qətnamə çıxarmışdır. Lakin, nəzərə almamışdır ki, faktiki olaraq cavabdehin inşa etdiyi fərdi yaşayış evi və hasar tikilisi də neft boru kəmərinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi iclasında ekspert rəyinə etiraz edərək bildirmişdir ki, iş üzrə alınmış ekspert rəyində yalnız çardaq tikilisi qeyd edilmişdir. Lakin iddia tələbində mühafizə zonasına Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikilisinin düşdüyü göstərilmişdir. Odur ki, iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilməsini xahiş edilmiş, lakin qərardadı icra etmək cavabdehin ekspertizada iştirakını təmin etmək mümkün olmadığından ica etmək mümkün olmamışdır. Abşeron Rayon Məhkəməsinin sözügedən qətnaməsi təmin edilməyən hissəsində yuxarıda qeyd olunan xüsusatlara görə qanunsuz, əsassız olduğundan, habelə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalı və İddiaçı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

48. Kollegiya əvvəla qətnamənin ekspert rəyinə əsasən çıxarılmasına dair iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

49. Apellyasiya şikayətinin dəlillərini nəzərə alan kollegiya tərəfindən xx.xx.2024-cü il tarixdə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertiza təyin edilmiş, xx.xx.2024-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatla qərardad icra edilmədən mülki iş materialları Məhkəməyə geri qaytarılmışdır. Bundan sonra, xx.xx.2024-cü il tarixdə qərardad icra edilməsi üçün təkrarən Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatla qərardad icrasız geri qaytarılmışdır.

50. Kollegiya hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı əsasında əldə edilmiş ekspert rəyinin hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilməməsinə dair hər hansı əsas müəyyən edilməmişdir.

51. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-143/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar