Məhkəmə qərarları › İş №2(105)-440/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-440/2024

05.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-440/2024 05.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: cərimənin silinməsi) X1 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Məmmədov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cərimənin silinməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(012)-4350/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cıı il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və 8164.80 (səkkiz min yüz altmış dörd) manat, 0.80 qəpik məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış, abonent kodu **********0063 olan qaz sayğacı iddiaçıya məxsusdur. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, iddiaçının xəbəri olmadan evin sayğacına baxış keçirilmiş, sayğaca kənar müdaxilə olunduğuna görə ******* saylı akt tərtib edilmişdir. Beləliklə, tirilmiş qaza görə 8164.80 (səkkiz min yüz altmış dörd) manat, 0.80 qəpik məbləğində cərimənin ödənilməsi öhdəsinə qoyulmuşdur. Cavabdeh əməkdaşları tərəfindən mənzilin sayğacına baxış keçirilərkən onun və ailə üzlərinin xəbəri olmamış, heç bir məlumat verilməmişdir. Son zamanlar Cavabdeh əməkdaşlarının bu qanunsuz hərəkətləri mütəmadi hal almışdır. Cavabdeh tərəfindən iddia olunan nöqsan tamamilə əsassızdır, heç bir həqiqəti əks etdirmir. Yaşadıqları mənzilə məxsus qaz sayğacına nə iddiaçı, nə də ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Sayğac həyəlyani sahədən xaricdə quraşdırılmışdır, ətrafından yüzlərlə insan keçir. Cavabdeh əməkdaşları tərəfindən qeyd edilmiş nöqsan və barəsində tərtib edilmiş akt tamamilə əsassızdır. Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilməsi və barəsində tətbiq edilmiş 8164.80 (səkkiz min yüz altmış dörd) manat, 0.80 qəpik məbləğində cərimənin silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, abonentin yaşadığı ünvanda Zenner markalı, G-4 tipli, **********452 nömrəli sayğac cərimə koduna sayğacın quraşdırılması səbəbindən quraşdırılmışdır. Cərimə 8164.80 manat.

5. Abonent kodu **********00063 olmaqla, İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu, Masazır kəndi ünvanına xx.xx.2023-cü il tarixdə Zenner G-4T Smart tipli **********452 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Aktlara əsasən hesablanmış, abonentin 04/2023-cü ilə olan borcu 475,20 manat, 05/2023-cü il tarixə olan borcu 406,08 manat, 08/2023-cü ilə aid olan borcu 8164,80 manat göstərilmişdir.

6. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı aktlardan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin qeydiyyatsız təbii qazdan istifadə etməsi, sayğacdan kənar qaz xətti aşkar olunduğundan dəymiş ziyanın hesablanması qərara alınmışdır.

7. Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, kombinin maksimal saatlıq qaz sərfi 3.5 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 40608 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2022-ci il tarixli, ******* saylı akt olmuşdur.

8. Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3.5 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 3960 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2022-ci il tarixli, ******* saylı akt olmuşdur.

9. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, iddiaçı tərəfindən qaz xəttinə kənar xətt vasitəsilə qoşulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

10. Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(012)- 4350/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 4975.2 (dörd min doqquz yüz yetmiş beş manat iyirmi qəpik) manat borcun abonent kodu **********00063 olan İddiaçı məxsus abunə hesabından silinməsi, Cavabdeh İB-dən dövlət rüsumuna görə 69.75 manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndi, İİ bəndi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6- cı bəndi, «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının 2.1.3, 2.1.5, 2.1.10 və 2.1.12-ci bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 80, 81, 88, 77.1, 107, 119.1, 124.1, 14.2, 217.4, 220.5 və 238-252-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(012)-4350/2023 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddia tələbinin qismən təmin edilməsinin əsası kimi ona istinad edilmişdir ki, Cavabdeh ilə onun arasında iddiaçıya məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Onun təbbi qazdan qeyri-qanuni istifadə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə sadə riyazi hesablama üsulu ilə pul vəsaitini hesablayaraq hesab etmişdir ki, onun Cavabdeha 3189.6 (üç min yüz səkksən doqquz manat altmış qəpik) manat borcu vardır. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq ilk öncə qeyd edir ki, hesablama forması xüsusi bilik tələb etdiyinə görə xüsusi biliyə malik olan ekspert tərəfindən hesablana bilər, lakin məhkəmə qanunsuz olaraq ekspertiza keçirmədən hesablamanı özü aparmışdır. Bildirmək istəyir ki, qeyri-qanuni qoşulma Cavabdeh İB-nin işçiləri tərəfindən sayğac çıxarılarkən qoşulmuşdur. Əlavə olaraq tələb olunan borc məbləği öncəki aylarda ödədiyi aylıq qaz sərfiyyatı ödənişlərinə uyğun deyildir. Bütun bunları nəzərə alaraq yeni ekspertiza keçirilməlidir. Bundan başqa, xx.xx.2023-cü il tarixli, ******* saylı aktın tərtib olunduğu tarixdə Cavabdeh əməkdaşları tərəfindən İddiaçı Təvəkkür oğlunun yaşadığı mənzilin sayğacına baxış keçirilərkən onun və ailə üzvlərinin xəbəri olmamış, heç bir məlumat verilməmişdir . Həmin akt heç bir baxış keçirilmədən tərtib edilmiş və guya həmin aktı orada olmuş əməkdaşlar da imzalamışlar. Hansı ki, həmin tarixlərdə yaşadığı ünvanda Cavabdeh əməkdaşları olmamışdır, onun tərəfindən kənar xəttin çəkilməsini təsdiq edən heç bir sübut yoxdur. O, tərtib edilmiş aktın qanunsuz tərtib olunması və hesablanmış cərimənin əsassız olması ilə bağlı cavabdeh təşkilata müraciət edərkən, guya aktın tərtib olunduğu müddətdə onun sayğaca müdaxilə etdiyinin aşkar olunduğu, bu səbəbdən akt tərtib edildiyi və itirilmiş təbii qaza görə cərimə hesablandığı bildirilmişdir. Halbuki, o, qaz xəttinə kənar xəttlə müdaxilə etməmiş və həmçinin qaz sayğacına müdaxilə etməmişdir. Lakin cavabdeh təşkilat qaz xəttinə onun tərəfindən qanunsuz qoşulma və qaz sayğacına müdaxilə faktlarını sübuta yetirmədən və heç bir əsas olmadan ona itirilmiş təbii qaza görə cərimə hesablamışdır. Həmçinin iddiaçı təşkilat onun qazdan istifadə nəticəsində 8164.80 manat borcunun olduğunu iddia etsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, onun qaz xəttinə tərtib edilmiş aktda göstərilən tarixdə müdaxilə edərək kənar xətt çəkərək və qaz sayğacına müdaxilə edərək təbii qazdan qanunsuz və əvəzi ödənilmədən istifadə etməsini təsdiq edən hər hansı mötəbər sübutlar cavabdeh tərəfindən ona təqdim edilməmişdir. Bütün bunlar təsdiq edir ki, Cavabdeh İstehlahat Birliyi tərəfindən onun barəsində tərtib edilmiş akt heç bir qanuni əsas olmadan və formal olaraq tərtib edilmişdir və qanunsuzdur. Lakin işə baxan məhkəmə tərəfindən iş üzrə düzgün araşdırmanın aparılması təmin edilməmiş və qanunvericiliyin normalarının tələbi pozulmuşdur. Məhkəmə qanunsuz olaraq ekspertiza keçirmədən hesablamanı özü sadə riyazi usulla aparmışdır. Tələb olunan borc məbləği öncəki aylarda ödədiyi aylıq qaz sərfiyyatı ödənişlərinə uyğun deyildir. Belə ki, öncəki aylarda hər aya 30 manat smart karta yukləyirdi, lakin məhkəmənin hesablamasına görə hər ay guya 475 manat 20 qəpik qaz sefiyyatı edilmişdir. Məhkəmə öncəki ödəniş aylarını nəzərə almamışdır. Bütun bunları nəzərə alaraq ekspertiza keçirilməlidir. Ekspert rəyi sübut növüdür və sübutların aidliyi qaydasına uyğun olaraq məhkəmə yalnız tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar sübutları qəbul edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

15. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

16. İş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmyan hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: Maddə 11. 6-cı bənd. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Bənd 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(012)-4350/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, abonentin “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq, qaz sayğacından qeydiyyatsız istifadə etməsi, yəni, qaz xəttinə kənar qoşulması müəyyən olunmuşdur. Mülki iş materiallarına əlavə olunmuş tələbnamədən göründüyü kimi, qaz sayğacından qeyri-qanuni istifadə edilməsi Cavabdeh İB-nin nümayəndələrinin texniki baxışı nəticəsində təsdiq olunmuş və bu barədə aktlar tərtib edilərək iddiaçıya cərimə hesablanmışdır. İddiaçı hazırda, Cavabdeh İB-nin nümayəndələri tərəfindən hesablanmış, qanunsuz və əsassız olduğunu iddia etdiyi 8164.80 (səkkiz min yüz altmış dörd) manat cərimə borcunun silinməsini məhkəmədən xahiş etmişdir.

24. Birinci intansiya məhkəməsi tərəfindən iddia ərizəsini qismən təmin edərək Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 4975.2 (dörd min doqquz yüz yetmiş beş manat iyirmi qəpik) manat borcun abonent kodu **********00063 olan İddiaçı məxsus abunə hesabından silinməsi, Cavabdeh İB-dən dövlət rüsumuna görə 69.75 manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

25. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının tələblərini pozmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatı əsasında iddiaçıya məxsus sayğacın onun evdən kənarda quraşdırılması öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının etirafı əsasında abonentin “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq, qaz sayğacından qeydiyyatsız istifadə etməsi, yəni, qaz xəttinə kənar qoşulması müəyyən olunmuşdur. Mülki iş materiallarına əlavə olunmuş tələbnamədən göründüyü kimi, qaz sayğacından qeyri-qanuni istifadə edilməsi Cavabdeh İB-nin nümayəndələrinin texniki baxışı nəticəsində təsdiq olunmuş və bu barədə aktlar tərtib edilərək iddiaçıya cərimə hesablanmışdır. Məhkəmə araşdırması zamanı həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq, təbii qazdan qeyri-qanuni istifadə etməsi mülki iş materiallarına əlavə olunmuş fotoşəkillər və iddiaçının izahatı əsasında öz təsdiqini tapmış və bu barədə abonentə təbii qazdan istifadə qaydalarının pozulması barədə tələbnamə tərtib edilərək xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 360 gün (12 ay) müddəti, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 60 gün (2 ay) müddəti üçün cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, təbii qazdan istifadə qaydalarının tələblərinə uyğun olaraq həmin qaydalara riayət etmək abonent olaraq vətəndaşın vəzifəsi olsa da, sayğacın işlək vəziyyətdə olmasına nəzarət etmək isə qazpaylayıcısının birbaşa vəzifəsi olmaqla həmin vəzifənin icrasını həyata keçirməlidir. Lakin göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən abonentin evinə quraşdırılmış qaz sayğacına vaxtında nəzarət edilməməsi nəticə olaraq, abonentin də qaz sayğacından qeyri-qanuni istifadə etməklə təbii qazı talaması halını istisna etməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması barədə tələbnamələrdə hesablamalar 360 gün və 60 gün hesablansa da iddiaçı tərəfindən həqiqətəndə abonentin göstərilən müddətlərdə qazdan qeyri-qanuni istifadə etməsini sübuta yetirilməmişdir. Belə ki, digər aktlarda 30 gün qazdan istifadə hesablansa da xx.xx.2022-ci il tarixli, ******* saylı akta 360 gün (12 ay) müddət, xx.xx.2023-cü il tarixli, ******* saylı akta 60 gün (2 ay) hesablanmışdır ki, məhkəmə hesab edir ki, bu işin araşdırılan hallarına uyğun deyildir və sübut olunmur. Ona görə də məhkəmə həmin hər iki aktı 30 gün hesablanmasını işin faktiki hallarına uyğun olmaqla məqsədə müafiq hesab edir. Bununla belə, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə sadə riyazi hesablama üsulu ilə pul vəsaitini hesablayaraq hesab etmişdir ki, iddiaçı Azəriqaza 3189.6 manat borcu vardır. Həmin məbləğ 8164.80 manatdan çıxılmalı və qalan 4975.2 manat iddiaçının abunə hesabından silinməlidir. Eyni zamanda Məhkəmə qeyd edir ki, Abunə saldosunda cavabdehə aktlar üzrə 06/2023-cü ildə 328.32 və 07/2023-cü il tarixdə 181.44 manat pul hesablansa da cavabdeh tərəfindən həmin aktlar məhkəməyə təqdim edilmədiyindən və borclar cavabdeh tərəfindən sübut edilmədiyindən həmin tarixlər üçün hesablanmış pul vəsaitləri əsassız olduğundan təmin edilməməlidir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və hesab edir ki, işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

29. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

30. Kollegiya qeyd edir ki, iddiaçı iddianın təmin edilməyən hissəsində məhkəmə qətnaməsini mübahisələndirsə də etirazının əsaslığına dair heç bir sübut apellyasiya şikayətinə əlavə etməmişdir.

31. Eləcə də kollegiya ekspertiza təyin edilməsinə dair şikayətin dəlilini əsaslı hesab etmir. Belə ki, işin müəyyən edilmiş hallarına istinadən qeyd olunmalıdır ki, araşdırılan mübahisə üzrə ekpertizanın təyin edilməsi zəruriliyini göstərən xüsusi bilik tələb olunan hallar müəyyn edilmir, sözügedən hesablamanın adi riyazi üsulla aparılması mümkündür.

32. Bundan əlavə kollegiya hesab edir ki, mübahisələndirilən xx.xx.2023-cıı il tarixli, ******* nömrəli akt «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» olmaqla həmin aktın ləğv edilməsi üçün qanuni əsas yoxdur.

33. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(012)-4350/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(012)-4350/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar