Məhkəmə qərarları › İş №2(105)-430/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-430/2024

14.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-430/2024 14.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5607/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Tağızadə) iddianın təmin edilməsi, Cavabdeh2 10000 (on min) manat kompensasiya ödənilməklə mənzildən yaşayış hüququna xitam verilməsi və o, həyat yoldaşı Cavabdeh1 ilə birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65-də yerləşən 12 saylı mənzildən çıxarılmaları, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh2 10000 (on min) manat kompensasiya ödənilməklə mənzildən yaşayış hüququna xitam verilməsi, onun həyat yoldaşı Cavabdeh1 ilə birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65-də yerləşən 12 saylı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu Cavabdeh2 qeydiyyatda olmaqla rəsmi nikahda olduğu Cavabdeh1 ilə iddiaçı ilə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65, mənzil 12-də yaşayırlar. Cavabdeh1 ünvan 1-da qeydiyyatdadır, iddiaçının oğlu İlkinlə ayrı-ayrı vaxtlarda həmin ünvanda yaşayırlar. Cavabdehlərin ayrı yaşayış yeri olduğundan iddiaçıya məxsus mənzili özgəninkiləşdirməyi təkidlə tələb edirlər. İddiaçıya məxsus mənzili alqı-satqı yolu ilə özgəninkiləşdirmək qərarında deyildir. Lakin son vaxtlar Cavabdeh1 iddiaçıyla əsaslı səbəb olmadan mübahisə edərək, hətta fiziki zorakılıq edir. Buna görə də cavabdehlərin iddiaçıyla eyni mənzildə yaşamasına razı deyildir. Buna görə də onların həmin mənzildən yaşayış hüququna xitam verilməsi qərarına gəlmişlər. Mənzildə qeydiyyatda olduğundan Cavabdeh2 10000 (on min) manat kompensasiya ödənilməklə həyat yoldaşı Cavabdeh1 ilə birlikdə mülkiyyətində olan Sumqayıt şəhəri, 10cu mikrorayon, ev 65-də yerləşən 12 saylı mənzildən çıxarılmalıdır. Cavabdeh2 təklif edilən 10.000 manat məbləğində kompensasiya cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayətdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin müvafiq qətnaməsi əsassızdır və mülki qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə qətnamə qəbul edərkən onun hüquqlarını pozaraq, arvadının qeydiyatda olduğu ünvan 1 ünvanında yaşamağını əsas almışdır. Lakin, həmin ev onlara məxsus olmamış, arvadının anası X1 mülkiyyətindədir və o evdə müvəqqəti yaşamışlar. Belə ki, iddiaçı, anası İddiaçı, mütəmadi olaraq ona və arvadına psixoloji təzyiqlər göstərərək, onların mübahisəli evdə yaşamağına məhdudiyyətlər qoymuşdur. O, ailə həyatı qurub anası ilə birlikdə sözügedən mənzildə yaşayır. Valideynlərinə qarşı pis övlad olmamışdır. Həyat yoldaşı hər zaman anasının qulluğunda durub. Anası arvadı ilə yola getmir, onu təhqir edir, hətta fiziki zorakılıq edir və özünü öldürmə həddinə çatdırmışdır. Bununla bağlı arvadı əməliyyat olub. Bu səbəbdən də evdə tez-tez söhbət yaranır. Mənzil onun atasının mülküdür. Onun atasına məxsus olan evdən payı olmuş və o payından anasının xeyrinə imtina etmişdir. Bu gün anasının verdiyi kompensasiya ilə gedib heç bir yerdən ev ala bilməz. Onun həmin evdən başqa yaşamağa evi yoxdur. Kompensasiya məbləği olaraq ona ən azı 30000 manat verilməsini istəyir. Məhkəmə tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon, 65 saylı evin mənzillərinin hazırki vaxtda mənzil kirayə məbləğinin araşdırılması və həmin mənzilin hansı şəraitə malik olması araşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdehlərin istifadə hüququna xitam verilməsini məqsədəmüvafiq hesab etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh2 vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, sonuncu qətnaməni yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası Cavabdeh2 istifadə hüququna xitam verilməsi hissəsində qətnaməni mübahisələndirdiyini nəzərə alaraq həmin hissədə apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Hazırkı iş üzrə mübahisələndirilən hissədə iddia tələbi yaşayış hüququna xitam verilməsi barədədir. Həmin tələbin qanuni əsasını isə Mülki Məcəllənin 228.2. maddəsi təşkil edir. Məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddədə nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirilməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2007-ci il tarixli qərarı). Göründüyü kimi qanunverici hər hansı şəxs və şəxslər tərəfindən tanınmış, xüsusi mülkiyyət hüququ əsasında mənsub olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi qaydasını müəyyənləşdirərkən mülkiyyətçinin iradəsini əsas götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsaiti ehtiva edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2. maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. İşdən görünür ki, cavabdeh iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğindən narazı olduğunu bildirmiş və bu məqsədlə tərəflərə kompensasiya məbləği ilə bağlı razılaşmaları üçün müəyyən vaxt verilməklə məhkəmə baxışı təxirə salınsa da, növbəti məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdehə 13.000 manat kompensasiyanın təklif olunduğunu, cavabdeh isə bu məbləğlə razı olmadığını bildirmişdir. Nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlməklə, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Məhz kompensasiyanın verilməsində məqsəd cavabdehin özünə yaşayış sahəsi qurmaqdan ötrü iddiaçının hesabına müəyyən müddətə başqa ərazidə yaşayışının təmin edilməsi mümkün olsun. Həmçinin o da vurğulanmalıdır ki, Mülki Məcəllənin 228.2. maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə tərəfindən kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi prosessual qənaət prinsipinə əməl edilməsini təmin etməklə yanaşı, mülkiyyətçinin hər dəfə müəyyən məbləğdə artırılmış kompensasiya təklifi ilə bağlı analoji iddiaları qaldırmasının qarşısını alır. Bu baxımdam məhkəmə kollegiyası iddiaçı tərəfindən cavabdehə istər ilkin olaraq təklif edilən 10.000 (on min) manat kompensasiya məbləğinin, istərsə də apellyasiya baxışı zamanı isə təklif olunan 13.000 (on üç min) manat kompensasiya məbləğinin mövcud reallığı əks etdirmədiyini nəzərə alaraq, həmin məbləği hazırkı bazar qiymətlərinə uyğun hesab etmir və prosessual qənaət prinsipini əsasən kompensasiyanın məbləğini hazırkı bazar qiymətinə uyğun olaraq 15.000 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh2 10.000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar