Məhkəmə qərarları › İş №2(105)-429/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-429/2024

29.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-429/2024 29.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: sudan istifadəyə görə yaranmış borcun mübahisələndirilməsi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi tələbinə dair» mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(060)- 6673/2023 nömrəli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 30/4A, mənzil 47 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Sumqayıt şəhər İcra Hakimiyyəti MənzilKommunal X1 5 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023- cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1-ni alıb qeydiyyata düşməyib. 3.“Abonent kartından” görünür ki, Elşən Quliyevə ünvan 1-yə 2016-2023-cü il üzrə 1184,40 manat borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona məxsus ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 1184,40 manat məbləğində borcun silinməsi barədə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehin “Sumqayıt Sukanal” İdarəsinin nümayəndələri tərəfindən ona məxsus olan ünvana xidmətlərdən istifadəyə görə xx.xx.2023-cü il tarixə 1184,40 manat borcun olması bildirilmişdir. O, sözügedən mənzili fevral ayında almışdır. Mənzili aldığı vaxtdan xidmətlərə görə ödənişlər tərəfindən həyata keçirilir. Lakin ona məlum olmayan səbəbdən 1184,40 manat borcun olduğu bildirilmişdir. Hesablanmış borc məbləği ilə razı deyildir. Ona görə də hesab edir ki, həmin borc silinməlidir.

6. Sumqayıt Şəhər Məhkəməsinin (hakim G.Tağızadə) 20 noyabr 2023-cü il tarixli, 2(060)- 6673/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 4A/30 ünvanında yerləşən 47 saylı mənzilə hesablanmış 1184 (bir min yüz səksən dörd) manat 40 (qırx) qəpik məbləğində borcun silinməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi bu cür əsaslandırılmışdır ki, vavabdeh tərəf dəlillərinin əsaslı və iddianın əsası kimi istinad edilən halların əsassız olmasına dair heç bir sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında olan abonentin kartasından görünür ki, hazırda silinməsi tələb olunan borc məbləği iddiaçının deyil, mənzilin köhnə sahibi olan Elşən Quliyevin adına hesablanmışdır. Belə olan halda məhkəmə hesab edib ki, iddiaçının mənzili yeni alması və eyni zamanda iddiaçının istifadə etmədiyi su və çirkab sularına görə hər hansı bir borcun hesablanması qanunsuzdur.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 425.1, 567-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” Qanunun müvafiq bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın müvafiq bəndlərinə, “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin ümumi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli 3 N-li qərarına və Mülki Prosessual Məcəllənin 80, 106, 216, 220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh Azərsu” ASC qətnamədən apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(060)-6673/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmənin gəlmiş olduğu nəticə əsassız və qanunsuzdur. Məhkəmə iş üzrə düzgün qətnamə qəbul etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. “Sudan istifadə qaydaları”nın 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərinsayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş ortastatistik say tərkibinə uyğun olaraq aparılır. İş materialarından da göründüyü kimi ünvanda xx.xx.2002ci il tarixdə kod açılaraq “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunmuşdur. Ünvanda hesabat ailə tərkibinə uyğun olaraq normativ qaydada aparılmışdır. Lakin iddiaçının mənzili xx.xx.2023-cü il tarixdə alması və əvvəlki mülkiyyətçi Elşən Quliyev tərəfindən borcun ödənilməsi barədə cavabdeh təşkilata heç bir rəsmi sənəd təqdim olunmamışdır. Belə olan halda qeyd olunan borc məbləğinin silinməsi barədə məhkəmənin mövqeyi əsaslı hesab edilə bilməz. Məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmişdir. Nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə iş üzrə lazımi qədər araşdırma aparmamış, nəticədə əsassız qətnamə qəbul etmişdir. Hazırkı iş üzrə iddiaçının ünvanına 2002-ci il tarixdə kod açılmış və sudan istifadəyə görə hesabat isə normativ qaydada aparılmışdır. Lakin mübahisəli ünvanın əvvəlki mülkiyyətçisi, abonent kimi qeyd olunmuş Elşən Quliyev sudan istifadə üzrə borcu ödəməmişdir. Ödəniş yalnız 2023-cü il tarixdən icra edilmişdir ki, həmi ödənişlər artıq evin yeni mülkiyyətçisi yəni hazırkı iddiaçı tərəfindən ödənilmişdir. İşə baxan məhkəmə bu halları nəzərə almamışdır. Göstərilən xüsusatlar əsasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

13. İş üzrə İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 1.6-cı bəndinə əsasən əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.4-cü bəndinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

17. AR Su Məcəlləsinin 97-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir.

18. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 62-ci maddəsinə əsasən, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. və 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(060)-6673/2023 nömrəli qətnaməsinin tamamilə ləğvini xahiş etmişdir.

21. Ona görə də kollegiya, birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamağı vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

23. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən ona məxsus abonent ünvanına 5 nəfərlik ailə tərkibinə uyğun aparılmış hesabat nəticəsində yaranmış borcu mübahisələndirmiş və borcun silinməsini xahiş etmişdir.

24. İddiaçı tələbinin əsası kimi qeyd edir ki, mübahisəli mənzil üzərində onun mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. O, mənzili Elşən Quliyev adlı şəxsdən alqı-satqı müqaviləsi əsasında almışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC tərəfindən verilmiş bildirişdə ona yaşadığı ünvana dair sudan istifadə üzrə ödənməmiş 1184.40 manat borcun olduğu bildirilmişdir. Mübahisəli mənzil onun mülkiyyətinə keçdiyi və orada yaşadıqları vaxtdan o bütün kommunal ödənişləri vaxtı-vaxtında icra etmişdir. Əgər belə bir borc varsa, onun deyil mənzilin əvvəlki mülkiyyətçisinin istifadə etdiyi su sərfiyyatıdır. Həmin borcun ondan tələb edilməsi əsassızdır. Cavabdehin bu hərəkətini qanunsuz hesab edən iddiaçı həmin məbləğin silinməsini məhkəmədən xahiş etmişdir. İşə baxan məhkəmə iddianı təmin etmiş, narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

25. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəlmiş olduğu nəticə ilə razılaşmır və qeyd edir ki, işin tədqiq olunan faktiki hallarından görünür ki, mübahisəli mənzil alqı-satqı müqaviləsi əsasında hazırkı iddiaçı tərəfindən əldə edilmiş və sonuncunun mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.

26. Yenə iş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, mənzildə sudan istifadə üzrə ödənişlər xx.xx.2023-cü il tarixdən başlayaraq mütəmadi şəkildə müxtəlif məbləğlərdə həyata keçirilmiş, həmin dövrdən əvvəlki tarixə isə hər hansı ödəniş edilməmişdir.

27. Beləliklə araşdırılan işdən göründüyü kimi yaranmış borc məbləği məhz iddiaçının yaşadığı ünvanla bağlı olmuş və iddiaçı da bunu mübahisələndirməmişdir. İddiaçının mübahisələndirdiyi hal həmin borcun onun deyil, əvvəlki mülkiyyətçinin yaşadığı və istifadə etdiyi dövrə təsadüf etməsi olmuşdur.

28. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 572.1-ci maddəsinin tələbinə görə alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.

29. Həmin Məcəllənin 572.2-ci maddəsinə əsasən bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir.

30. Göründüyü kimi iddiaçı sözügedən mənzili əvvəlki mülkiyyətçidən alqı-satqı yolu ilə əldə edərkən yüklü şəkildə qəbul etmiş və müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür.

31. Kollegiya qeyd edir ki, borcun əvvəlki istehlakçı, yoxsa sonrakı istehlakçı tərəfindən yaranmasının fərqi yoxdur, istənilən halda yaranmış borc ödənilməlidir. Başqa sözlə mübahisələndirilən borc məbləğinin evin əvvəlki və ya sonrakı mülkiyyətçisinə aid olmasından asılı olmayaraq, su təchizatı müəssisəsi bununla bağlı risk daşımır. Əks halda borcun kimin tərəfindən yaranmasından asılı olmayaraq bu cür hallar su təchizatı müəssisəsinin mənafeyinə zərər vurmaqla yanaşı, həm də su təchizatı müəssisəsi ilə istehlakçılar arasında qeyri-müəyyən presedentinlərin yaranmasına səbəb ola bilər.

32. Yuxarıda istinad olunan Qaydaların; 2.1.5-ci maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək); ən əsası isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək STKM-nin vəzifəsini təşkil edir. 8.1.8-ci maddəsinə əsasən istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə STKM istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada (bu Qaydaların 8.1.9-cu yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) xəbərdar etmək şərtilə dayandıra bilər.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır..

34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti vermək hüququ istisna edilir.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(060)-6673/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı “ ona məxsus ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 1184,40 manat məbləğində borcun silinməsinə” dair iddia tələbi təmin edilməsin. Qətnamədən kasssiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar