Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-429/2025 05.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: hesablanmış borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-2581/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 15 yanvar 2024-cü il tarixli ******* saylı AKT əsasında, **********0230 saylı abonenet kodu üzərinə hesablanmış 4173,12 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh İB, X10 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları tərəfindən 15 yanvar 2024-cü il tarixində yaşadığı Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evinə gələn qaz xəttinə baxış keçirilmiş və nəticədə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir. Aktda “Abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olundu” qeydi yazılmışdır. Həmin akt əsasında evə quraşdırılmış qaz sayğacının abonent kodu üzərinə 4173,12 manat borc hesablanmışdır. Onun mənzilində sayğacı vardır. Abonent saldosunda işlətdiyi təbii qazın sərfi və sərfin məbləği göstərilmişdir. Sərf etdiyi qazın borcunu mütəmadi olaraq ödəmişlər. Ona məxsus mənzildə heç vaxt sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməmişdir. Heç bir əsas olmadan yazılmış qeyri-obyektiv aktla razılaşmır. Həmin akt “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun deyildir. İstehlakçıya “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunarkən və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması qanunvericiliklə nəzərdə tutulmuş qaydada əsaslandırılmalıdır. Belə bir əsaslandırılma olmadan dəymiş ziyanın hesablanması və abonentdən tələb olunması istehlakçının hüquqlarının pozulması ilə nəticələnir. Aktın “Qaz işlədici və parametrləri” qrafasının da düzgün yazılmaması bir daha bu aktın konkret halları əks etdirmədiyini göstərir. Belə ki, onun mənzilində axımlı su qızdıncısı və xərək olmadığı halda, həmin işlədicilərin adı aktda qeyd olunmuşdur. Ona məxsus fərdi yaşayış evinə hər hansı kənar xəttin olması, həmin xəttin hara daxil olması faktını təsdiq edən heç bir sübut yoxdur və ola da bilməz. Yuxarıda qeyd etdiyi kimi o, heç bir kənar xəttdən istifadə etməmişdir. Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 15 yanvar 2024-cü il tarixli, 0391 saylı AKT əsasında hesablanmış borc əsassızdır və abonent hesabından silinməlidir. Evinin abonent kodu mərhum nənəsi Məhərrəmova Əfruzun adınadır. Nənəsi 09 aprel 2013-cü ildə vəfat etmişdir. Ev Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır, evin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənəd paylı mülkiyyət əsasında ona məxsusdur, evin sahibi odur.
3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2581/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia qismən təmin edilmiş, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən 15 yanvar 2024-cü il tarixli ******* saylı akt əsasında tərtib olunmuş 31 yanvar 2024-cü il tarixli tələbnamənin ləğv edilməsi, həmin tələbnaməyə əsasən hesablanmış 4173,12 manat məbləğində borcun 2203,20 (iki min iki yüz üç manat iyirmi qəpik) manat məbləğində olan hissəsinin **********00230 saylı abonent hesabından silinməsi, 42,04 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehə cəmi olaraq 1969,92 manat məbləğində ziyan vurulmuşdur. Ona görə iddianın 4173,12 manatdan 2203,20 manat məbləğində hissəsi təmin edilməlidir.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"na istinad edərək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-2581/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 15 yanvar 2024-cü il tarixində "Azəriqaz" İB-nin Xaçmaz RQİİ-nın əməkdaşları tərəfindən evin qaz xəttinə baxış keçirərkən və "təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt tərtib edilərkən əsassız olaraq onun sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi qənaətinə gəlinmiş və 4173,12 manat borc hesablanmışdır. Həmin borcla razılaşmamağının əsasına dair dəlillərini iddia ərizəsində və məhkəmədə verdiyi izahatda qeyd etmişdir. "Qaz təhcizatı haqqında" Azərbaycan Respublikasının Qanunun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6,5-ci bəndinə görə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh müəssisə isə qanunvericiliklə müəyyən edilmiş qaydaya əməl etməyərək, birbaşa özü akt tərtib edib, subyektiv formada ehtimallara əsasən borc hesablamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, sayğaca baxış keçirilərkən evdə olmayıblar, sayğac nənəsinin adınadı, sayğacı adına keçirmək üçün qaz idarəsinə getdikdə bildiriblər ki, sayğaca cərimə yazılıb. Regional idarəyə müraciət etdikdə bildiriblər ki, akt tərtib edilib, borc yazılıb. Sayğaca hər hansı müdaxilə edilməyib. Bununla bağlı polisə, prokurorluğa çağırılmayıblar. Sayğac nənəsi X4 adınadır, nənəsi 09 aprel 2013-cü ildə ölüb. Səttar babasının adı olub, akta səhv yazıblar.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. Xaçmaz RQİİ-nin 15 yanvar 2024-cü il tarixli ******* nömrəli aktından görünür ki, abonentin mənzilinə baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə istifadə etdiyi aşkar olunmuşdur. Aktda İddiaçı akta imza etməsi qeyd olunmuşdur.
13. X3 31 yanvar 2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən müəyyən olunur ki, Əfruz Məhərrəmova məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti- PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün 2 ədəd iran sobasının maksimal saatlıq qaz sərfi 2 x 1.5 = 3 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, axımlı su qızdırıcının maksimal saatlıq qaz sərfi 2.25 m3/saat orta günlük ış rejimi 12 saat və hesabat müddəti 360 gün, xərəyin maksimal saatlıq qaz sərfi 2 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 0.8 x 12 x 360 =3456 3 x 12 x 360 =12960 2.25 x 12 x 360 =9720 2 x 12 x 360 =8640 -cəmi 36072m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2024-cü il tarixli ******* saylı akt olmuşdur.
14. Azəriqaz RQİİ-nin xx.xx.2024-cü il tarixli 178 nömrəli müayinə aktdan görünür ki, abonentin mənzilinə baxış keçirilərkən həmin mənzildə 1 ədəd PQ-3 və 2 ədəd iran sobası aşkar olundu.
15. X1 adına açılmış **********00230 kodlu abonentin saldosunun qalıq və aktlar bölməsindən görünür ki, 15 yanvar 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 4173,12 manat zərər məbləği 2024-cü ilin yanvar ayı üzrə hesaba daxil edilmişdir. Ölüm haqqında şəhadətnaməməyə əsasən X5 xx.xx.2013-cü il tarixdə ölmüşdür.
Tətbiq edilən hüquq
16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunu
8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:
6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
19. Məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-2581/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2581/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 4173,12 manat borc abonent kodu **********00230 saylı abonent hesabından silinməlidir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Belə ki, yuxarıda istinad olunan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 8-1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələbindən göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
22. Cavabdeh tərəfindən iddiaçının qanunsuz qaz xəttinə qoşulması ilə bağlı akt tərtib olunsa da qazın talanmasında onun təqsirli olmasına dair müvafiq orqanın qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilməməkdədir. Buna görə də cavabdeh təşkilatın iddiaçının abonent hesabına vurulmuş zərər məbləği qismində daxil edərək, ondan tələb etməsi əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə mübahisəyə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 8-1-ci maddəsinin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndini tətbiq etməli olduğu halda tətbiq etməmişdir ki, bununla da maddi hüquq normasının pozulması ilə nəticələnən və əsassız hesab olunan qətnamə çıxarmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 4173,12 manat manat məbləğində borcun silinməsi ilə bağlı iddia tələbi tam əsaslı olmuşdur.
23. Məhkəmə kollegiyası qeyd edir ki, sayğac X2 adına qeydiyyata alınsa da, işin hallarından görünür ki, sayğac İddiaçı sahibliyində olan məxsus fərdi yaşayış evinə quraşdırılmış və qazdan qanunsuz istifadəyə dait akt da iddiaçı barəsində yazılmışdır. Həmçinin iddiaçı sayğacın nənəsi X4 adına qeydə alınmasını, lakin aktda ata adının Bahi əvəzinə əri Səttarın adının qeyd edildiyini bildirmişdir. Abonent kimi X5 qeydə alınsa da həmin sayğac iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırıldığından iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək hüququ olmuşdur.
24. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-2581/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 4173,12 manat borc abonent kodu **********00230 saylı abonent hesabından silinməlidir.
25. Həmçinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Buna görə də Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilməli olan 61,73 manat dövlət rüsumu cavabdehdən alınaraq, dövlət büdcəsinə ödənilməlidir.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-2581/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh İB Xaçmaz RQİİ-nin 15 yanvar 2024-cü il tarixli, ******* nömrəli aktı əsasında hesablanmış 4173,12 (dörd min yüz yetmiş üç manat, 12 qəpik) manat zərər məbləği **********00230 saylı abonent hesabından silinsin. Cavabdeh İB-dən 61,73 (altımış bir manat, 73 qəpik) manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.