Məhkəmə qərarları › İş №2(105)-441/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-441/2023

14.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-441/2023 14.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: əqdin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X14 və X5 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əqdin əhəmiyyətsiz hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1665/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri 51 saylı notariat kontorunda cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış 4Ə-654 reyestr nömrəli xx.xx.2017-ci il tarixli Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 33 saylı evin, 20 saylı mənzilinin bağışlanması müqaviləsinin əhəmiyyətsiz əqd hesab olunması və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 33 saylı evin, mülkiyyət hüquqları ilə ona məxsus olan 20 saylı mənzili onun iradəsinə zidd olaraq onun adından Cavabdeh2 tərəfindən Cavabdeh1 Bakı şəhəri 51 saylı notariat kontorunda 4Ə-654 reyestr nömrəli xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında bağışlanmışdır. Lakin mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün hüquqi əsasın olmaması səbəbilə DƏDRX-ni 1 saylı Bakı Ərazi İdarəsinə qarşı sözügedən iddianın qaldırılmasına səbəb olduğu müəyyən edilmişdir. Sonradan tərəfindən Quba rayonu notariat kontorunda 9114 reyestr nömrəli xx.xx.2015-ci il tarixli, xx.xx.2025-ci il tarixinədək etibarlılıq müddəti olan, səlahiyyətlərin digər şəxsə verilə bilməsi ilə ona məxsus olan bütün əmlak və hüquqlarla bağlı Cavabdeh1 vermiş olduğu etibarnamə üzrə səlahiyyətlərdən sonuncu sui-istifadə etmişdir. İddiaçı həmin etibarnaməni xx.xx.2017-ci il tarixdə Quba rayonu notariat kontorunda ləğv etdirmişdir. Təqdim edilmiş sənədlərin təhlili zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən bacısı Cavabdeh1 Quba rayonu notariat kontorunun 9114 reyestr nömrəli xx.xx.2015-ci il tarixli etibarnamə üzrə verilmiş səlahiyyətlər, sonuncu tərəfindən Cavabdeh2 ötürülmüş, sonradan Cavabdeh2 artıq İddiaçı səlahiyyətli nümayəndəsi qismində Bakı şəhəri 51 saylı notariat kontorunda 4Ə-654 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 33 saylı evin, 20 saylı mənzili Cavabdeh1 bağışlamışdır. Təqdim edilmiş digər sənədlərin təhlili zamanı Quba rayonunun xüsusi notariusu X11 tərəfindən X6 arvadı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin (qeydiyyat nömrəsi **********, MH 0177533) satılmasına, bağışlanmasına etiraz etməməsinə dair notariat kontoruna ünvanladığı 7E-10098 reyestr nömrəli xx.xx.2017-ci il tarixli ərizənin X6 əvəzinə imzalanmasını icra edən şəxsin Cavabdeh2 olduğu müəyyən edilmişdir. Qeyd olunan etibarnamə Cavabdeh1 faktiki məxsus olan Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi 16 saylı evin, 9 saylı mənzilə ilə bağlı verilmişdir. Daşınmaz əmlaklar formal olaraq bacısı İddiaçı adına rəsmiləşdirilmişdir. X1 Gülnarə Muxtar qızı ilə xx.xx.1984-cü il tarixdə Lənkəran rayonunda nikah münasibətlərinə daxil olmuşlar və faktiki olaraqda nikah münasibətlərindədirlər. Həmin nikahdan 2 övladları doğulmuşdur. Ailənin qız övladı X8 xx.xx.2010-cu ildə Cavabdeh1 övladı X3 ilə nikah münasibətlərinə daxil olmuş, həmin nikahdan övladları dünyaya gəlmiş, sonradan münasibətlərinin korlanması səbəbindən nikah məhkəmə qaydasında pozulmuş və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi mübahisəsi yaranmış və hazırda da mübahisələndirilir. Hazırkı iddia ərizəsinin predmetinə gəldikdə isə, indiki Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 33 saylı evin, 20 saylı mənzil İddiaçı tərəfindən X2 17.600000 manat məbləğində Bakı şəhəri 15 saylı dövlət notariat kontorunda bağlanmış 065294 nömrəli xx.xx.1999-cu il tarixli müqavilə əsasında satın alınmış, sonradan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən MH seriyalı, 177313 nömrəli xx.xx.1999-cu il tarixli xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilməsi barədə qeydiyyat vəsiqəsi verilmiş, sonradan həmin qeydiyyat vəsiqəsi yeni nəsil çıxarışla əvəz olunmuşdur. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Quba Rayon Məhkəməsinin 2(027)-1665/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim R.Həsənov). İddia tələbini rədd edən birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 346, 354, 669, 670, 673-cü maddələrinə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına və Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli qərarına istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-1665/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini, habelə 4Ə-654 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin rəsmiləşdirilməsində iştirak edən tərəflərin, habelə Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: İddiaçı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətində qeyd edir ki, məhkəmənin gəldiyi nəticə ilə qəti şəkildə razılaşmır. Məhkəmə kifayət qədər əsaslandırılmış hüquqi əsası olan iddianı bütünlükdə rədd edərək kobud maddi və prossesual pozuntu ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə iddianın rədd edilməsi barədə mövqeyini iddiaçı tərəfdən mötəbər sübutların təqdim edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, təqdim olunan sübutlara, tərəflərin izahatlarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qətnaməsində cavabdehin nümayəndəsinin izahatı hissəsində qeyd etmişdir ki, “Cavabdeh2 tərəfindən digər cavabdeh tərəf olan Cavabdeh1 adına rəsmiləşdirilmiş, halhazırkı mübahisə predmeti olan bağışlanma müqaviləsi AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmasından imtina edilmişdir”. Müvafiq qurumun cavabdehin bağışlanma müqaviləsini qeydiyyata almamasına səbəb kimi iddiaçı tərəf İddiaçı adına reyesterdə qeydiyyata alınmış və bağışlanma müqaviləsində adı qeyd edilən reyesterdə seriya MH № ******* saylı, ********** qeydiyyat nömrəli mülkiyyətdən çıxarışın itirilməsinin səbəb olduğu əslində isə çıxarışın itirilmədiyi, həmin çıxarışın bağışlanma müqaviləsinin rəsmiləşdirildiyi 51 saylı notariat ofisində olması” barədə ifadələr qeyd edilsə də, bu məsələyə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. Məhkəmə “bağışlanma müqaviləsin” nin rəsmiləşdirildiyi 51 saylı notariat ofisinə məhkəmə sorğusu ünvanlayaraq, cavabdehin nümayəndəsinin fikirlərinin istinad edən halların doğruluğunu, eyni zamanda mübahisə predmeti olan bağışlanma müqaviləsinin adidiyyatı notariat ofisinin elektron sistemində hansı tarixdə və reyester nömrədə qeydiyyata alınması hallarını araşdırmalı idi. Bundan əlavə bağışlanma müqaviləsinin mübahisələndirildiyi halda nədənsə məhkəmə həmin müqaviləni rəsmiləşdirən Bakı şəhər 51 saylı Notariat ofisini cavabdeh qismində cəlb etməmişdir. Bundan əlavə məhkəmə aidiyyatı üzrə notariat ofisinə sorğu ünvanlayaraq notariat ofisin qeydiyyat kitabçasını tələb etməli və bağışlanma müqaviləsinin rəsmiləşdirildiyi tarixlə qeydiyyat kitabçasında aparılan qeydlərin doğruluğunu yoxlamalı idi. İddiaçının mülkiyyətçi olaraq iradə ifadəsi olmayan, itmiş çıxarışını yenilədikdən sonra bağışlanmaya dair etibarnaməni ləğv etdirməsi halları məhkəmə tərəfindən nəzərə alınmamış və iddiaçının mülkiyyət hüquqları kobud formada pozulmuşdur. Bundan başqa məhkəmə işin araşdırılması zamanı indiki Cavabdeh1 Bakı İnzibati Məhkəməsində AR ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia qaldıraraq mübahisəli bağışlanma müqaviləsini əsas gətirib reyesterdə mülkiyyətçi hüquqlarının qeydiyyata alınmasının imtinasının qanunsuz sayılmasın irəli sürdüyü inzibati tələbə dair Bakı İnzibati Məhkəmənin 2-1(112) -8800/2021 saylı, xx.xx.2021- ci il tarixli qərardadını nəzərə almamışdır. Hansı ki, həmin qərardadda məhkəmə cavabdehin xeyrinə bağlanmış bağışlanma müqaviləsinin reyesterdə qeydiyyata alınaraq, mülkiyyətçi hüququnun tanınmasına dair iddianı qeyri–mümkün hesab etmiş və buna əsas kimi bağışlanma müqaviləsinin etibarsız sayılan, reyesterdə qeydiyyatı silinən (iddiaçının əvvəlki adına qeydiyyata alınmış və hal-hazırda ləğv edilən çıxarış) çıxarış əsasında rəsmiləşdirilməsini göstərmişdir. Həmin qərardad isə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi kifayət qədər ziddiyyətli məqamlar mövcud olduğu halda məhkəmə iş üzrə səthi araşdırma aparmış və nəticədə ədalətsiz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, əlavə etdi ki, Quba Rayon Məhkəməsi iddianı təmin etməmiş və rəddin əsası kimi kifayət qədər sübut təqdim olunmamasını göstərmişdir. Birinci instansiya məhkəməsində iş üzrə lazımi araşdırılma aparılmamış, əqd mübahisələndirildiyi halda notariat orqanı cavabdeh qismində işə cəlb olunmamışdır. Dəfərlərlə tərəfindən notariusa sorğu verilsə də, sorğulara cavab verilmir və notariat işini əldə etmək mümkün deyildir. Məhkəmə işi araşdırarkən mövcud real halları təkzib edən hallar yaratmışdır. Belə ki, cavabdehlər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 4Ə- 654 reyestr nömrəli bağışlama müqaviləsi reyestrdən çıxarışla rəsmiləşdirilmişdir. İş materiallarında olan arxiv çıxarışından da görünür ki, həmin reyestrdən çıxarış itmiş və reyestrdən silinmişdir. Bağışlanma müqaviləsi həmin çıxarış üzərində mülki etibarnamə ilə rəsmiləşdirilmişdir. Notariat orqanı əqdi rəsmiləşdirərkən bu nüansları nəzərə almamışdır. Məhkəmə bu halları nəzərə almadan iddianı rədd etmişdir. Cavabdeh1 bağışlama müqaviləsinin qeydiyyata alınması və ona çıxarışın verilməsi öhdəliyinin reyestr xidmətinin üzərinə qoyulması barədə ərizəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qeyri-mümkün sayılmışdır. Bu qərardad apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Reyestr xidməti çıxarış verməkdən imtina edərkən bildirmişdir ki, əqd qüsurlu bağlanılmışdır. Göstərilən hallar apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən nəzərdən keçirilməli, şikayət təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin dəlilləri əsassızdır. Mübahisəli ünvana dair Çıxarış itməyib, notariat orqanındadır. Reyestr Xidməti isə itmiş sənədin yerinə dublikat sənəd vermək əvəzinə yeni qeydiyyat nömrəli çıxarış verib. Baki İnzibati Məhkəməsində qeyd olunan iddia tələbi qeyri-mümkün hesab edilmiş və qərardadın məzmunundan aydın olur ki, onlar ikinci qanunsuz qeydiyyatın ləğvi tələbi ilə məhkəməyə müraciət etməlidirlər. Həmin tələb üzrə icraat hazırkı işə görə Baki İnzibati Məhkəməsində dayandırılıb. İş üzrə birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmış və əsaslı qətnamə qəbul etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1665/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilsə də, iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi : Maddə 181.4 Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2 Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 667.1 Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Maddə 669 Nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. Maddə 670.1 Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Maddə 670.2 Hədiyyə verənin ölməsi halı üçün bağışlama vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir. Maddə 370.3 Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Əgər bağışlama müqaviləsi bağlandıqdan sonra hədiyyə alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini aşkar edərsə, öhdəliyin icrasından imtina edə bilər (670.4-cü maddə). Maddə 673.1 Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Maddə 673.2 Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda, vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə, vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. Maddə 673.3 İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Maddə 673.4 Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Bu Məcəllənin 337.3-337.4-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-340.2-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 119.1-ci. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan MH seriyalı, 177313 saylı qeydiyyat vəsiqəsindən və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında 2 otaqlı mənzil İddiaçı mülkiyyətində olmuşdur. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsində yerləşən evin 292 saylı mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, 321 M9 m2) xx.xx.2021 -ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı adına Bakı şəhəri, Nizami rayonu. Bəhruz Nuriyev küçəsi, ev 33, 20 saylı mənzil xx.xx.1999-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. (İddiaçı 51 saylı DNK-nın 4ə-654 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 33, 20 saylı mənzili Cavabdeh1 bağışlamışdır, lakin sözügedən müqavilə dövlət reyestrində qeydiyyatdan keçməmişdir.) İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, ev 16, 9 saylı mənzil xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin 51 saylı notariat kontorunun 4Ə-834 reyestr nömrəli xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1n adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı adından X13 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi.ev 33,mənzil 20 ünvanında 2 otaqlı mənzili tam mülkiyyət üzrə hədiyyə verən İddiaçı hədiyyə alan Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan X6 notariat qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, arvadı İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi.ev 33,mənzil 20 ünvanında 2 otaqlı mənzilin satılmasına, bağışlamasına etiraz etmir. İş materiallarında olan Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin təhqiqatçısı tərəfindən tərtib edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 31 yanvar 2021-cı il tarixi Qərardan görünür ki, ünvan 4 ünvanında 2 otaqlı mənzilin faktiki olaraq Cavabdeh1 məxsus olması müəyyən olunsa da, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində göstərilmiş etibardan sui-istifadə halları müəyyən olunmamış, tərəflər arasında baş vermiş hadisənin ailə daxili münasibətlər zəmnində baş vermiş mülki münasibətlərdən irəli gələn münasibətlər olması müəyyən olunmuşdur. Ona görə də, Cavabdeh1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər (339.1). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (339.2). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (339.3). Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır (339.4). Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “Notariat haqqında” AR Qanununun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərindən çıxış edərək qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən mübahisələndirilən bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulan əsaslardan heç biri mövcud deyildir. Belə ki, İddiaçı etibarnamə üzrə səlahiyyətlərini Cavabdeh2 etibar edən zaman əqli-iradəsi yerində olmuş və mübahisələndirilən bağışlanma müqaviləsinin predmeti olan ünvan 4 ünvanında 2 otaqlı mənzil cavabdeh tərəfindən iddiaçının adından sonuncunun bacısı Cavabdeh1 bağışlanmışdır. Bağışlanma müqaviləsinin əhəmiyyətsiz olması üçün iş materillarından hər hansı bir sübut mövcud deyil. Bundan başqa, işdən görünür ki, İddiaçı əqdin etibarsızlığı barədə hazırkı iddianı qaldırarkən qanunla müəyyən edilmiş tələb etmə müddətini də ötürmüşdür ki, bu hal da iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, mübahisələndirilən əqd xx.xx.2017-ci il tarixdə imzalanmışdır, iddiaçı isə hazırkı tələblə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Sadalanan normaların hazırkı işə tətbiqi baxımından məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı mübahisəli əqdin artıq etibarsızlığını məhkəmədə mübahisələndirmək hüququnu da itirmişdir. Göstərilənlərə əsasən, kollegiya qeyd edir ki, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, mövcud əqdin bağlanması zamanı Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmiş və mülki qanunvericilikdə nəzərdə tutulan şərtlər pozulmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə tamamilə düzgün hüquqi nəticəyə gəlmişdir. İş materiallarında məlum bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə dair hər hansı mötəbər sübut mövcud deyil. İddia tələbi təmin edilmədiyindən, apellyasiya şikayətinin digər hissədə (4Ə-654 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin rəsmiləşdirilməsində iştirak edən tərəflərin, habelə Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu barədə xüsusi qərardad çıxarılması) təmin edilməsinə də zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1665/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar