Məhkəmə qərarları › İş №2(105)-426/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-426/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-426/2023 14.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, e-2(067)-2000/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, e-2(067)-2000/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.(hakim S.Səmədzadə) Qətnamədən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, e-2(067)-2000/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli, 823-L\12 saylı müqavilə üzrə 29100 əsas borc, 63806,40 manat cərimə və xx.xx.2018-ci il tarixli, 1312-GL\16 saylı müqavilə üzrə 10060 manat əsas borc, 13113.66 manat cərimə borcu, hüquqi yardıma görə ödənilmiş 500 manat pul, cəmi 116580.06 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1312-GL\16 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli, 1312-GL\16 saylı müqavilə üzrə 10060 manat əsas borc, 13113.66 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Bununla belə iddia tələbini xx.xx.2012-ci il tarixli, 823- L\12 saylı müqaviləyə münasibətdə təmin edilməsinə hər hansı zərurət qalmamışdır. Belə ki, həmin müqavilə üzrə cavabdeh borc öhdəliklərini məhkəməyə qədər yerinə yetirmişdir. İddia tələbinin xx.xx.2018-ci il tarixli, 1312-GL\16 saylı müqaviləyə aid hissəsində rədd edilməsi barədə məhkəmənin mövqeyi qəbul edilməzdir. Məhkəmə bu barədə mövqeyini iş materialındakı uyğunsuzluqlara (maliyyə arayışında müqavilənin tarixini yalnışlıqla cavabdehə güzəşt edilməsi üçün əsas olmuş xüsusi komissiyanın protoklunun imzalanma tarixinin göstərilməsi və müqavilənin başlığında və müqaviləyə əlavə kimi nəzərdə tutulmuş ödəniş qrafikində müqavilənin tarixinin fərqli göstərilməsinə) istinad etmişdir ki, bu hal iddia tələbinin rəddi üçün əsas ola bilməz. Başqa sözlə qeyd olunan texniki yalnışlıqlar tərəflər arasındakı lizinq münasibətlərinin mövcudluğunu istisna etmir. Məhkəmənin mövqeyindən yanaşılarsa, yəni xx.xx.2018-ci il tarixli, 1312-GL\16 müqavilənin başlığında müqavilənin tarixinin xx.xx.2018-ci il deyil səhvən xx.xx.2018-ci il göstərilməsi sözügedən müqavilə üzrə cavabdehin öhdəliklərini istisna edirsə, onda cavabdehə tətbiq edilmiş güzəşt də etibarsızdır. Belə olan halda qətnamə hüquqi qüvvəsini alarsa və preyudisial xarakter alarsa, iddiaçı cavabdehdən öhdəliklərini güzəşt tətbiq edilməzdən əvvəl mövcud olmuş müqavilə (xx.xx.2011-ci il tarixli, 1390-L/11 nömrəli müqavilə) üzrə tələb etməlidir. Bu isə cavabdehə tətbiq edilmiş 40% güzəşt məbləğinin etibarsızlığına və cavabdehin daha çox (əlavə 40%) öhdəliklə “yüklənməsinə” səbəb olacaqdır. Beləliklə, iddia ərizəsində yol verilən texniki yalnışlıq bütünlüklə sənədin etibarsızlığına səbəb ola bilməz. Həmin yalnışlıqlar tərəflər arasındakı lizinq münasibətlərinin mövcudluğunu istisna etmir, ancaq düzəlişə əsas verir. Məhkəmə isə işə obyektiv baxmamış və kifayət qədər əsaslandırılmış iddianı rədd etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi. Bildirdi ki, iş üzrə birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə yanlış nəticəyə gəlmişdir. Əlavə olaraq məhkəməyə ərizə təqdim etdi və bildirdi ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin xx.xx.2012-ci il tarixli, 823-L\12 saylı müqaviləyə əsasən Cavabdeh iddiaçının xeyrinə 29100 əsas borc, 63806,40 manat cərimə borcunun tutulması hissəsində iddiasından imtina edir və qeyd olunan hissədə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, məhkəmənin iddia tələbinin xx.xx.2018-ci il tarixli, 1312-GL\16 saylı müqaviləyə aid hissəsində, iddia ərizəsində müqavilə tarixinin xx.xx.2018-ci il deyil səhvən xx.xx.2018-ci il göstərilməsinə istinad etməsi və bu əsasla iddianı rədd etməsi qanuni və əsaslı mövqe deyildir. Məhkəmə bu mövqeyi ilə tərəflər arasında mövcud müqavilə münasibətlərini inkar etmişdir. Hüquqi əsas olan iddianın yanlız formal, texniki yanlışlıq əsasında rədd edilməsi ağlabatan deyildir. Göstərilənlərə əsasən nümayəndə şikayətin təmin edilməsini xahiş etdi. İş üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 1312-GL\16 saylı müqavilədən müəyyən olunur ki, ümumi dəyəri müvafiq olaraq 27300 manat və 2450 manat olan olan 1 ədəd Belarus -892 markalı traktor və 1 ədəd 4 gövdəli asma kotanın ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə, ilkin ödəniş olaraq cəmi 7790 manat ödənilmiş, 10060,00 manat qalıq dəyəri qrafik üzrə ödənilməklə Cavabdeh lizinqə verilmişdir. Yenə iş materiallarında olan lizinq müqaviləsinə əlavə olan xx.xx.2018-ci il tarixli ödəniş qrafikindən görünür ki, xx.xx.2018-ci il tarixli, 1312-GL\16 saylı müqavilə üzrə son ödəniş tarixi xx.xx.2020-ci il qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş AR Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin İdarə Heyətinin sədr müavinin xx.xx.2018-ci il tarixli, 5297/ü saylı əmrindən görünür ki, bu əmrlə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2011-ci il tarixli, 1390-L/11 saylı və 22 sentyabr 2011-ci il tarixli, 1706ü saylı müqavilələrə xitam verilmiş, eyni tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1312-GL\16 saylı lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus -892 markalı traktor və 4 gövdəli asma kotanın güzəşt tətbiq edilməklə qalıq dəyəri ilə lizinqə verilməsi rəsmiləşdirilmişdir. Yenə mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 1312-GL\16 saylı müqavilə üzrə 10060.00 manat gecikdirilmiş borc və 15232.90 manat cərimə borcu vardır. İşdə olan 27 may 2021-ci il tarixli sazişdən görünür ki, bu saziş sifarişçi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə icraçı "xxxx" Group MMC arasında sonuncu tərəfindən sifarişçiyə məhkəmə hüquq xidmətinin həyata keçirilməsi məqsədi ilə bağlanmışdır. Yenə də işə əlavə edilmiş 01 sentyabr 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" Group MMC tərəfindən 27 may 2021-ci il tarixli sazişin icrası ilə əlaqədar Xırdalan Vəkil Bürosunun hesabına 500 manat məbləğində pul ödənilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş üzrə məruzəçinin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, e-2(067)-2000/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (AR Prezidentinin xx.xx.2020-ci il tarixli, 1137№-li Fərmanı ilə hazırki iddia üzrə səlahiyyətlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir) ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 1312-GL\16 nömrəli lizinq müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və onun iş materiallarında olan maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli, 1312- GL\16 saylı müqavilə üzrə 10060 manat əsas borc, 13113.66 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı rədd etmiş, narazı qalan iddiaçı qətnamədə apellyasiya şikayəti vermişdir. İş üzrə birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşmayan məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi əsası kimi iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlər arasında uyğunsuzluğun mövcud olmasına istinad etmiş və həmin sənədləri mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə mövqeyini bununla əsaslandırmışdır ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, 1312-GL\16 müqavilədən ümumi dəyəri 10060,00 manat olan 1 ədəd Belarus -892 markalı traktor, 4 gövdəli asma kotanın ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Cavabdeh lizinqə verildiyi müəyyən olunsa da, yenə iş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışında Cavabdeh xx.xx.2015-ci il tarixli 1312-GL\16 müqavilə üzrə 10060.00 manat gecikdirilmiş borc və 15232.90 manat cərimə borcu olduğu qeyd edilmişdir. Yəni müqavilə üzrə mövcud borcun hesablanmasında əsas önəm daşıyan maliyyə arayışında müqavilənin tarixi fərqli göstərilmişdir. Məhz bu ziddiyətli məqam əsasında məhkəmə iddia tələbini həmin müqaviləyə aid hissədə rədd etmişdir. Apellyasiya kollegiyası işin tədqiq olunan faktiki hallarından çıxış edərək qeyd edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan əsasla iddianı rədd etməsi, məhkəmənin bu və ya digər formada sözügedən müqavilə münasibətlərinin mövcud olmaması qənaətinə gəlməsi kimi qəbul edilir. Lakin yuxarıda qeyd olunan tərəflər arasında xx.xx.2018-ci il tarixli, 1312-GL\16 saylı lizinq müqaviləsinin bağlanması, həmin müqaviləyə əlavə ödəniş qrafikinin tərtib edilməsi, müqavilə predmeti olan lizinq obyektinin cavabdehə təhvil verilməsi, cavabdeh tərəfindən qismən ödənişlərinin icra edilməsi həmin müqavilənin qanunauyğun şəkildə bağlanmasını, habelə tərəflər arasında real müqavilə münasibətlərinin mövcud olmasını sübut edir. Habelə, qeyd olunan müqavilə bu və ya digər formada cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilini əsaslı hesab edən kollegiya qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli maliyyə arayışında lizinq müqaviləsinin tarixi texniki yanlışlıq nəticəsində xx.xx.2018-ci il tarix əvəzinə, xx.xx.2015-ci il tarixi kimi qeyd olunmuşdur ki, iddiaçı tərəfindən bu cür texniki yanlışlığın buraxılması, tərəflər arasında mövcud lizinq müqaviləsindən irəli gələn öhdəlikləri istisna etmədiyi kimi, hazırkı iddia tələbinin rədd edilməsinə də əsas vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, Cavabdeh həmin müqavilə üzrə lizinq obyektindən istifadə hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında müəyyən edilmiş lizinq ödənişlərinin ödənilməsi vəzifəsinin daşıyıcısı olmuşdur. Cavabdeh lizinq obyektindən istifadə hüququndan istifadə etmiş, lakin ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu səbəbdən, cavabdeh göstərilən ödənişləri iddiaçının xeyrinə ödəməyə borcludur. Başqa sözlə, cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşdən göründüyü kimi Cavabdeh öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı qarşısında borcu yaranmışdır. Bu borc işdə olan sübutlarla, eləcə də maliyyə arayışı ilə təsdiq olunur. Bu baxımdan iddiaçı yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 25 aprel 2022-ci il tarixli maliyyə arayışı ilə 15232.90 manat cərimə borcu hesablamışdır. Məhkəmə kollegiyası işin hallarını, cavabdehin kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmasını, maddi durumunu nəzərə alaraq belə hesab edir ki, dəbbə pulu borcunun məbləği tənasübsüz surətdə yüksəkdir və bu məbləğ azaldılmalıdır. Cavabdeh 500 manat məbləğində dəbbə pulu borcunun tutulması ağlabatan və ədalətli olmaqla yanaşı həm də Mülki Məcəllənin 467-ci maddəsinin dispozisiyasına uyğundur. Həmin maddəyə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallardan müəyyən olunduğu kimi, hazırkı mübahisə ilə əlaqədar hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq iddiaçı tərəfindən 500 manat məbləğində vəkil xidməti ödənişi edilmişdir ki, iddia tələbi əsaslı olduğundan və təmin edildiyindən həmin məbləğ də Cavabdeh tutularaq, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayətinin dəlillərini, eləcə də iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir və buna görə də onun iddiası cərimə məbləği azaldılmaqla qismən təmin olunmalıdır. Kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual normaları pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Beləliklə, sadalanların yekunu olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 24 oktyabr 2022ci il tarixli, e-2(067)-2000/2022 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməli, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1312-GL\16 nömrəli lizinq müqaviləsinə əsasən Cavabdeh 10060 manat əsas borc, 500 manat cərimə borcu, hüquqi yardıma görə ödənilmiş 500 manat pul olmaqla, cəmi11060 manat pul tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, e-2(067)- 2000/2022 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1312-GL\16 nömrəli lizinq müqaviləsinə əsasən Cavabdeh 10060 manat əsas borc, 500 manat cərimə borcu, hüquqi yardıma görə ödənilmiş 500 manat pul olmaqla, cəmi 11060 manat pul tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar