Məhkəmə qərarları › İş №2(105)-452/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-452/2024

08.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-452/2024 08.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, Cavabdeh2 ASC-nin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Təvəkkül oğluna və Cavabdeh2 ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərinə qoyulmuş yüklülüyün götürülməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(060)-5266/2023 nömrəli qətnaməsindən Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Təvəkkül oğluna və Cavabdeh2 ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərinə qoyulmuş yüklülüyün götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Təvəkkül oğlu ilə Cavabdeh2 ASC arasında xx.xx.2022-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evinin ipoteka ilə yüklü edilməsinə dair bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərinə bank tərəfindən qoyulmuş yüklülüyün ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır, belə ki, aralarında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. Birgə nikahdan 3 azyaşlı övladları vardır. Cavabdehlə birgə nikah dövründə Bakı şəhər 48 saylı notariat kontorunun xüsusi notariusunda rəsmiləşdirilmiş xx.xx.2015-ci il tarixli 4G-12 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhər Binəqədi rayonu Novxanı kəndində 817b saylı bağ evini almış və həmin əmlak üzərində cavabdehin mülkiyyət hüquqları AR DK ƏM DƏDRX - də qeydə alınmış və adına çıxarış verilmişdir. Qeyd edilən bağ evi onların birgə nikah dövründə əldə etdikləri əmlak olduğu üçün həmin əmlakın aralarında bölünməsi və payların müəyyən olunması barədə məhkəmədə iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-44368/2022 saylı qətnaməsinə əsasən bu əmlak üzərində hər birinin payı 1/2 hissədə müəyyən olunmuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin icra prosesində ona məlum olmuşdur ki, Cavabdeh1 evin birgə nikah dövründə əldə edilmiş əmlak olmasına baxmayaraq onun razılığı olmadan Cavabdeh2 ASC-də ipoteka ilə yüklü etdirmişdir. Halbuki xx.xx.2022-ci il tarixli qətnamə əsasında bu əmlak üzərində hər birinin payı 1/2 hissədə müəyyən olunmuşdur, digər tərəfdən hətta paylar müəyyən edilməsəydi belə, bu əmlak onların birgə nikah dövründə əldə etdikləri əmlak olduğu üçün bankın onun yazılı razılığı olmadan onu ipoteka ilə yüklü etdirməyə səlahiyyəti olmamışdır. Çünki əmlak onların birgə nikah dövründə əldə edilmiş əmlakdır. Cavabdeh həmin əmlakı ipoteka ilə yüklü etdirdiyi üçün o, öz payına uyğun çıxarışı da DƏDRX-dən ala bilməmiş, qətnamə icrasız qalmışdır. Belə hesab edir ki, ipoteka müqaviləsi onun bir mülkiyyətçi kimi hüquqlarının pozulması ilə bağlanmışdır, ona görə də həmin müqavilə etibarsız hesab edilməli və əmlak üzərinə qoyulmuş yüklülük götürülməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(060)-5266/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evinə dair bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlakın ipoteka ilə yüklülükdən azad edilməsi, Cavabdeh1 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan Cavabdeh2 ASC apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(060)-5266/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflərindən Sumqayıt Şəhər Məhkəməsinə etiraz təqdim edilərək, vurğulanmışdır ki, Cavabdeh1 ipoteka müqaviləsinin rəsmiləşdirilməsi zamanı xx.xx.2022-ci il tarixli AZ-İİ № 490623 saylı nikah haqqında şəhadətnaməni təqdim etmiş, həmin şəhadətnaməyə əsasən, onun həyat yoldaşı X11 əmlakın ipoteka qoyulmasına dair notarial təsdiqli xx.xx.2022-ci il tarixli 8İ-4130 nömrəli razılıq ərizəsi vermişdir. Göründüyü kimi, notariat ofisi qanunla müəyyən olunmuş sənədlərin siyahısını cavabdehdən tələb etmiş və Cavabdeh1 təqdim etdiyi sənədlərə uyğun olaraq ipoteka müqaviləsini notarial qaydada rəsmiləşdirmişdir. Etirazda həmçinin qeyd etmişlər ki, mövcud qanunvericilikdə ipoteka saxlayanın üzərinə ipoteka qoyanın keçmişdə olan ailə vəziyyəti barədə məlumatların tələb olunması vəzifəsi qoyulmamışdır. Bundan əlavə etirazda tərəflərindən qeyd edilmişdir ki, ipoteka hüququ müqavilə üzrə yaranır, ipoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Beləliklə, ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. Hazırkı ipoteka müqaviləsi üçtərəfli müqavilədir. Müqaviləni borcalan, ipoteka qoyan və ipoteka saxlayan (hazırkı halda "xxxx" ASC) imzalamışdır. İddiaçının təqdim etdiyi məlumatlara əsasən mübahisələndirilən ipoteka müqaviləsinin predmeti olan əmlaka Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında İddiaçı və Cavabdeh1 payları müəyyən olunmuşdur. Bundan 15 gün sonra isə qeyd edilən əmlak Cavabdeh1 tərəfindən Banka ipoteka qoyulmuşdur. Bu məsələdə məhkəmənin diqqət yetirməli olduğu iki əsas məsələ vardır. Əvvəla məlum olduğu kimi Bank müqavilənin vicdanlı tərəfidir. Çünki müqavilə bağlanan anda bu əmlakın cavabdehlə iddiaçının birgə mülkiyyətində olması faktı Banka məlum olmamış, Bank bilərəkdən bu əmlakı borcalanın kredit öhdəliklərin təminatı kimi ipotekaya qəbul etməmişdir. Bank vicdanlı tərəf olmaqla, iddiaçının heç bir hüququnu pozmamış, eləcə də qanunvericliyin tələblərinə əməl etməklə müqaviləni bağlamışdır. Əgər əmlak müqavilə bağlanan zaman nikahda olan şəxslərdən birinin (birgə mülkiyyətçinin) razılığı olmadan ipoteka qoyulmuş olsa idi, o zaman ipoteka müqaviləsinin etibarsızlığından söhbət gedə bilərdi. Artıq nikahı pozulmuş şəxslərdən birinin adına qeydiyyatda olan əmlakın satılmasına və vicdanlı alıcı tərəfindən alınması zamanı birgə mülkiyyətçi olmuş şəxsin bu cür tələb hüququ öz əhəmiyyətini, məhz əmlak satıldığı anda onlar nikahda olmadığı üçün itirmiş hesab edilir. Bu məsələni etirazda vurğulamaqlarına baxmayaraq, məhkəmə bunlara əhəmiyyət verməmişdir. Buna görə bu fakt araşdırılaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Hər iki qərarda diqqəti “vicdanlı alıcı”nın üzərində cəmləşdirməklə, Konstitusiya Məhkəıməsi alıcının vicdanlı olması faktının iddianın təmin edilib-edilməməsində həlledici rola malik olması, yəni vicdanlı olduğu halda müqavilənin etibarsızlığına dair iddianın rədd edilməli olmasını xüsusi olaraq vurğulamışdır. Bundan əlavə olaraq daşınmaz əmlakın dövlət resyestrində mülkiyyətçi Cavabdeh1 mükiyyət hüququnun, Bankın isə ipotekaya dair məhdud əşya hüququnun həqiqliyi və tamlığı prezumpsiyası, mübahisələndirilən ipoteka müqaviləsinin hüquqi cəhətdən düzgün bağlanmış olmasını deməyə əsas verir. Belə ki, AR Konstitusiya Məhkəməsi Plenumunun “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013-cü il tarixli qərarında qeyd edilir ki, “...MM-in 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir..”. Banka ipoteka qoyulmuş əmlak iddiaçı və cavabdehin nikahda olduqları dövrdə alınmış olsa da, sonradan nikahları pozulduğu üçün əmlak ipoteka qoyularkən mülkiyyətçi Cavabdeh1 hüquqi olaraq başqa şəxslə nikahda olmuş və ipoteka müqaviləsi bağlanan zaman mülkiyyətçinin arvadının əmlakın ipoteka qoyulmasına dair razılığı alınmışdır. Heç bir qanunvericlik aktında mülkiyyətçinin subaylıq faktının müəyyən edilməsi üçün vətəndaş vəziyyəti aktlarının qeydiyyatına dair arayış və ya oxşar sənəd əldə edilməsi tələbi yoxdur. Bankın vicdalı tərəf olduğunu,əmlak üzərində ər və arvadın paylarının müəyyən edildiyini bilmədiyi, eləcə də ipoteka müqaviləsi bağlanan zaman mülkiyyətçinin ailə vəziyyəti müəyyən edilərək, müqavilə bağlanan tarixə nikahda olan şəxsin razılığının alınmış olmasını əsas götürərək, hesab edirlər ki, iddia tələbi ümumilikdə əsassızdır və təmin oluna bilməz. Lakin bütün bunları bir tərəfə qoyub, düşünsələr ki, xx.xx.2022-ci il tarixdə artıq əmlak məhkəmə qətnaməsinə əsasən bölünmüş (paylar müəyyən edilmiş) vəziyyətdə idi və bu qətnamə qüvvəyə minməsə belə, faktiki olaraq (eyni zamanda hüquqi olaraq) bu əmlak üzərində hər bir tərəfin payını müəyyən etmişdir, o zaman iddiaçı tərəfindən keçmiş ərinin (Cavabdeh1) mülkiyyətində olan paya verdiyi sərəncamı mübahisələndirməsi əsassızdır. Çünki, artıq paylar bəlli olduğu üçün əmlak ½ hissə üzrə iddiaçının və cavabdehin mülkiyyətindədir. Əmlakın ipoteka qoyulması zamanı Cavabdeh1 səlahiyyət həddini aşaraq, öz payı ilə yanaşı keçmiş arvadının payını da ipoteka qoyduğu üçün, arvadı (hazırkı iddia üzrə iddiaçı) yalnız öz payının Cavabdeh1 tərəfindən ipoteka qoyulmasını mübahisələndirə bilər. Belə ki, hər bir payçının öz payının üzərində sərəncam hüququ vardır və iddiaçı yalnız özünə düşən hissəni mübahisələndirə, ipoteka müqaviləsinin hissəvi etibarsızlığı tələbini irəli sürə bilər, digər (Cavabdeh1 özünə aid) payın mülkiyyətçinin özü tərəfindən ipoteka qoyulmasını hüquqi olaraq mübahisələndirə bilməz. Göründüyü kimi iddiaçı subyektivlik hüququnu aşaraq, ipoteka müqaviləsinin bütövlükdə etibarsız hesab edilməsi tələbini qaldırmışdır. Buna görə hesab edirlər ki, iddiaçının yalnız özünə dair payın ipotekadan azad edilməsi və ipoteka müqaviləsinin öz payına münasibətdə hissəvi etibarsız hesab edilməsi tələbini irəli sürməyə subyektiv hüququ vardır, payın Cavabdeh1 mülkiyyətində olan hissəsinə verdiyi sərəncamı mübahisələndirməyə və ipoteka müqaviləsinin bütövlükdə etibarsız hesab edilməsinə dair subyekti hüququ yoxdur. Bu faktları məhkəməyə təqdim etdikləri etirazda ətraflı şəkildə əsaslandırsalar da, məhkəmə bu qeyd edilən məsələləri hüquqi baxımdan təhlil etməmiş və qiymət verməmişdir. Məhkəmənin ilk vəzifəsi qaldırılmış iddia tələbinə dair iddiaçının subyektiv hüququnun olub-olmamasının müəyyənləşdirməkdən ibarətdir. Onlar təbii ki, bütünlüklə iddia tələbini qəbul etmir, onun əsassız olduğunu vurğulamaqla yanaşı, hətta iddiaçı haqlı olmuş olsaydı belə, yenə də bu tələbi yalnız özünün payına münasibətdə ipoteka müqaviləsinin hissəvi etibarsız hesab edilməsinə dair subyektiv hüququnun olması fikrində qəti mövqeləri vardır. Təqdim etdikləri etirazda iddaçının Cavabdeh1 ½ hissədə payına sərəncam verilməsinə müdaxilə hüququnun olmamasını, bu baxımdan da onun bütünlükdə müqavilənin etibarsız hesab edilməsinə subyektiv hüququnun olmadığını dəfələrlə vurğulamaqlarına baxmayaraq, məhkəmə bu fakta düzgün qiymət verməmişdir. Digər əsas məsələ isə bundan ibarətdir ki, əgər iddiaçının ərizədə qeyd etdikləri həqiqətən keçərli olarsa, o zaman belə çıxır ki, ipoteka qoyan əmlakın keçmiş arvadı ilə aralarında bölündüyünü bilə - bilə (məhkəmə prosesində iştirak etdiyi üçün məlumatlıdır), qəsdən onu banka ipoteka qoymuş, əmlakın dəyəri həddində krediti götürməklə sanki əmlakdan canını qurtarmağa çalışmışdır. Bu isə konkret olaraq bankı aldatma, bankın əmlakını (krediti) aldatma yolu ilə ələ keçirmə formasında cinayət hüquqi pozuntu yaradır. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin vəkili və eyni zamanda onlar tərəfindən bu məsələ dəfələrlə vurğulanmasına baxmayaraq məhkəmə bu məsələyə də hüquqi qiymət verməmişdir. Hesab edirlər ki, bu əmlakın təminat qoyulması hesabına verilmiş kredit Banka qaytarılmadan müqavilənin etibarsızlığına dair iddia təmin edilə bilməz. Kreditin məhz bu əmlakın ipoteka qoyulması hesabına verildiyini nəzərə alaraq, müqavilə etibarsız hesab edilərsə, bununla eyni zamanda (eyni vaxtda) kredit vəsaiti də dərhal banka qaytarılmalıdır. Əks halda bu kredit təminatsız qalacaqdır və X22 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi” qaydalarının tələblərinə uyğun olaraq 100% ehtiyat yaratmalı olacaqdır. Bu isə bankın mənafeyinə zərər vurmaqla, ciddi itki yaradır. Buna görə də hesab edirlər ki, bu cür tələbin təmin edilməsi qanuni və ədalətli ola bilməzdi. Lakin Məhkəmə bankın vicdanlı tərəf olmasını, müqavilə etibarsız hesab edildikdə ehtiyat yaratmaq məcburiyyətindən dolayı zərərə düşəcəyini nəzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi X14 izahatında bildirdi ki, iddiaçının payına münasibətdə əmlakın ipotekadan azad olunması ilə razılaşırlar, buna görə də apellyasiya şikayətinin qismən təmin edilməsinə etiraz etmirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər Cavabdeh1 Təvəkkül oğlu heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 1 ünvanlayaraq məhkəmə prosesində iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh1 Təvəkkül oğlunun və 3-cü şəxs Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 10 iyul 2023-cü il tarixli məktubundan görünür ki, respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən hazırda Bakı şəhəri 48 saylı notariat kontorunun xüsusi notariusunun 1 aprel 2015-ci il tarixli 4Ə-12 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən bağ evi üzərində 14 aprel 2015-ci tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə (təvəllüdü: xx.xx.1982-ci il) Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əmlak Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklüdür. ünvan 3 ünvanında yerləşən 73 nömrəli mənzil üzərində 2 mart 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə (təvəllüdü: xx.xx.1982-ci il) Cavabdeh1 ½ hissə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 5753/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında Sumqayıt nikah evində xx.xx.2008-ci il tarixdə bağlanmış, 418 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalmaları, 18 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2011 -ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X15iunun yetkinlik yaşına çatana qədər saxlanması sabit pul məbləğində hər ay hər uşağa görə 150 manat ümumilikdə 450 manat miqdarında alimentin Cavabdeh1 tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 4368/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbinin təmin edilməsi, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evi üzərində payların 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh1 olmaqla müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixli L000539 saylı kredit limiti müqaviləsi üzrə borclu X7 bank qarşısında öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evini Cavabdeh2 ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 490623 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X16 xx.xx.2022-ci il tarixdə Sumqayıt “Asan xidmət mərkəzi” Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 639 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Mamedova soyadı verilmişdir. İşdə olan **********130 saylı ərizənin surətindən görünür ki, X1 Elçin Təvəkül oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evinin Cavabdeh2 ASC-yə ipoteka (girov) qoyulmasına etiraz etməmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evində qeydiyyatda heç bir şəxs yoxdur. İşdə olan xx.xx.2022-ci il tarixli L000539 saylı kredit limiti müqaviləsindən görünür ki, Cavabdeh2 ASC-nin Sumqayıt filialı tərəfindən X10 ******* manat məbləğində kredit limiti ayrılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(060)-4368/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evi üzərində İddiaçı və Cavabdeh1 hər birinin 1/2 hissədə olmaqla payı müəyyən olunmuşdur. Bundan 15 gün sonra, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 xx.xx.2022-ci il tarixli L000539 saylı kredit limiti müqaviləsi üzrə borclu X7 bank qarşısında öhdəliklərinin icrasının təminatı kimi həmin bağ evini Cavabdeh2 ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İddiaçı həmin müqavilənin etibarsız hesab edilməsi və əmlak üzərinə bank tərəfindən qoyulmuş yüklülüyün ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, mübahisələndirilən müqavilənin bağlanması iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Belə ki, hal-hazırda iddiaçının mübahisəli bağ evinin ½ hissəsinə mülkiyyət hüququnun tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Mübahisələndirilən ipoteka müqaviləsi bağlanan zaman sözügedən qətnamə qanuni qüvvəsini almasa da, cavabdeh E.Məmmədov belə bir qətnamənin mövcudluğundan xəbərdar olmuş, lakin buna baxmayaraq həmin əmlakı iddiaçı G.Məmmədovanın razılığı olmadan ipoteka ilə yüklü etdirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh E.Məmmədov Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evinə ½ hissədə mülkiyyət hüququ olan G.Məmmədovanın razılığı olmadan həmin əmlakı ipoteka ilə yüklü etdirməklə mülki və ailə qanunvericiliyinin tələblərini pozmuşdur. Bu səbəbdən iddia tələbi təmin edilməli, həmin müqavilə etibarsız hesab edilməli və əmlak yüklülükdən azad edilməlidir Birinci instansiya məhkəməsi qərarında bankın ipoteka müqaviləsinin yalnız əmlakın ½ hissəsinə münasibətdə etibarsız sayılmalı olması ilə bağlı dəlilləri ilə əlaqədar isə qeyd etmişdir ki, AR Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hər bir halda mübahisəli ipoteka müqaviləsinin bağlanması üçün paylı mülkiyyətçi kimi iddiaçının razılığı tələb olunduğundan müqavilənin qismən (bağ evinin ½ hissəsinə münasibətdə) etibarsız hesab edilməli olması barədə cavabdeh bankın etirazının dəlilləri də əsassızdır. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd edilənlərdən də müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evi ½ pay hüququ olmaqla iddiaçı Mamedova Gülçad və Cavabdeh1 birgə mülkiyyətindədir. Buna görə də Cavabdeh1 banka əmlakı ipotekeya qoyarkən iddiaçının da razılığı alınmalı idi. Cavabdeh2 ASC-nin apellyasiya şikayətində qeyd etdiyi vicdanlı alıcı olmasına dair dəlili əsaslı deyil. Belə ki, onun vicdanlı alıcı olması müqavilənin etibarlı olmasına əsas vermir. Lakin müqavilə üzrə Cavabdeh1 həmin müqavilənin etibarsız olduğunu bildiyindən dəymiş ziyanın əvəzi ondan tələb edilə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(060)-5266/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar