Məhkəmə qərarları › İş №2(105)-42/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-42/2022

12.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-42/2022 12.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxslər qarşı ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə, ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə və ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı etibarsız hesab edilmiş vərəsəlik şəhadətnamələri üzrə aparılmış mülkiyyət hüququnu təsdiq edən sənədlərin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(060)-6906/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 23 noyabr 2017-ci il tarixli 2(060)-13275/2017 saylı qiyabi qətnaməsi ilə etibarsız edilmiş vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh verilən 28 iyul 2017-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışın, 01 avqust 2017-ci il tarixli RX seriyalı, 87 nömrəli çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün Ağstafa rayonu, Poylu kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı ********** qeydiyyat nömrəsi ilə 19 avqust 2017-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilən mülkiyyət hüququ barədə qeydiyyat sənədinin, həmçinin etibarsız hesab edilmiş əvvəlki vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh adına rəsmiləşdirilən bütün mülkiyyət hüququ barədə qeydiyyat sənədlərinin (çıxarışların) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli 2(060)-13257/2017 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh və Sumqayıt “Asan Xidmət” notariat kontoruna qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Qətnamədən şikayət verilməmişdir. Qətnamə icraya yönəldilərkən notariat kontorunda və DƏDRX-in müvafiq idarələrində icra ilə əlaqədar müəyyən çətinliklər yaranmış və təmin edilmiş tələbinə əlavə olaraq “etibarsız hesab edilmiş vərəsəlik şəhadətnamələri üzrə əvvəllər verilmiş mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin-qeydiyyat vəsiqəsi, çıxarışların etibarsız hesab edilməsi” tələbinin də qüvvəyə minmiş məhkəmə qətnaməsində xüsusi qeyd olunması tələb edilmişdir. Vərəsəliklə bağlı hüquqlarının tam təmin olunması üçün iddia tələbində qeyd olunan tələbin əlavə olunması vacibdir. Cavabdeh adına daşınmaz əmlak olub-olmamasını öyrənmək üçün vəkil sorğusu vasitəsi etdikləri müraciətə AR ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən gələn cavab məktubundan qeyd edilmişdir ki, Cavabdeh adına Quba rayonu, Zərdabi qəsəbəsində 1,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən gələn cavab məktubunda da qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, 52/3 ünvanında yerləşən 24 saylı mənzil üzərində mülkiyyət hüququ 28 iyul 2017-ci il tarixdə ********* qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh adına qeydə alınmışdır, lakin həmin evə dair çıxarışın surəti məktuba əlavə olunmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsi tərəfindən gələn cavab məktubunda qeyd edilmişdir ki, Ağstafa rayonu, Poylu kəndində fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə 19 avqust 2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Bundan başqa 23 noyabr 2017-ci il tarixli 2(060)-13257/2017 saylı qiyabi qətnaməsində göstərilmişdir ki, Cavabdeh mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak ƏMDK anında DƏDRX-in 15 saylı Ərazi İdarəsi tərəfindən 27.09.2013-cü ildə X2 verilmiş **********23- 1031 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Ağstafa rayonu, Poylu kəndində yerləşən ümumi sahəsi 229 kv.metr olan daşınmaz əmlak (torpaq sahlərindən başqa) DƏDRX-in 15 saylı Ərazi İdarəsi tərəfindən 27.09.2013-cü il tarixdə X2 verilmiş **********23-1031 reyestr ömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Ağstafa rayonu, Poylu kəndində yerləşən ümumi sahəsi 0,22 ha olan torpaq sahəsindən ibarətdir. Qeyd etdiyi kimi qeydiyyat sənədinin hər ikisi sorğuya cavabda öz əksini tapmamışdır. 16 avqust 2018-ci il tarixli, Sumqayıt şəhər ‘‘Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Qasımov Cəsarət tərəfindən ona verilmiş məktubun surətindən görünür ki, notaruisa hər hansı hüquq müəyyənedici sənəd təqdim edildiyi halda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəyi bildirilmişdir. Bütün daşınmaz əmlaklar Cavabdeh adına rəsmiləşdirildiyindən hal-hazırda yeni vərəsəlik şəhadətnaməsi alıb öz payına sahib ola bilmir. Əvvəlki şəhadətnamə etibarsız olunduğu halda, reyestr xidmətləri tərəfindən aparılan qeydiyyatlar yazısı əsassız olduğundan onlar tərəfindən verilən qeydiyyat sənədləri və çıxarışlar ləğv olunmalıdır. Məhz buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, qətnamə qəbul edilən zaman iş üçün əhəmiyyətli faktiki halları tam araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının atasından miras qalmış əmlakların qanun üzrə vərəsəlik qaydasında rəsmiləşdirilməsi üçün tələb olunan mirasın qəbulu müddətinin bərpa olunması və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə 26 iyul 2017-ci il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinin qət edilməsi ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi etibarsız hesab edilmiş vərəsəlik şəhadətnamələri üzrə əldə edilmiş çıxarışın, plan və ölçünün, bütün mülkiyyət sənədlərinin ləğv edilməsi barədədir. İddiaçı hazırkı iddianın əsası kimi Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli qiyabi qətnaməsinə istinad etmişdir. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5056/2020 saylı 06 noyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli qiyabi qətnaməsi ləğv edilməklə İddiaçı cavabdehlər Cavabdeh və Sumqayıt “Asan Xidmət” mərkəzinin notariat kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbi təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(105)-933/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə İddiaçı mərhum atası X1 miras qalmış əmlakların qanun üzrə vərəsəlik qaydasında qəbul edilməsi üçün buraxdığı mirasın qəbul edilmə müddətinin üzrlü hesab edib, uzadılması və həmin əmlaklara dair 26 iyul 2017-ci il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vərəsəlik şəhadətnamələri üzrə aparılmış qeydiyyatın əsassız hesab edilməsi və mülkiyyət hüququnu təsdiq edən sənədlərin ləğv edilməsi ilə bağlı subyektiv hüququ olmadığından, iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh və üçüncü şəxslər qarşı ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə, ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə və ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı etibarsız hesab edilmiş vərəsəlik şəhadətnamələri üzrə aparılmış mülkiyyət hüququnu təsdiq edən sənədlərin ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar