Məhkəmə qərarları › İş №2(105)-400/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-400/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-400/2024 01.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4437/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin təmin edilməsi, Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul və 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 20.000 manat məbləğində borc pulun və 150 manat ödənilmiş dövlət rüsumunun, cəmi 20150 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh xeyli müddətdir ki, tanıyır. Onunla yaxşı münasibətləri olmuşdur. 13 iyul 2021-ci il tarixdə cavabdeh ona müraciət edərək iş qurmaq məqsədilə ona pul lazım olduğunu bildirmişdir. İddiaçı onun səmimiyyətinə inanaraq, eləcə də yaxşı münasibətləri olduğuna görə etibar etdiyi üçün ona 20.000 (iyirimi min) manat pul vermişdir. Pulu verərkən elə həmin gün cavabdehlə aralarında notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi də bağlanaraq pulun verilməsini rəsmləşdirmiş və razılığa əsasən bu müqavilənin müddəti 13 yanvar 2023-cü il üçün müəyyən olunmuşdur. Cavabdeh qazanc əldə etdikcə aybaay onun pulunu qaytarmalı idi, lakin borc aldığı vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmağa başlamışdır. Dəfələrlə bu barədə onunla görüşüb danışsa da işlərinin yaxşı getmədiyini tez bir zamanda hər şeyin düzələcəyini desə də heç bir nəticəsi olmamışdır. İddiaçı ona bu halın narahat etdiyini bildirdikdə o bütün borcunu müqavilədə nəzərdə tutulan müddətdən də tez qaytaracağını biraz da gözləməyini xahiş etmişdir. İddiaçı ona bu barədə narazılığını bildirmiş və bu halın onu narahat etdiyini bildirmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh yenidən müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmağa başlamışdır. İddiaçı hər dəfə borcunu tələb etdikdə cavabdeh müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışmışdır. Daha sonra ümumiyyətlə görüşməkdən yayınmış və zənglərinə cavab verməmişdir. Cavabdeh müqavilənin tələblərini pozmuş, ödəməli olduğu borc məbləğini bu günə qədər də geri qaytarmamışdır İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunması, iddia tələbinin 14500 (on dörd min beş yüz) manat məbləğində təmin olunması barədə məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sübut kimi təqdim etdiyi həmin yazışmaları məhkəmə qiymətləndirməmiş, birtərəf mövqe tutaraq qərəzli olmuşdur. Həmin sübut əhəmiyyətli sənədlər məhkəmənin baxış iclaslarında qəbul edilsə də, qiymətlənməsi zamanı onların sübut əhəmiyyəti olmadığı qənaətinə gəlinmişdir. Halbuki whatsapp yazışmaları ilə İddiaçı aybaay iddiaçıya 500 manat ödənildiyini, borc məbləğinin 14500 manat olduğunu təsdiq etmişdir. Qarşılıqlı razılığa əsasən iddiaçı uşaq oyuncaqlarının alınması üçün 40000 (qırx min) manat sərf etmişdir. O, həmin pulların hissə-hissə İddiaçı qaytaracağını bildirmişdir. Lakin “Covid-19” xəstəliyi səbəbindən ticarət fəaliyyəti alınmamış, bankrot olmuşdur. Lakin iddiaçı iddia tələbi ilə ondan 20000 (iyirmi min) manat tələb edir. Halbuki o hər ay iddiaçıya 500 manat ödəniş etmişdir. Hazırki tarixdə onun iddiaçıya borcu 14500 (on dörd min beş yüz) manatdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək, Cavabdeh 16.000 manat pulun tutularaq öna ödənilməsini xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə 20.000 manat məbləğində pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi ilə əsaslandırmışdır. Cavabdeh bu nəticədən narazı qalaraq, qətnamədən apellyasiya qaydasında şikayət vermiş, qətnamənin qismən ləğv edilərək borcun məbləğinin 14500 manat müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirdikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dizpozisiya şərtinə görə iddiaçı ilk növbədə tələb etdiyi məbləği cavabdehə verdiyini sübut etməlidir. İddiaçı həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh pulun ona verildiyini mübahisələndirməsin. Qeyd etmək lazımdır ki, iddiaçı cavabdehə 20000 (iyirmi min) manat məbləğində borc verdiyini, həmin məbləğdən 4000 (dörd min) manatı qaytardığını, yerdə qalan 16000 (on altı min) manat pulu qaytarmadığını iddia etmiş, cavabdeh isə iddiaçıya 14500 manat məbləğində borcu olduğunu bildirmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-nin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qeyd olunmalıdır ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-nin 106.1. maddəsinə görə işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Qeyd olunmalıdır ki, işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən borcun cavabdehə verilməsini sübut etmə yükü üzərinə düşən iddiaçı tələb etdiyi 20.000 manatın cavabdehə verdiyini və həmin məbləğdən ona 4.000 manatın cavabdeh tərəfdən qaytarıldığını sübut etdiyi halda, cavabdeh isə bunu təkzib edən hər hansı bir tutarlı sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya qaydasında işə baxan məhkəmə işin şərh olunan hallarında düzgün hüquqi qiymət verməmiş, bu səbəbdən də iş üzrə səhv nəticəyə gələrək işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan qətnamə qəbul etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qətnaməsi 20.000 manat məbləğində pulun tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1.., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qətnaməsi 20.000 manat məbləğində pulun tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16.000 (on altı min) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar