Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-45/2021 25.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəs ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh Cəlil oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh Cəlil oğluna qarşı magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2018-ci il tarixli, 2(060)-580/2018 saylı qətnaməsindən iddiaçı AR Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Əliyev) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh Cəlil oğluna qarşı magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi barədə tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı AR Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Məmmədov, hakimlər Z.Məmmədov, A.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı AR Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Dəmirov, hakimlər A.İsgəndərov, Ə.Əhmədov) iddiaçı AR Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi kassiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ İddiaçı “Qaz İxrac” İdarəsi Cavabdeh Cəlil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsi, Abşeron Magistral X6 balans və istismarında olan 530 mm diametrli “Sumqayıt-Yaşma” yüksək təzyiqli (6 atm) magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma bağlar massivi adlanan ərazisindən keçən hissəsində, kəmərin mühafizə zonasında Cavabdeh Cəlil oğlu tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayın evinin onun hesabına sökülməsi, mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan 530 mm diametrli “Sumqayıt-Yaşma” yüksək təzyiqli (6 atm) yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma bağlar massivi adlanan ərazisindən keçən hissəsində, kəmərin mühafizə zonasında daş hasar və fərdi yaşayış evi inşa edilmişdir. Kəmərin mühafizə zonasında yerləşən müxtəlif təyinatlı tikililərin qarşısının alınması və ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün bir çox dövlət orqanlarına rəsmi müraciət olunmuşdur. Sumqayıt şəhəri, Yaşma bağlar massivi adlanan ərazidə 530 mm diametrli “Sumqayıt- Yaşma” yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin mühafizə zonasında X3 tərəfindən, kəmərdən “0” metr məsafə aralıda daş hasar və fərdi yaşayış evinin inşa edilməsi barədə 07 aprel 2017-ci il tarixdə 5 saylı XİX-in əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikintiquraşdırma işlərinin aparılması qəti qadağandır. Cavabdeh Şəmşəddin Əhmədovun mühafizə zonasında inşa etdiyi tikili həm özü, həm də ətrafdakılar üçün təhlükə mənbəyi hesab olunur. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “Qaz İxrac” İdarəsi Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, “Qaz İxrac” İdarəsinin əməkdaşı sonuncu dəfə məhkəmə iclasında 30 yanvar 2018-ci il tarixdə iştirak etmiş, növbəti məhkəmə iclasının təyin edilmə tarixi və vaxtı barədə ona məhkəmə bildirişi təqdim edilməmişdir. Qətnamədə də göstərilir ki, 02 fevral 2017-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu isə onu göstərir ki, qətnamə elan edilərkən iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Sumqayıt şəhərinin “Yaşma” bölgəsindəki “Sintez” kollektiv bağçılıq yoldaşlığına təhkim edilmiş torpaq sahəsinə aid 1:2000 miqyasında yerquruluşu xəritəsində 169 saylı bağ sahəsinin yerləşməsinin sxematik planından çıxarışın, 569 saylı bağçılıq üzvlük kitabçasının, 23 sentyabr 1988-ci il tarixli “Sintez” bağçılıq yoldaşlığının İdarə heyətinin 02 saylı protokolundan çıxarışın surətinin məhkəmə tərəfindən iş materiallarına əlavə olunduğu qeyd olunsa da, həmin sənədlərin mövcudluğu barədə iddiaçı “Qaz İxrac” İdarəsinə məlumat verilməmişdir. Əgər həmin sənədlərin mövcudluğu barədə məhkəmə iclasında onlara məlumat verilmiş olsaydı, məhkəmə icraatı zamanı həmin 169 saylı bağ sahəsinin yerləşməsinin sxematik planından çıxarışda qeyd olunan 30 m x 20 m ölçüsündəki həmin torpaq sahəsində hər hansı tikintiyə icazə verilməməsinə dair fikirlərini məhkəmə iclasında elan edər, eləcə də həmin sənəd əsasında bağ torpaq sahəsinə cavabdehin mülkiyyət hüququnun tanınmamasını bildirərdilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə görə boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Həmin Qaydaların 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Cavabdeh Cəlil oğlu tərəfindən magistral qaz kəmərinin mühafizə zonasında daş hasarın və fərdi yaşayış evinin inşa edilməsinə və tikintinin yerləşdiyi torpaq sahəsinin cavabdehə ayrılmasına Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və onun yerli orqanları razılıq verməmişdir, qanunsuz tikilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İzahatına əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətində olub-olmaması barədə iddia tələbi ilə məhkəməyə müraciət edilməsinə zərurət yoxdur, mübahisəli torpaq sahəsində tikilinin olması təhlükə yaratdığından, həmin tikililərin sökülməsini tələb edirlər. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh Cəlil oğlu apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini mübahisəli torpaq sahəsinin üzərində cavabdehin sahiblik və istifadə hüququnun olması, qaz xətlərinə nəzarəti həyata keçirən orqan tərəfindən həmin evin inşasının qarşısının alınması istiqamətində heç bir addımın atılmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən apellyasiya instansiyası məhkəmə kollegiyası qətnaməsində “əgər mübahisəli evin yerləşdiyi torpaq sahəsi üzərində cavabdehin sahiblik, istifadə və sərəncam hüquqlarının qeydiyyatı əsassız hesab edilərsə və həmin qeydiyyatın saxlanlması nəticəsində həqiqətən iddiaçı təşkilatın hər hansı hüququ pozulmuş olarsa, hüququna toxunulmuş şəxs kimi iddiaçı təşkilat ilk növbədə torpaq sahəsinə dair cavabdehin adına verilmiş hüquq mliəyyənedici sənədləri ayrıca məhkəmə qaydasında miibahisələndirə bilər” qeyd etsə də, lakin bu hüquqdan istifadə etməsi üçün iddiaçıya hər hansı bir şərait yaratmamış, onun belə bir iddia qaldırmaq hüququna malik olması və bu zaman hazırkı iş üzrə icraatın dayandırılmalı olması barədə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilməmiş və bununla da apellyasiya instansiyası məhkəmə kollegiyası AR MPM-nin 14.1-ci maddəsinin tələblərini pozduğunu, iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan sonra cavabdehin torpaq sahəsinə hüquqlarını 12 mart 2018-ci il tarixdə, yəni iddia qaldırıldıqdan 4 aydan çox vaxt keçdikdən və məhkəmə qətnaməsindən sonra qeydə alındığını, həmin ərazidə yüksək gərginlikli qaz xəttinin (qaz borularının) mövcud olubolmamasını, eyni zamanda həmin ərazidə təhlükəsizlik zolağının müəyyən edilibedilməməsi məsələsi araşdırılmaqla nəticəsinə uyğun qiymət verilməli olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər (Qaz təhcizatı haqqında Qanunun 19-cu maddəsinin 1-ci bəndi). Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur (bax: L.C.B. Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə 9 iyun 1998-ci il tarixli qərara; Kalvelli və Çiqlio İtaliyaya qarşı; Eriksson İtaliyaya qarşı, 26 oktyabr 1999; Leri və başqaları Fransaya qarşı, 16 yanvar 2001). Məhkəmə kollegiyası tərəfindən iddiaçının nümayəndəsi Ruslan Nəzərovdan cavabdehin mülkiyyətində olan torpaq sahəsinə dair çıxarışın mübahisələndirilməsi ilə bağlı iddia qaldırılıb-qaldırılmaması məsələsini soruşduqda, iddiaçının nümayəndəsi belə bir iddia qaldırılmasına lüzum olmadığını, torpaq sahəsində olan tikilinin mühafizə zonasında yerləşməsi təhlükə yaratdığından, bu səbəbdən tikilinin sökülməsi barədə iddia tələbi qaldırılmışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (MPM-nin 14.1. maddəsi). Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etmiş, "xxxx" MMC-nin 15 mart 2021-ci il tarixli 04 №li mütəxəssis rəyinə əsasən iş materiallarında olan torpağın plan sxemi nəzərə alınmaqla Sumqayıt şəhərinin Yaşma bağları ərazisində yerləşən “Sintez” kollektiv bağçılıq yoldaşlıq tərəfindən cavabdehin istifadəsinə verilmiş Sumqayıt şəhəri, Yaşma bağları massivi ərazisində sahəsi 1:2000 miqyasında yerquruluşu xəritəsində 169 saylı, 30m x 20m ölçüsündə bağ sahəsinin naturada faktiki vəziyyəti müəyyən edilərkən məlum oldu ki, sxemə əsasən həmin ərazi 168 saylı bağ torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh Cəlil oğlunun istifadəsində olan “Sintez” kollektiv bağçılıq yoldaşlıq tərəfindən verilmiş Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində inşa edilmiş daş hasar və metal çəpər “Sumqayıt – Yaşma” yüksən təzyiqli (6,0 atmosfer) yerüstü magistral qaz kəmərinin keçən hissəsindən kəmərdən 0,9 – 3,6 metr, fərdi yaşayış evi isə 7-8 metrlik məsafədə yerləşdiyi müəyyən edilmişdiir. Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2021-ci il tarixli 10/1556 №li ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən iş materiallarında olan torpağın plan sxemi nəzərə alınmaqla Sumqayıt şəhərinin Yaşma bağları ərazisində yerləşən “Sintez” kollektiv bağçılıq yoldaşlıq tərəfindən cavabdehin istifadəsinə verilmiş Sumqayıt şəhəri, Yaşma bağları massivi ərazisində sahəsi 1:2000 miqyasında yerquruluşu xəritəsində 169 saylı, 30m x 20m ölçüsündə bağ sahəsinin naturada faktiki vəziyyəti müəyyən edilərkən məlum oldu ki, sxemə əsasən həmin ərazi 168 saylı bağ torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh Cəlil oğlunun istifadəsində olan “Sintez” kollektiv bağçılıq yoldaşlıq tərəfindən verilmiş Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində inşa edilmiş daş hasar və metal çəpər “Sumqayıt – Yaşma” yüksən təzyiqli (6,0 atmosfer) yerüstü magistral qaz kəmərinin keçən hissəsindən kəmərdən 0,9 – 3,6 metr, fərdi yaşayış evi isə 7-8 metrlik məsafədə yerləşir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Magistral X6 balans və istismarında olan 530 mm diametrli “Sumqayıt-Yaşma” yüksək təzyiqli (6 atm) magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma bağlar massivi adlanan ərazisindən keçən hissəsində Cavabdeh Cəlil oğlu tərəfindən inşa edilmiş tikili 7-8 metr məsafədə yerləşdiyindən həmin tikili qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində göstərilən 50 metrlik mühafizə zonasının daxilinə düşdüyü müəyyən edilir. Həmin tikilidə cavabdehin və hər hansı bir şəxsin yaşaması onların həyatı üçün real təhlükədir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. (Mülki Məcəllənin 180.1., 180.4. maddələri). Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər (Mülki Məcəllənin 240.1. maddəsi). Həmin Məcəllənin 240.3-cü maddəsinə əsasən mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri olmadığından, magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh Cəlil oğlundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 400 (dörd yüz) manat "xxxx" MMC-nin hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. “Qaz İxrac” İdarəsi, Abşeron Magistral X6 balans və istismarında olan 530 mm diametrli “Sumqayıt-Yaşma” yüksək təzyiqli (6 atm) magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma bağlar massivi adlanan ərazisindən keçən hissəsində, kəmərin mühafizə zonasında Cavabdeh Cəlil oğlu tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayın evinin onun hesabına sökülsün. Cavabdeh Cəlil oğlundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 400 (dörd yüz) manat "xxxx" MMCnin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-45/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-45/2021
25.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver