Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-404/2021 04.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-1891/2020 saylı qətnaməsindən Cavabdeh açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-1891/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən iddiaçının yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən 579 saylı evə sudan istifadəyə görə hesablanmış 358 manat 48 qəpik məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh açıq səhmdar cəmiyyəti qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən ona məxsus Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən 579 saylı evə əsassız olaraq hesablanmış 660,98 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildə Qubadlı rayonunun Muğanlı kəndindən məcburi köçkün düşmüşdür. O, hazırda ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən 579 saylı evdə yaşayır. Yaşadığı evdə sudan istifadəyə görə sayğac xx.xx.2012-ci ildə quraşdırılmışdır. O, sudan istifadəyə görə ödənişləri vaxtında ödəmişdir. Lakin son zamanlar ona məlum olmuşdur ki, cavabdehə guya 660,98 manat məbləğində borcu vardır. Mövcud borcun haradan yaranması ilə bağlı cavabdehə müraciət etmiş, lakin bununla bağlı ona məlumat verilməmişdir. O, borcun əsassız olduğunu bildirsə də, bunun məhkəmə yolu ilə həll edilməsi deyilmişdir. Yaranmış borc sayğacdan əvvəlki dövrdən qalan borcdur və əsassız hesablanmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətlər və onunla əlaqədar yaranan digər məsələlər “Su təchizatı və tullantı suları haqqında" qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” ilə tənzim olunur. İddiaçının yaşayış yeri olan ünvan 1 ünvanına təchizatçı müəssisənin abonent bazasında abonent kimi xx.xx.2012-ci il tarixdən Mahir Abdulovun adına bağlanmış 30946870 saylı müqavilə ilə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunur. İddiaçıya məxsus ünvana xx.xx.2012-ci il tarixdə abonent kodu açılmış, xx.xx.2012-ci il tarixdə isə su sərflyyatını ölçən sayğac quraşdırılmışdır. xx.xx.2015-ci il tarixdə abonent məcburi köçkün olması barədə arayış təqdim etmiş və ünvanda 6 nəfər məcburi köçkün kimi nəzərdə tutulmuş limitdən istifadə olunmuşdur. Qeyd olunan evdə xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixə kimi abonent 981 manat dəyərində su sərf etmiş və həmin məbləğdən məcburi köçkün üçün nəzərdə tutulmuş limit kimi 22,52 manat silinmişdir. xx.xx.2017-ci il tarixdə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün güzəşt (limit) ləğv olunmuşdur. Abonent kartından göründüyü kimi, xidmətlərdən istifadə üzrə yaranmış 358,48 manat borc 2016-cı ilin dekabr ayınadək limitdən artıq istifadə nəticəsində yaranan borcdur. Sözügedən borc 2017-ci il ərzində 10,50 manat, 2018-ci il ərzində 60 manat, 2019-cu il ərzində 232 manat məbləğində olmuşdur. Abonentin sudan istifadəsi xx.xx.2012-ci il tarixdə ünvanına quraşdırılmış sayğac ilə həyata keçirilir və təchizatçı müəssisə tərəfindən hesablanmış 660,98 manat məbləğində borc məbləği tam əsaslıdır. Borc məbləğinin yarandığı dövrdən su təchizatı müəssisəsi tərəfindən vətəndaşa göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinə uyğun olaraq vergi orqanına mütəmadi olaraq vergi (ƏDV) ödənilmişdir. Borcun silinməsi cəmiyyətin maliyyə vəziyyətinə mənfi təsir göstərməklə abonentlərin qanunvericiliklə nəzərdə tutulmuş öhdəliyini vaxtında icra etməməsinə səbəb olacaqdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilib, iddianın tam rədd edilməsinə dair yeni qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilib, bu hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “Xəzər Bağçılıq Cəmiyyəti” ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin xx xxxxxx 2020-ci il tarixli, 26 nömrəli arayışından görünür ki, Abdulov X4 şəhəri, Xəzər bağları ərazisində yerləşən 579 saylı evdə yaşayır. İş materiallarında olan abonent kartının surətindən görünür ki, 2017-2019-cu illər üzrə üzrə Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən 579 saylı evin su təchizatı xidmətlərinə görə 660,98 manat borcu yaranmışdır. İş materiallarında olan abonent kartının surətindən görünür ki, 2017-2020-ci illər üzrə üzrə Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən 579 saylı evin su təchizatı xidmətlərinə görə 712,98 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş abonent kartının surətindən görünür ki, 2017-2021-ci illər üzrə üzrə Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən 579 saylı evin su təchizatı xidmətlərinə görə 876,48 manat borcu yaranmışdır. “Su təchizatı və tullantı suları haqqında” qanunun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 31.1-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyir. Həmin qərarın 7.4-cü bəndinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə, su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Həmin qərarın 7.5-ci bəndinə əsasən suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilməsi, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunması qərara alınmışdır. Göründüyü kimi, xx xxxxxx 2017-ci il tarixinə kimi məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün kommunal xidmətlərdən istifadə üçün pulsuz limit müəyyən edilmiş, həmin tarixdən sonra isə bu limit vahid aylıq müavinətlə əvəz edilmişdir. Cavabdeh təşkilat iddiaçının 358,48 manat borcu qaldığını göstərmişdir. Lakin, cavabdeh təşkilat həmin hesablamanın nəyin əsasında və necə aparıldığını əsaslandırmamış, bununla bağlı zəruri sübutları apellyasiya şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını qeyd etsə də, bunların nədə ifadə olunduğunu konkret göstərmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Belə ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçının silinməsini tələb etdiyi məbləğ iki min manatdan azdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-1891/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Zaur Məmmədov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-404/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-404/2021
04.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver