Məhkəmə qərarları › İş №2(105)-4041/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4041/2021

21.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4041/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(012)-803/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yazılı icraat qaydasında yoxlayıb MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(012)-803/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elçin Kazımov) iddiaçı İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası Cavabdeh Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(012)-803/2021 saylı qətnaməsindən apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Cavabdeh Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(012)- 803/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Azərbaycan Respublikası 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən cavabdehin apellyasiya şikayətini imzalamamasına əhəmiyyət verməmiş, cavabdehin apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, cavabdehin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş göstərilən prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(012)-803/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar