Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-443/2024 17.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Hacıyev Vahid Məcid oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçılar İddiaçı1, Deniz Hamzanın və İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, Deniz Hamzanın və İddiaçı3 cavabdeh “X5” MMC-yə qarşı orta əmək haqqının, son haqq-hesabın və gecikdirilmiş günlərə görə ödəncin tutulması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(059)- 24/2023 nömrəli qətnaməsindən cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddianın qismən təmin edilməsi, cavabdeh “X5” MMC-dən iddiaçılar İddiaçı1, Deniz Hamzanın və İddiaçı3 xeyrinə ayrı-ayrılıqda ödənilməmiş son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və işçiyə ödənilməli əmək haqqı) verilməklə, həmin MMC-dən onların hər biri üçün gecikdirilmiş 365 günə münasibətdə əmək haqqının bir faizi məbləğində ödənc hesablanaraq, tutulması, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya xidmətinin göstərilməsi üzrə ümumilikdə ödənilmiş 180 manat məhkəmə xərcinin 50 %-i, yəni 90 manatı cavabdeh “X5” MMC-dən tutularaq, iddiaçılar İddiaçı1, Deniz Hamzanın və İddiaçı3 xeyrinə ayrı-ayrılıqda 30 (otuz) manat miqdarında ödənilməsi qət edilmişdir. Cavabdeh “X5” MMC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, Deniz Hamza və İddiaçı3 cavabdeh “X5” MMC-yə qarşı orta əmək haqqının, son haqq-hesabın və gecikdirilmiş günlərə görə ödəncin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqlarının, məzuniyyət haqlarının, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş qaydada hesablanmış ödəncin, 180 manat ödənilmiş mediasiya xərcinin, ödənilmiş 50 manat dövlət rüsumunun, ümumilikdə yaranmış borc məbləğinin cavabdehdən tutulub iddiaçıların hesablarına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçılar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 36374,47 manat məbləğində pul vəsaitinin İddiaçı1, 36763,25 manat məbləğində pul vəsaitinin Hamza Denizin, 6361,43 manat məbləğində pul vəsaitinin İddiaçı3 hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 21 iyun 2013 - 20 avqust 2021-ci il, Deniz Hamza 17 oktyabr 2013 - 20 avqust 2021-ci il, İddiaçı3 isə 30 mart 2020 - 21 avqust 2021-ci il tarixlər ərzində “X5” MMC-də müxtəlif vəzifələrdə çalışmış, habelə tərəflər arasında bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsi ilə 20 və 21 avqust 2021-ci il tarixlərində xitam verilmişdir. Tərəflər arasında bağlanmış əmək müqavilələrinə xitam verilərkən həmin məcəllənin müxtəlif imperativ normaları pozulmuş və işəgötürən tərəfindən işçilərə sonuncu haqq-hesab haqları verilməmişdir. Bundan sonra, tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 müraciət olunmuş, müraciətlərə əsasən X3 Xidməti Sumqayıt Regional və X3 Xidməti Quba Regional Şöbələri tərəfindən 26 yanvar 2022-ci il tarixli və 01 oktyabr 2021-ci tarixli məktublarla X5” MMC-nin rəhbəri X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən MN1051552 və MN0687750 saylı protokalların tərtib olunması barədə məlumat verilmişdir. İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə 21 avqust 2021-ci il tarixdə xitam verilməsinə baxmayaraq, bu günədək əmək müqaviləsinə xitam əmrinin surəti, əmək kitabçası ona təhvil verilməmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.6-cı maddəsinə əsasən ödənişlər edilməmişdir. Göründüyü kimi “X5” MMC təqsirindən 1 il olar iddiaçılar əmək haqlarını ala bilmirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 290-cı maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. İddiaçı1 ilə “X5” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəlki 12 ay üçün 7080 manat məbləğində vəsait onun kart hesabına köçürülməli olduğu halda 4002 manat məbləğində pul vəsaiti köçürülsə də, “X5” MMC tərəfindən 3078 manat məbləğində pul isə bu günə qədər köçürülməmişdir. Bundan başqa, İddiaçı1 ilə bağlanmış əmək müqaviləsi üzrə bu günə qədər istifadə edilməmiş əmək məzuniyyətləri üçün ödənilməli olan 4744,47 manat məbləğində pul vəsaiti əmək müqaviləsinə xitam verilərkən hesaba köçürülməmişdir. Odur ki, “X5” MMC-nin İddiaçı1 7822,47 manat borcu yaranmışdır (7822,47 x 1:100 x 365=28552). Deniz Hamza ilə “X5” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəlki 12 ay üçün 6612 manat məbləğində vəsait onun kart hesabına köçürülməli olduğu halda 3092 manat məbləğində pul vəsaiti köçürülsə də, “X5” MMC tərəfindən 3520,00 manat məbləğində pul isə bu günə qədər köçürülməmişdir. Bundan başqa, Deniz Hamza ilə bağlanmış əmək müqaviləsi üzrə bu günə qədər istifadə edilməmiş əmək məzuniyyətləri üçün ödənilməli olan 4386,25 manat məbləğində pul vəsaiti əmək müqaviləsinə xitam verilərkən hesaba köçürülməmişdir. Odur ki, “X5” MMC-nin Deniz Hamzaya 7906,25 manat borcu yaranmışdır (7906,25 x 1:100 x 365=28857). İddiaçı3 ilə “X5” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəlki 12 ay üçün 7845 manat məbləğində vəsait onun kart hesabına köçürülməli olduğu halda 7470 manat məbləğində pul vəsaiti köçürülsə də, “X5” MMC tərəfindən 375 manat məbləğində pul isə bu günə qədər köçürülməmişdir. Bundan başqa, İddiaçı3 ilə bağlanmış əmək müqaviləsi üzrə bu günə qədər istifadə edilməmiş əmək məzuniyyətləri üçün ödənilməli olan 455,43 manat məbləğində pul vəsaiti əmək müqaviləsinə xitam verilərkən hesaba köçürülməmişdir. Odur ki, “X5” MMC-nin İddiaçı3 830,43 manat borcu yaranmışdır (830,43 x 1:100 x 365=3031). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.6-cı maddəsinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin İİİ hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Odur ki, “X5” MMC son 5 ay ərzində İddiaçı3 iş tapmasında maneə yaratdığı üçün 2500 manat məbləğində əlavə ödənc verməyə borcludur. Bundan başqa, bu günə qədər İddiaçı3 Əmək Məcəlləsinin 83-cü maddəsinin İİ hissəsinin tələbləri pozularaq, xitam əmri və əmək kitabçası təqdim edilməməklə İddiaçı3 yeni iş yeri üzrə əmək müqaviləsi bağlanılmasında aşkar çətinliklər yaradılmışdır. Həmin Məcəllənin 83-cü maddəsinin İİ hissəsində “Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir” qeyd olunmuşdur. Bundan sonra, İddiaçı3 dəfələrlə şifahi müraciətlər etməsinə baxmayaraq, nəticə əldə edə bilmədiyi üçün “X5” MMC baş ofisinə yaxınlaşsa da, bu zaman şirkətin rəhbəri tərəfindən əmək kitabçasının süni şəkildə imzalanmaması kitabçanın əldə edilməsinə mane yaratmışdır. Bu günə qədər də əmək kitabçası əldə edilməmişdir. Eyni zamanda, İddiaçı1 əmək müqaviləsi üzrə satınalma departamentinin direktoru olarkən "xxxx" ASC ilə bağlamış olduğu 29 iyun 2020- ci il tarixli, CP/85210/75/11 saylı kredit müqaviləsinə əsasən 5000 manat kredit əldə etmiş, bundan sonra 2021-ci il ərzində “X5” MMC tərəfindən istər əmək müqavilələrinin, istərsə də Əmək Məcəlləsinin tələbləri pozularaq əmək haqlarını ay ərzində müxtəlif vaxtlarda az-az, lakin tam olmamaq şərti ilə işçilərin kart hesablarına köçürməyə başlanmışdır. Bu isə "xxxx" ASC qarşısında borc müqaviləsi üzrə İddiaçı1 üzərinə düşən öhdəlikləri tam icra edə bilməməsinə, son aylarda isə tam icra edə bilməməsinə səbəb olmuşdur. Şəlalə Dənizin əri Deniz Hamzanın da “X5” MMC-də əmək müqaviləsi üzrə fəaliyyət göstərdiyi nəzərə alınsa, Əmək Məcəlləsinin tələblərinin kobud şəkildə pozulmasının ailəyə nə qədər maddi və mənəvi zərər vurduğu aydın görünür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “X5” MMC Siyəzən Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində də məhz Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinad edilmişdir. Halbuki indiki halda cavabdehin hərəkətlərinin bu maddənin təsir dairəsinə düşəcək hər hansı hüquq pozuntusuna yol açdığına dair qətnamədə heç bir əsaslandırılma aparılmamışdır. Habelə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərarında qeyd edilən halların da indiki mübahisəyə tətbiq edilməsi qanunazidd olmuşdur. İşçi hüququnun pozulduğunu bildiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İndiki halda isə iddiaçılar tərəfindən iddia müddəti ötsə də təəssüflər olsun ki, məhkəmə tərəfində qanunun müddəası düzgün tətbiq edilməmiş və ötürülmüş iddia müddəti üzrə əsassız qətnamə qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə iddiaçının hüquqları kobudcasına pozulmuş, ard-arda bir neçə qanunvericilk normasına zidd addım atılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı Deniz Hamza apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh “X5” MMC-yə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini yaranmış son haqq-hesab borcu cavabdeh MMC tərəfindən iddiaçılara ödənilmədiyindən, beləliklə də, cavabdeh MMC, iddiaçılar qarşısında yaranmış öhdəliyini pozduğundan, sonuncuların həmin MMC-nin keçmiş işçiləri kimi son haqq-hesablarının aparılmasını, eləcə də həmin ödənişlərin gecikdirildiyi üçün əlavə ödəncin icra edilməsini tələb etmək hüquqlarının yaranması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İddiaçı1 21 iyun 2013-cü il tarixdə “X5” MMC-də direktorun köməkçisi işinə qəbul edilməsi, 08 oktyabr 2018-ci il tarixdə biznes əlaqələri və müqavilələri üzrə mütəxəssis, 03 yanvar 2019-cu il tarixdə “Xarici münasibətlər və koordinasiya şöbəsinin müdiri”, 03 sentyabr 2019- cu il tarixdən 20 avqust 2021-ci il tarixə kimi MMC-də “Satınalma departamentinin direktoru” vəzifəsində çalışması, qeyd edilən sonuncu tarixdə əmək müqaviləsinə xitam verilməsi, Denoz Hamzanın 17 oktyabr 2013-cü il tarixdən 20 avqust 2021-ci il tarixə kimi “X5” MMC-də sistem adminstratoru vəzifəsində çalışması, qeyd edilən sonuncu tarixdə əmək müqaviləsinə xitam verilməsi, 24 yanvar 2022-ci il tarixdən "xxxx" MMC-nin direktoru qismində işləyən İddiaçı3 30 mart 2020-ci il tarixdən 21 avqust 2021-ci il tarixə kimi “X5” MMC-də mühasib vəzifəsində çalışması işin mübahisəsiz halıdır. Mövcud iş üzrə mübahisələndirilən hissədə iddia tələbi son haqq-hesabın və gecikdirilmiş günlərə görə ödəncin tutulması barədədir. İddia tələbinin qanuni əsasını isə Əmək Məcəlləsinin 83.2, 144.2, 154, 172.4, 172.5-ci maddələri nəzərdən keçirilə bilər. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-9/8091/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli məlumatına əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Həmin məlumatda məhkəmə ekspertizasının aparılmasından imtina edilməsinə əsas olaraq İddiaçı1, Deniz Hamzanın və İddiaçı3 “X5” MMC-də işlədikləri dövrdə aylar üzrə onlara hesablanmalı olan və faktiki halda hesablanmış əmək haqqı barədə məlumat, (tam açıqlanması ilə- vergilərə, DSMFyə, həmkarkar ittifaqına və digər tutulmalar göstərilməklə, möhürlü yə imzalı), tabel uçot vərəqələri, ödəniş sənədləri, əmək müqavilələri, əmək haqqı və məzuniyyət barədə əmrlər, məzuniyyət və digər hallar üzrə əmr və hesablanlası üzrə məlumat, xəstəlik vərəqələri və məlumatlar, son haqq hesab hesablanması barədə məlumatın olmamasıdır. Mülki iş materiallarda olan məktubda “X5" MMC-nin satılması səbəbindən arxiv sənədlərinin “X6” MMC-yə təhvil verildiyi və sonradan məhv edildiyi bildirilmişdir. Bununla da ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün vəsatətdə göstərilən əlavə materialların zəruriliyini nəzərə alaraq ekspertiza tədqiqatının aparılması mümkün olmaması göstərilmişdir. Bu baxımdan məhkəmə kollegiyası tərəfindən İddiaçı1, Deniz Hamzanın və İddiaçı3 “X5” MMC-də işlədikləri dövrdə aylar üzrə onlara hesablanmalı olan və faktiki halda hesablanmış əmək haqqı barədə məlumat, (tam açıqlanması ilə- vergilərə, DSMFyə, həmkarkar ittifaqına və digər tutulmalar göstərilməklə, möhürlü yə imzalı), tabel uçot vərəqələri, ödəniş sənədləri, əmək müqavilələri, əmək haqqı və məzuniyyət barədə əmrlər, məzuniyyət və digər hallar üzrə əmr və hesablanlası üzrə məlumat, xəstəlik vərəqələri və məlumatlar, son haqq hesab hesablanması barədə məlumat “X5” MMC tərəfindən məhkəmə kollegiyasına təqdim edilməsi barədə qərardad qəbul edilmiş, lakin cavabdeh tərəfindən həmin sənədlər məhkəmə kollegiyasına təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən də müvafiq sənədlər cavabdeh MMC-dən tələb olunsa da, cavabdeh məhkəməni eyni məzmunlu məktubla cavablandırmaqla kifayətlənmişdir. Göründüyü kimi cavabdeh MMC-nin keçmiş işçiləri, hazırkı iş üzrə iddiaçıların son haqq-hesablarını ödəməkdən yayınması X3 Xidmətinin Quba regional ərazi şöbəsinin 27 sentyabr və 01 oktyabr 2021-ci il tarixli məktubları ilə də öz təsdiqini tapmışdır. İddia müddətinin tətbiqi barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar mövcud ərizəni xx.xx.2022-ci ildə aidiyyəti poçt qurumuna təhvil verdiklərindən edilməsi üçün müddət müəyyən edilmiş hərəkəti vaxtında icra etdiklərindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıların Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində göstərilən 1 illik müddəti ötürmədikləri qənaətinə gəlmişdir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Qeyd olunan normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Bu qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-443/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-443/2024
17.12.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver