Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-403/2023 18.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Qafari və X3 ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, Cavabdehin nümayəndəsi: X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5785/2022 nömrəli qətnaməsindən cavabdeh«Azəriqaz» İB-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş “Təbii X7nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən abonent saldosunda göstərilən 1036,80 manat cərimənin silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçıya məxsusdur. 26 aprel 2022-ci il tarixdə “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar sahəsinin əməkdaşları tərəfindən bağ sahəsinə quraşdırılmış G-4 markalı, 1502AZ**********00 nömrəli qaz sayğacı G-4 markalı, **********50 nömrəli qaz sayğacı ilə əvəz edilmiş və ünvandan çıxarılmış G-4 markalı, 1502AZ**********00 nömrəli qaz sayğacı Dövlət Yoxlamasına göndərilmişdir. “Təbii X7nın pozulması haqqında” xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş, sözügedən akta əsasən 1036,80 manat cərimə hesablanmışdır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmiş, cəriməni əsassız hesab edir. Qeyd edir ki, göstərilən ünvan iddiaçının bağ sahəsi olduğu üçün, iddiaçı və ailə üzvləri orada yaşamır, yalnız yay mövsümü ilə əlaqədar həmin yaşayış sahəsinə gedir və bu səbəbdəndir ki, köhnə qaz sayğacının yenisi ilə əvəz edilməsi və bu barədə akt tərtib olunması zamanı iştirak etməmişdir. Mübahisələndirilən qaz sayğacı bağ sahəsindən kənarda, hasarın çölündə yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə və qaz sayğacının sıradan çıxmasında ididiaçı günahkar deyildir. Qaz sayğacına heç bir müdaxilə etməmiş, qeyri-qanuni qoşulma olmamışdır, həmçinin iddiaçı ilə Azəriqaz arasında bu məsuliyyəti üzərinə götürəcək heç bir anlaşma və müqavilə imzalanmamışdır. Sayğac iddiaçının mülkiyyətinin əhatəsi xaricində olduğundan, iddiaçı o qaz sayğacına görə heç bir məsuliyyət daşımır. X4 əməkdaşları başqasının xətasına görə barəsində Akt tərtib edib, iddiaçını əsassız olaraq cərimə etmişlər. Bu hal iddia ərizəsinə edilmiş fotoşəkillərdə də öz əksini tapır.
3. Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmuşdur.
4. Yazılı etirazda qeyd olunur ki, iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. Sumqayıt şəhəri, 9-cu mkr, ev 60, mənzil 5 saylı mənzilə müxtəlif vaxflarda əməkdaşları tərəfindən baxış keçirilmiş, yerində ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş ve aktda sayğacda qeyd olunan noqsan "sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizmini qoruyan örtüy üst sağ küncdən və alt panelden çatlayib. Sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törətmək mümkündür" qeyd olunmuşdur. Belə ki, abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı xx.xx.2022-ci il tarixli akta əsasən qaz işlədicilərindən G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 4x24x90=8640 m3x0,12=1,036,20 ( bir min otuz altı manat 20 qəpik) manat cərimə hesablanmışdır. Bu fakla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırkı vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir.
5. İş materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı təbii X7nın pozulması haqqında aktdan görünür ki, xx.xx.2022-ci ildə Metrologiya Departamentinin rəyinə görə G-4 markalı 1502AZ**********00 saylı sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizmini qoruyan örtüyün üst sağ küncdən və alt paneldən çatladığı, sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törətməsinin mümkünlüyü aşkar olunmuşdur.
6. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin saldosundan görünür ki, **********00220 saylı abonent hesabına akta görə 1036,80 manat borc hesablanmışdır.
7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5785/2022 nömrəli qətnaməsi ilə (hakim E.X.Hüseynov) iddia tələbinin təmin edilməsi, cavabdeh “Azəriqaz” İB tərəfindən İddiaçı məxsus ünvan 1nə (abonent kodu: **********00220) tərtib olunmuş təbii X7nın pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 1036,80 manat borcun silinməsi, iddianın verilməsinə görə 30,3 manat dövlət rüsumunun əvəzinin cavabdeh “Azəriqaz” İB-dən tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qaz sayğacı cavabdeh təşkilatın əməkdaşları tərəfindən yeni mexaniki tipli sayğacla əvəz edilmişdir. Mənzildən çıxarılmış qaz sayğacına xx.xx.2022-ci il tarixində Metrologiya Departamentində baxış keçirilmiş, Metrologiya Departamentinin rəyinə görə G-4 markalı 1502AZ**********00 saylı sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizmini qoruyan örtüyün üst sağ küncdən və alt paneldən çatladığı, sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törətməsinin mümkünlüyü aşkar olunmuşdur. Bu barədə xx.xx.2022-ci il tarixli, ******* saylı təbii X7nın pozulması barədə akt tərtib olunmuş, həmin akt əsasında 1036,80 manat borc hesablanmışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.7-ci maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 11, 13-cü maddəsinin 9-cu bəndi, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6, 85.1, 85.2, 95.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 119.1, 119.2, 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5785/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
11. İddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmiş və sayğacdan kənar qanunsuz istifadə etmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz. Qeyd edir ki, iş materiallarında yer alan xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Tələbnamədə də öz əksini tapan 8640m3 qeydə alınmayan və itirilmiş təbii qazın dəyəri əsasında hesablanmış 1036,80 manat dəymiş ziyan məbləğinə 1-ci instansiya məhkəməsi “CƏRİMƏ” kimi hüquqi qiymət vermişdir. Daha sonra isə cərimə borcu kimi qələmə verdiyi məbləğin silinməsinə dair qətnamə qəbul etmişdir. Belə olmasaydı 1-ci instansiya məhkəməsi itirilmiş təbii qazın dəyərini cərimə ilə səhv salmazdı. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi MM-nin 462.1, 463.1, 467-ci maddələri düzgün tətbiq etməmişdir. Qeyd olunan maddi hüquq normalarını 1-ci instansiya məhkəməsi qətnaməsində qeyd etməmiş, cərimə ilə dəymiş maddi ziyanı səhv salaraq düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçıya aid olan **********00220 abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. 1-ci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iş materiallarında yer alan sübutlardan iddiaçının qanunazidd hərəkətləri, yəni qanunsuz qoşulma faktı öz təsdiqini tapsa da 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara və reallıqlara yox, iddiaçının uydurmasına inanaraq işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Bununla bağlı bir daha bildirir ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyimiz qətnamənin tam ləğv edilməsinə əsasdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
14. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
15. Tətbiq edilən hüquq
Mülki Məcəllə
16. Maddə 443.7 Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
Mülki Prosessual Məcəllə
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X7”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
26. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
27. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
28. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
29. “X7”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
30. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
31. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “Azəriqaz” İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir.
34. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır və sayğacın hesablama mexanizmini qoruyan örtüyün üst sağ küncdən və alt paneldən çatladığı, sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törətməsinin mümkünlüyünə görə itirilmiş qazın dəyərinin iddiaçıdan tutulmasını əsaslı hesab etmir.
36. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min matadan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
38. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(060)-5785/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilə bilməz.