Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-402/2023 17.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış cərimənin silinməsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin 2(074)-960/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 02 iyul 2022-ci il tarixli R 260105 saylı aktla hesablanmış və onun **********00027 saylı abonent hesabına işlənmiş 750,58 manat debitor borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək R 260105 saylı akt xx.xx.2022-ci il tarixdə tərtib olunmuşdur. Həmin akta əsasən 750,58 manat hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 02 iyul 2022-ci il tarixdə "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyində olan X2 əməkdaşları tərəfindən yaşadığı Şamaxı rayonu, Meysəri kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı guya elektrik sayğacının “0” xətti dayaqdan açılaraq sayğacın dövriyyədən kənarlaşdırıldığı müəyyən olunmuş və bu barədə akt tərtib olunaraq ümumilikdə 750.58 manat məbləğində borc hesablanmışdır. Tərtib olunmuş həmin aktla razı deyil. Belə ki, fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacı evin içərisində deyil, evdən kənarda, həyət qapısından çöldə yerləşdiyindən hazırkı işin faktiki hallarına əsasən yaşadığı evin elektrik sayğacının işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanı olmamış, habelə həmin sayğacın cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə o məsuliyyət daşımır. "Azərişıq” ASC-nin tabeçiliyində olan X2 əməkdaşları tərəfindən onun yaşadığı evin işıq xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, işığın sərfiyyatı barədə bildiriş tərtib edilərək ona təqdim edilir. Əgər belə bir problem vardırsa o zaman cavabdeh təşkilatın nümayəndəsi aşkar edərdi. Yəni cavabdeh təşkilat tərəfindən hesablanan borc reallığı əks etdirmir. Ona görədə sayğaca müdaxilənin olması barədə məlumatı yoxdur. Cavabdeh təşkilatın əməkdaşları elektrik sayğacına heç bir müdaxilə etmədiyi halda, ona qarşı qəsdən və ya qərəzli surətdə maddi ziyan vurmağa çalışırlar. Belə ki, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidirlər (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bundan başqa məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Lakin hazırkı iddia tələbində akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən hal şahidlərinin və onun iştirakı təmin edilməmiş və bununla da qaydaların tələbləri pozularaq akt tərtib edilmişdir. Ona görə də həmin akt mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilməz və həmin akt qanunsuz və əsassız olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı cavabdeh “Azərişıq" ASC-yə qarşı “akt əsasında əsassız hesablanmış 750.58 manat borcun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, iddiaçının Şamaxı rayonu Meysəri kəndində yaşadığı fərdi yaşayış evi “Azərişıq'' ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00027 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Şamaxı rayonu Meysəri kəndində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin “0" xəttini dayaqdan açaraq elektrik sayğacını dövrədən kənarlaşdırdığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydalarının 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, R260105 saylı akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, R260105 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSl-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 120 gün üçün 0.08 manatla 800 kvt.s (dəyəri 64.00 manat), 0.09 manatla 400 kvt.s (dəyəri 36.00 manat) və 0.13 manatla 5009 kvt.s (dəyəri 651.17 manat) toplamda 751.17 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçının yaşadığı evə hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Şamaxı Rayon Məhkəməsinin 2(074)-960/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 03 iyul 2022-ci il tarixli, R 260105 saylı akta əsasən hesablanmış 750,58 manat borc İddiaçı abunə hesabından silinməsi qət edilmişdir (hakim Natiq İsmayılov). Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”na ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh"xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək Şamaxı Rayon Məhkəməsinin 2(074)-960/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmamasını xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə iddia tələbinin təmin edilməsinə dair qətnaməsini əsaslandırmamış, pozuntunun məhz istehlakçı tərəfindən törədilməsinin təsdiqini tapmadığını əsas gətirərək əsassız qətnamə çıxarmışdır. Abonentin fərdi yaşayış evini enerji ilə təmin edən elektrik xətlərinə və elektrik sayğacına əməkdaşlar tərəfindən baxış keçirilmiş və abonentin “0” xəttini dayaqdan açaraq elektrik sayğacını dövrədən kənarlaşdırdığı aşkarlanmışdır. Aşkar edilmiş pozuntu ilə əlaqədar əməkdaşları tərəfindən akt tərtib olunmuş və videoçəkiliş aparılaraq pozuntu təsdiq edilmişdir. Göründüyü kimi aşkar edilmiş pozuntu tam şəkildə məhkəməyə sübut edilmiş lakin heç bir nəticəsi olmamışdır. Digər tətəfdən bu normanın tətbiqi üçün qüsurun xarakteri nəzərə alınmalıdır. Müəyyən edilmiş qüsurun xarakteri isə təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır. Habelə, iddiaçıya hesablanmış məbləğ məsuliyyətə cəlb etmə ilə bağlı olmamış, abonentin istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. “EEİQ”-nın 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EEİQ”-nın 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, cavabdehin nümayəndələri xx.xx.2022-ci ildə axşam saat 8-9 radələrində onu çağırıb bildirdilər ki, onun sayğacına baxış aparıblar, videoçəkiliş olunub, sayğaca müdaxilə edib. Onlara bildirib ki, hər ay cavabdeh tərəfindən göndərilmiş kurator sərfiyyat barədə məlumat vermək üçün gəlir sayğacı görür. O, heç bir müdaxilə etməyib. Evdə arvadı və 90 yaşlı anası var, onların da belə məsələlər barədə məlumatı yoxdur. Akt tərtib etdilər. O, akta imza etməyib. Sonradan sayğacı yoxladılar, heç bir müdaxilə aşkarlanmadı, sayğacı dəyişdirdilər. 750 manat rayonda 4-5 illik qaz sərfiyyatıdır. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-960/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 7.2, 7.9, 7.10, 7.11, 8.2, 8.32, 8.33-cü bəndləri. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarında olan xx.xx.2022-ci il tarixli AKT R 260105 saylı aktdan görünür ki, sayğaca baxış keçirilən zaman, sayğacın “0” xətti dayaqdan açılaraq sayğacın dövriyyədən kənarlaşdırıldığı müəyyən olunmuş və bu barədə akt tərtib olunaraq ümumilikdə 750.58 manat məbləğində borc hesablanmışdır. Yuxarıda sadalanan qanunvericilik normalarından görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları” maddə 8.2. elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. maddə 8.32. məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. maddə 7.2. dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. maddə 7.9. məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. maddə 7.10. istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. maddə 7.11. yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. maddə 8.33. məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Hazırki işdən görünür ki, iddiaçının yaşadığı evin elektrik təchizatını təmin edən sayğac evdən kənarda quraşdırılıb. Belə olan halda həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Belə ki, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməlidir. Bundan başqa abonentin saldosundan görünür ki, xx.xx.2022-ci il tarixdə göstərici 34738, xx.xx.2022-ci il tarixdə 35005, xx.xx.2022-ci il tarixdə 35294, xx.xx.2022-ci il tarixdə 35426, xx.xx.2022-ci il tarixdə 35602, xx.xx.2022-ci il tarixdə 35749 olmuşdur. Hazırki işdə isə evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Hazırki işdə isə iddiaçının sayğaca müdaxilə etməsi, bu müdaxilə nəticəsində mübahisələndirilən borcunyaranması sübuta yetirilmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir. Bu səbəbdən məhkəmə kollegiyasiya cavabdehin apellyasiya şikayətində görstərdiyi dəlillər formal mülahizələr kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İş materiallarından görünür ki, cavabdeh təşkilat apellyasiya şikayətində qətnamənin ləbv olunmasını qeyd etsə də bunu məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, şikayətin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-960/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-960/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-402/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-402/2023
17.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver