Məhkəmə qərarları › İş №2(105)-408/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-408/2025

30.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-408/2025 30.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X8 cavabdeh X23 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qusar rayon Notariat ofisi, X43, X46, X48, X51, X26, X17, X14, X15, X12 cəlb olunmaqla) qarşı miras payın ayrılaraq mülkiyyətə verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras payının müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X52 (sədrlik edən və məruzəçi), X18 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı X8 (sonuncu məhkəmə iclasına gəlməmişdir), vəkili X24, cavabdeh X19, üçüncü şəxs X35 iştirakı ilə, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-678/2024 nömrəli qətnaməsindən cavabdeh X29 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.33 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X13 və həmin torpaq sahəsinin üzərində yerləşən 102.7 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X9 məxsusdur.

2. AZ-İ 669629 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 25 avqust 1989-cu ildə ölmüşdür.

3. AZ 067001 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 26 fevral 2001-ci ildə ölmüşdür.

4. AZ-İ 516669 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 03 iyun 2006-cı ildə ölmüşdür.

5. AZ-İ 571194 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 30 aprel 2013-cü ildə ölmüşdür.

6. xx.xx.2007-ci il tarixli 2-127/2006-cı il saylı Qusar Rayon Məhkəməsinin Qətnaməsinin surətindən görünür ki, Qusar rayon Köhnə Xudat kəndində, Bəyazəddin və Səfiyyə Hacıbəyovlardan miras qalmış yaşayış evindən və 0.25 ha torpaq sahəsindən iddiaçı X2 payı, evin və torpaq sahəsinin 1/3 hissəsi həcmində müəyyən edilməsi qət edilmişdir. Yaşayış evinin və həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin X2 adına rəsmiləşdirilməsi DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsinə tapşırılması qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı X22 cavabdeh X23 və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə və X30 qarşı miras payın ayrılaraq mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X5 miras kütləsinə daxil olan, ünvan 1ində yerləşən fərdi yaşayış evinə və mərhum anası Səfiyə Hacıbəyovanın miras kütləsinə daxil olan, həmin evin yerləşdiyi 0.33 ha torpaq sahəsinə dair miras payı ayrılaraq mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Köhnə kəndində yerləşən 0.33 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında anası X13, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi isə atası X9 məxsusdur. Həmin şəxslərin qeyd etdiyi əmlaklar üzərindəki mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmaqla xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. X28 anası Səfiyə Hacıbəyovanın ümumi birgə nikahlarında üç övladları anadan olmuşdur. Həmin şəxslər aşağıdakılardır: O, yəni X22, qardaşı X21 və X1. X42 xx.xx.1989-cu il tarixdə, anası Səfiyə Hacıbəyova 26 fevral 2001-ci il tarixdə vəfat etmişlər. X1 2007-ci ildə ona və X50a qarşı Qusar rayon məhkəməsində mirasın bölünməsi tələbinə dair iddia qaldırmış və Qusar rayon məhkəməsinin 25 aprel 2007-ci il tarixli qətnaməsi ilə həmin şəxsin yuxarıda qeyd etdiyi miras əmlaklara dair miras payı 1/3 hissə müəyyən edilmişdir. Miras əmlakların 2/3 hissəsi isə açıq saxlanmışdır. Məhkəmə tərəfindən işə baxılarkən miras qoyanların vərəsələrinin dairəsi müəyyən olunmuş, mirasa dair 3 nəfər vərəsənin subyektiv hüququ müəyyən edilmiş, bu səbəbdən də, Sənubər Hacıbəyovanın miras payı məhz 1/3 hissə müəyyən olunmuşdur. X50 xx.xx.2012-ci il tarixdə, bacısı Sənubər Hacıbəyova isə 30 aprel 2013-cü il tarixdə vəfat etmişlər. O, əvvəllər Bakı şəhərində yaşasa da, uzun müddətdir ki, ünvan 1indəki ata yurduna, yəni mərhum atasının yuxarıda göstərdiyi evinə köçmüşdür, hazırda da həmin evdə yaşayır. Göründüyü kimi, onun miras qoyan mərhum Bəyazəddin Hacıbəyovun və Səfiyə Hacıbəyovanın mirasını qəbul etmək üçün subyektiv vərəsəlik hüququ vardır, həmçinin həmin mirası onun qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmişdir və ona görə də, həmin miras əmlaklara dair miras payı ayrılaraq mülkiyyətinə verilməlidir. Cavabdeh X29 X1nın qızı olmaqla onun vərəsəsidir və həmin şəxs onun vərəsəlik hüququnu həyata keçirməyinə mane olur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir.

9. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-678/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, X5 miras kütləsinə daxil olan, ünvan 1ində yerləşən fərdi yaşayış evinə və Səfiyə Hacıbəyovanın miras kütləsinə daxil olan, həmin evin yerləşdiyi 0.33 ha torpaq sahəsinə dair 1/3 hissədə miras payın ayrılaraq iddiaçı X8 mülkiyyətinə verilməsi qət edilmişdir (hakim Əli Cəlilov).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1151.1, 1151.2, 1159.1 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1274, 1276, 1281, 1291-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh X29 apellyasiya şikayəti verib Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-678/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1151, 1159, 1243, 1274-cü maddələrinə istinad edərək iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir. Halbuki işdə olan Qusar Rayon Məhkəməsinin 127/2006-cı nömrəli qətnaməsinin surətindən görünür ki, Qusar rayon Köhnə Xudat kəndində, Bəyazəddin və Səfiyyə Hacıbəyovlardan miras qalmış yaşayış evindən və 0.25 ha torpaq sahəsindən iddiaçı X2 (analarının) payı, evin və torpaq sahəsinin 1/3 hissəsi həcmində müəyyən edilməsi qət edilmişdir. Yaşayış evinin və həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin X2 adına rəsmiləşdirilməsi DƏDRX-nın Xaçmaz rayon Ərazi İdarəsinə tapşırılması qeyd edilmişdir. Qətnamədə torpaq sahəsinin 0,25 ha olması qeyd olunsa da məhkəmə iddiaçının payını 0,33 ha torpaq sahəsinin 1/3 hissəsində tanımışdır, bundan başqa məhkəmə iddiaçının payının ümumi paydan ayrılması məsələsini həll edərkən bunun naturada ayrılmasının mümkün olub-olmaması məqsədi ilə ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Halbuki hər bir payçıvərəsə miras əmlaka münasibətdə eyni hüquqlara malikdirlər və bir mülkiyyətçinin digər mülkiyyətçidən üstün hüququ yoxdur. Buradan belə aydın olur ki, məhkəmə qəbul etdiyi qətnamə ilə əlində tərəflər arasında olan problemi həll etməmiş, əksinə bu problemin yaranmasına zəmin olmuş sahəsinin ümumi ölçüsü ilə bağlı qanun qüvvəsini almış məhkəmə qətnaməsində göstərilən sahə ilə qarşı tərəfin məhkəməyə təqdim etdiyi çıxarışda göstərilən sahə arasında fərq vardır, əgər 0,33 ha torpaq sahəsinin olması qeyd olunursa, məhkəmə bu ziddiyyətə və uyğunsuzluğa aydınlıq gətirmək üçün həmin ərazi üzrə mütəxəssis rəyi almalı və torpaq sahəsinin dəqiq koordinatlarını müəyyən etməli idi. Bu halda 1/3 pay bölgüsü hər bir vərəsəyə 0,25–dan deyil, 0,33 ha torpaq sahəsindən aparılmalıdır. Digər tərəfdən iddiaçının iddia etdiyi 1/3 hissəsinin ümumi paydan ayrılmasının mümkün olub-olmaması yalnız məhkəmə–tikinti ekspertizasının verəcəyi rəylə müəyyən oluna bilər, lakin məhkəmə bu xüsusatları araşdırmadan iş üzrrə mübahisəyə birtərəfli və qeyri-obyektiv qiymət vermişdir.

13. Bundan başqa işdə olan sənədlərdən də görünüyü kimi mərhum nənələri Səfiyyə Hacıbəyova qeyd olunan evi və həyətyanı torpaq sahəsini onun anası X3 vəsiyyət etmiş və o nənəsi ilə bir yerdə həmin evdə yaşamış və onun qulluğunda durmuşdur, miras qoyanların vəfatından sonra miras əmlak faktiki olaraq onların istifadəsində olmuş, iddiaçı son vaxtlar bu evə yığışmışdır, lakin hazırda o yeni tarixlə 2023-cü ildə torpağa və evə dair çıxarış almaqla hazırki iddianı qaldırmışdır, iddiaçının torpağın və evin hansı hissəsinin ona ayrılmasını iddia etməsi iddia tələbindən aydın olmur və bu isə həmin qətnamənin qanunsuz olmasına dəlalət edən əsas hallardan biridir.

14. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPM-in 8.1-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-in bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1-ci maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Azərbaycan Respublikasının MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmə iddia tələbi ilə bağlı xüsusatlara obyektiv qiymət verilməsi ilə bağlı torpaq sahəsinin faktiki ölçüsünü müəyyən etmək üçün mütəxəssis rəyini almamış, AR DƏDRX–nin Qusar ərazi idarəsindən çıxarışın verilməsinə əsas olmuş sənədləri tələb etməmiş və 1/3 payın ayrılmasının mümkün olub-olmaması ilə bağlı ekspertiza keçirməmişdir və bununla da AR MPM-in 77-88-ci maddələrinin tələblərini pozmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında cavabdeh X29 apellyasiya şikayətini müdafiə edib məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

17. İddiaçı X22 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Məhkəmə iclasında iddiaçının vəkili X36 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

19. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X46 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

20. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

21. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

23. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır

24. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

25. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

26. Maddə 1159.1 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

27. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

28. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

29. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

30. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.

31. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

40. Apellyasiya şikayətindən görünür ki, cavabdeh X7 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-678/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, mübahisəli ünvan 1i ünvanında yerləşən 0.33 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X11 və həmin torpaq sahəsinin üzərində yerləşən 102.7 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmaqla xx.xx.2023-cü il tarixli çıxarışla rəsmiləşdirilmişdir. Bəyazəddin Hacıbəyov xx.xx.1989-cu il tarixdə, Səfiyə Hacıbəyova 26 fevral 2001-ci il tarixdə vəfat etmişlər. Həmin şəxslərin aşağıdakı vərəsələri qalmışdır: X22, X21 və X10. İsmət Hacıbəyov xx.xx.2012-ci il tarixdə, bacısı Sənubər Hacıbəyova isə 30 aprel 2013-cü il tarixdə vəfat etmişlər.

44. Apellyator bildirir ki, mərhum nənələri Səfiyyə Hacıbəyova qeyd olunan evi və həyətyanı torpaq sahəsini anası X3 vəsiyyət etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsində torpaq sahəsinin 0,25 ha olması qeyd olunsa da məhkəmə iddiaçının payını 0,33 ha torpaq sahəsinin 1/3 hissəsində tanımışdır, bundan başqa məhkəmə iddiaçının payının ümumi paydan ayrılması məsələsini həll edərkən bunun naturada ayrılmasının mümkün olub-olmaması məqsədi ilə ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir.

45. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, xx.xx.2007-ci il tarixli Qusar Rayon Məhkəməsinin qətnaməsinin məzmunundan görünür ki, məhkəmə Səfiyə Hacıbəyovanın vəsiyyətnaməsini nəzərə almadan, X22, X21 və X4 bərabər pay hüquqlu birinci növbəli vərəsə kimi tanıyaraq, Qusar rayon Köhnə Xudat kəndində, Bəyazəddin və Səfiyyə Hacıbəyovlardan miras qalmış yaşayış evindən və 0,25 ha torpaq sahəsindən iddiaçı X2 payı, evin və torpaq sahəsinin 1/3 hissəsi həcmində müəyyən etmişdir.

46. Digər tərəfdən, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda xüsusi mülkiyyət hüququ üzrə X13 məxsus ünvan 1i ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0,33 ha göstərilmişdir.

47. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq miras kütləsinə daxil olan ünvan 1ində yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0.33 ha torpaq sahəsinə dair 1/3 hissədə iddiaçının miras payını müəyyən etmişdir.

48. Həmçinin iddianın məzmunundan və əsaslandırma hissəsindən görünür ki, iddiaçının tələbi miras payının naturada ayrılması deyil, sözügedən əmlaka vərəsəlik hüququnun tanınması və onun payının müəyyən edilməsindən ibarətdir.

49. Odur ki, sadalanan qanunvericilik normalarına və işin xüsusatlarına əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-678/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar