Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-446/2022 13.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 25.10.2021-ci il tarixli, 2(060)-7964/2021 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 25.10.2021-ci il tarixli, 2(060)-7964/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Sumqayıt şəhəri, məhəllə 41A ünvanında yerləşən, ev 2A, mənzil 25-də (abonent kodu: **********10250) əsassız olaraq hesablanmış 216 manat məbləğində cərimə borcu və 64,67 manat məbləğində sayğacın dəyəri olan borc, cəmi 280,67 manat məbləğində borcun silinməsi qət edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.06.2021-ci il tarixli, ******* nömrəli akta əsasən abonent saldosunda göstərilən 216 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 64,67 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, məhəllə 41A ünvanında yerləşən, 2A saylı evin 25 saylı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu 03.09.2019-cu ildə verilmiş çıxarış təsdiq edir. “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən mənzilinə xidmət edən mexaniki tipli təbii qaz sayğacı çıxarılaraq, əvəzinə yeni mexaniki tipli qaz sayğacı quraşdırılmışdır. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” 06.05.2021-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Mənzilindən çıxarılmış qaz sayğacı İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarının kalibirləmə laboratoriyasında yoxlanılmış və 17.06.2021-ci il tarixli, MSK-29/1710-02437-1 saylı akta əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının ekranının alt hissəsində iz olduğu və çıxış plastmas borusunun deşildiyi müəyyən edilmiş, ona görə də sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.06.2021-ci il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən sayğacın dəyərinə görə 64,67 manat borc hesablanmışdır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan 216 manatı əsassız hesab edir. Aktların tərtibində iştirak etməmiş və aktları imzalamamışdır. Onun mənzilinin qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə o, günahkar deyildir. Bu səbəbdən də tələb olunan məbləği əsassız hesab edir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən birliyin balansında və istismarında olan **********10250 saylı abonent kodu verilmiş iddiaçının yaşayış evinə quraşdırılmış qaz sayğacına ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plastmas qapağının ekranının alt hissəsində iz olduğu və çıxış plastmas borusunun deşildiyi müəyyən edilmişdir. Bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.06.2021-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Sayğac yoxlanışdan keçirilərkən sadəcə zədələndiyi deyil, müdaxilə edilərək sayğacın çıxış plastmas borusunun deşildiyi və sayğacın hesablama mexanizminin plastmas qapağının ekranının alt hissəsində iz olması aşkar edilmişdir. Göründüyü kimi, iddiaçı qanuna zidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir və sayğacdan keçən təbii qazın dəyərini tam ödəməmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, iddiaçı tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır, qaz sayğacı pilləkən meydançasında quraşdırılmış, xüsusi qutuya da yerləşdirilməmişdir. İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, məhəllə 41A ünvanında yerləşən, 2A saylı evin 25 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 03.09.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 06.05.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, məhəllə 41A ünvanında yerləşən, 2A saylı evin 25 saylı mənzilinə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin 29.06.2021-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, İddiaçı yaşadığı mənzilə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin plastmas qapağının ekranının alt hissəsində iz olduğu və çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin 29 iyun 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Sumqayıt şəhəri, məhəllə 41A ünvanında yerləşən, 2A saylı evin 25 saylı mənzili üzrə (abonent kodu **********10250) itirilmiş qazın sərfiyyatı 2160 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, Sumqayıt şəhəri, məhəllə 41A ünvanında yerləşən, 2A saylı evin 25 saylı mənzili üzrə (abonent kodu **********10250) akta görə borc 216 manat təşkil edir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı ünvanlanmış 10.09.2021-ci il tarixli sayğacın dövlət yoxlamasının bildirişinin surətindən görünür ki, ünvanında olan G-2.5 markalı, ******* nömrəli məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının ekranının alt hissəsində iz olduğu və çıxış plastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir, müdaxilə edilmiş sayğacın dəyəri olan 64,67 manatın ödənilməsi tələb edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı mənzilin qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilərkən sayğacın hesablama mexanizminin plastmas qapağının ekranının alt hissəsində iz olduğu və çıxış plastmas borusunun deşildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin mənzilinə quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, iddiaçının yaşadığı mənzilin qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. Həmin yer ictimai yer hesab olunduğundan, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25.10.2021-ci il tarixli, 2(060)-7964/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-446/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-446/2022
13.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver