Məhkəmə qərarları › İş №2(105)-443/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-443/2022

11.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-443/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı İddiaçı və cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(060)-7736/2021 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(060)-7736/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə Gecəqonduda yerləşən fərdi yaşayış evinə müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 185 (bir yüz səksən beş) manat 73 (yetmiş üç) qəpik məbləğində borc və əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat məbləğində cərimənin silinməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən narazı qalan cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(060)-7736/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən faktiki olaraq onun istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, maral Göl üzrə Gecəqonduda yerləşən fərdi yaşayış evinə dair aktın əsasında əsassız olaraq hesablanmış 216 manat məbləğində cərimənin və sayğacın dəyəri kimi tələb olunan 185,73 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasinın iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmənin qətnaməsi əsassızdır. Belə ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz. 1-ci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinə əsasən iddiaçı Sumqayıt şəhəri abonenti İddiaçı hesablanmış 216,00 manat məbləğində cərimə borcunun və 185,73 manat sayğacın dəyərinin silinməsini qət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir”. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edir ki, iş materiallarında yer alan 23.08.2021-ci il tarixli, ******* saylı akt əsasında təsdiq edilmiş 25.08.2021-ci il tarixli tələbnamədə də öz əksini tapan 2160 m3 qeydə alınmayan və itirilmiş təbii qazın dəyəri əsasında hesablanmış 216,00 manat dəymiş ziyan məbləğinə birinci instansiya məhkəməsi cərimə kimi hüquqi qiymət vermişdir. Daha sonra isə cərimə borcu kimi qələmə verdiyi məbləğin silinməsinə dair qətnamə qəbul etmişdir. Belə olmasaydı birinci instansiya məhkəməsi itirilmiş təbii qazın dəyərini cərimə ilə səhv salmazdı. Göründüyü kimi məhkəmə MM-nin 462.1, 463.1, 467-ci maddələri düzgün tətbiq etməmişdir. Qeyd olunan maddi hüquq normalarını məhkəmə qətnaməsində qeyd etməmiş, cərimə ilə dəymiş maddi ziyanı səhv salaraq düzgün olmayan qətnamə qəbul etmişdir. Bildirir ki, iddiaçıya aid olan **********01000 abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Buna əsas kimi iş materiallarında olan sübutlara istinad etmişdir, yəni iş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş 23.08.2021-ci il tarixli, ******* saylı «Təbii X3nın pozulması» haqqında aktda, hansı ki, iddiaçıya məxsus abonent kodu verilmiş fərdi yaşayış evinə baxış keçirilən zaman sayğacın çıxış plastmas borusu deşilməsinin aşkar edilməsi əsası ilə tərtib edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş 25.08.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə, hansı ki, qeydə alınmamış itirilmiş təbii qazın həcmini 2160 m3 hesablanmasını əks etdirmişdir. Digər tərəfdən 1-ci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər saldoya əsasən abonentin ödənişləri demək olar yoxdur. Çox güman ki, iddiaçı bunu həmin evdə yaşayış olmaması ilə əlaqələndirmişdir. Lakin məhkəmə cavabdehin iştirakını təmin etsə idi və bir baxışa teztələsik qətnamə qəbul etməsə idi, cavabdeh olaraq iddiaçının məhkəməyə uydurma izahat verməsini sübut edər, onun məhz sayğaca müdaxilə nəticəsində bu vəziyyətə salınmasını sübuta yetirərdilər. Göründüyü kimi iş materiallarında yer alan, mübahisələndirilən qətnamədə də öz əksini tapan və məhkəmənin istinad etdiyi sübutlar iddianın təmin edilməsinə yox, iddia tələbinin rədd edilməsinə əsasdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021ci il tarixli, 2(060)-7736/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, evi qaz sərfiyyatı baxımından az sərfiyyatlı olması ilə qonşulardan seçilir. Məhz bu səbəbdən hazırki mübahisə yaranıb. Onlar mövsümi işlə əlaqədar demək olar ki, evdə olmur, həftə sonları oğlu işdən evə gələrək qazı yandırır və divarları qurudur. Bu səbəbdən aylıq 11-12 manatlıq qaz sərfiyyatı olur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(060)- 7736/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən İddiaçı ünvanlandığı 30.08.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvanında olan G-4 markalı 1102A**********80 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyəəsasən ünvanından çıxarılmış sayğacın çıxış plastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş Sayğacın dəyəri 185,73 manat ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X2 müraciət olunacaqdır. İş materiallarında olan 25.08.2021-ci il tarixli “Azəriqaz” İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2160 m3. İş materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş “Təbii X3nın pozulması haqqında” № ******* saylı, 23.08.2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 22, mənzil 100-ə aid sayğac 10.08.2021-ci il tarixdə Dövlət Yoxlamasına gətirilmiş Metrologiya Departamenti sayğacların müayinəsi laborotoriyasının rəyinə görə G-4 markalı 1102A**********80 nömrəli məişət qaz sayğacın yivli birləşmələri koroziyaya uğrayıb. Sayğacın çıxış plastmas borusunun deşilməsi halı aşkar edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin 16 avqust 2021-ci il tarixli, MSK 29/1710- 03091-1 saylı aktın surətindən görünür ki, “Azəriqaz” İB-nin SOCAR **********30991710X03091 saylı, 30 iyul 2021-ci il tarixli telefonoqramına əsasən 30 iyul 2021-ci il tarixində əhali sektorunda istismarda olan Sumqayıt QİS-dən Metrologiya Departamentinə gətirilmiş G-4 markalı 1102A**********80 nömrəli məişət qaz sayğacın yivli birləşmələri koroziyaya uğrayıb. Sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən edilmişdir. “X3"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsa idi, nəzərdə tutulmuş sayğacın dəyərinin İddiaçı tələb edilməsi qanuni olardı. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Sumqayıt Qaz İdarəsi daşıyır. Buna görə məhkəmə hesab etmişdir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyi üçün iddiaçıya sərfiyyat əsasında hesablanmış 216 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Müəyyən edilmişdir ki, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Bundan əlavə “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən İddiaçı ünvanlandığı 30.08.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvanında olan G-4 markalı 1102A**********80 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyəəsasən ünvanından çıxarılmış sayğacın çıxış plastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş Sayğacın dəyəri 185,73 manat ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X2 müraciət olunacaqdır. Məhkəmə hesab etmişdir ki, sayğacın dəyəri kimi iddiaçının ünvanına hesablanmış 185,73 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş “X3”nın 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və 4.2-ci bənsinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə Gecəqonduda yerləşən fərdi yaşayış evinə müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 185 (bir yüz səksən beş) manat 73 (yetmiş üç) qəpik məbləğində borc və əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat məbləğində cərimə silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, məhz iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçı olaraq iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımadığından, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan borcun hesablanması əsassız olduğu üçün həmin borcun silinməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgündür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdehin nümayəndəsi apelyasiya şikayətində akt tərtib olunmuş ünvan üzrə borcun iddiaçı tərəfindən yarandığını sübut edə bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(060)-7736/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(060)-7736/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar